Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Dünya Bankı ilə əlaqələri

Dünya Bankı qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri.

1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var.

Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir.

Ayrı-ayrı ölkələrdə sabit və davamlı inkişafa nail olmaq üçün Dünya Bankı öz maliyyə resurslarından, yüksək ixtisaslı kadrlarından və biliklər bazasından istifadə edir.

Bank yaradılarkən ilkin məqsədi İkinci dünya müharibəsində dağıntılara məruz qalmış ölkələrdə yenidənqurma işlərinin həyata keçirilməsi və maliyyələşdirilməsi olmuşdur. Bu bankı digər banklardan fərqləndirən bir çox xüsusiyyətlər var. Bu bankda heç bir kəs hesab aça bilməz. Bu bankın müştəriləri yalnız dövlətlərdir. Dünya Bankı dünya iqtisadiyyatının və bir çox digər sosial-mədəni sahələrin inkişaf etdirilməsində əvəzsiz rola malikdir. Adından məlum olduğu kimi Dünya Bankı dünyanın əsas mərkəzi bankıdır. Belə ki, Dünya Bankı dünya ölkərinin bank sektorunu tənzimləyir, yəni o bankları vaxtaşırı məlumatlarla və öz məsləhətləri ilə təmin edir. Dünya Bankı fəaliyyətinin əsas istiqaməti iqtisadi keçid dövründə olan inkişaf etməkdə olan ölkələrə və yoxsul ölkələrə kreditlər vasitəsilə yardım etmək və yoxsulluğun səviyyəsini azaltmaq, həmçinin üzv dövlətlərin inkişafını təmin etməkdir.

Dünya Bankı Birləşmiş Millətlər Təşkilatının (BMT) pul-kredit və maliyyə konfransı olan Bretton Vuds (Bretton Woods) razılaşması nəticəsində yaradılıb. Bu razılaşma 1944-cü ilin iyul ayında baş tutmuşdur və bununla da Dünya Bankı yaradılmışdır. Bankın yaradılmasında məqsəd İkinci dünya müharibəsində zərər çəkmiş Avropa ölkələrinə yardım göstərmək olmuşdur. İki il sonra bank özünün ilk kreditini 250 mln doll. olmaqla Fransaya müharibəsonrası yenidənqurma işləri üçün ayırmışdır. Bu təşkilatın rəsmi adı: Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı idi. Bank öz işinə başlayarkən cəmi 38 üzvü var idi. Lakin, 50-60-cı illərdə dünyada yeni dövlətlərin sayının artması ilə, onun üzvlərinin sayı əhəmiyyətli dərəcədə artdı. Məlum olduğu kimi, 1923-1933-cü illərdə baş verən dünya iqtisadi böhranı, dünya valyuta sisteminin stabilliyini məhv etdi.Buna görə də dünyada yeni valyuta sisteminin yaranmasına ehtiyac var idi.Bu ehtiyacı qarşılamaq üçün 1944-cü ildə Amerika Birləşmiş Ştatlarında Bretton Vuds (Bretton Woods) konfransı keçirildi.Bu konfransda qəbul edilmiş qərarlar, dövlətlər arasında valyuta-maliyyə və kredit münasibətlərinin və ticarət təşkilatının qaydalarını müəyyən etdi.Beləliklə, dünya valyuta sisteminin yeni forması – Bretton Vuds sistemi yarandı. Bretton Vuds konfransında iki müqavilə imzalanmışdır:

• Beynəlxalq Valyuta Fondu (BVF) haqqında müqavilə

• Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Dünya Bankı) haqqında müqavilə

Bretton Vuds sistemi, dolların dünya ehtiyat valyutasına çevrilməsi demək idi. Bu da ona gətirib çixardı ki, dünya iqtisadiyyatında ABŞ-ın rolu aparıcı oldu. Bretton Vuds sisteminin ən önəmli cəhətlərindən biri odur ki, müharibə nəticəsində dağıdılmış beynəlxalq təsərrüfat əlaqələri, istehsal və ticarət bərpa olundu.

Bildiyimiz kimi Dünya Bankı ilk əvvəl Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı adı ilə yaranmışdır. Terminoloji mənada Dünya Bankı dedikdə "Beynəlxalq İnkişaf Assosiasiyası" və "Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı" nəzərdə tutulur..Ancaq Dünya Bankının fəaliyyət sahəsi geniş olduğundan adları çəkilən 2 qurum bankın fəaliyyətini tam həcmdə həyata keçirməyə bəs eləmir.Əlavə 3 qurum yəni: Beynəlxalq Maliyyə Korporasiyası, İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik, İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz yuxarıda qeyd olunan 2 qurumla birgə Dünya Bankı ailəsini yəni, Dünya Bankı Qrupunu əmələ gətirir. Dünya Bankı Qrupunu dedikdə aşağıdakı qurumlar nəzərdə tutulur:

1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB)

2. Beynəlxalq İnkişaf Assosiasiyası (BİA)

3. Beynəlxalq Maliyyə Korporasiyası (BMK)

4. İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA)

5. İnvestisiya Mübahisələrinin Həlli üzrə Beynəlxalq Mərkəz (İMHBM)

Dünya Bankı anlayışı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq İnkişaf Assosiasiyası qurumları ilə yekunlaşır. Belə ki yuxarıda adları çəkilən 5 qurum birlikdə yeni bir anlayışı, yəni Dünya Bankı Qrupunu təşkil edirlər. Dünya Bankı Qrupu (DBQ) tərkibindəki 5 qurumla yoxsulluğun azaldılması və dünya iqtisadiyyatının inkişafının qarantıdır. DBQ 185 ölkənin üzv olduğu nəhəng iqtisadi təşkilatdır.

Dünya Bankı ( BYİB və BİA) fəaliyyətini inkişaf etməkdə olan ölkələrdə (İEOÖ) əsasən aşağıdakı sahələrə yönəldib:

• İnsani inkişaf (məs. təhsil, sağlamlıq)

• Kənd təsərrüfatı və kəndlərin inkişafı (məs. irriqasiya, kəndlərə gostərilən xidmətlər)

• Ətraf mühitin qorunması (məs. çirklənmənin azaldılması)

• İnfrastruktur (məs. yollar, şəhərlərin artması, elektrik təchizatı)

• İdarəetmə (məs. anti-korrupsiya, qanuni institutların inkişaf etdirilməsi)

Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (BYİB) və Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) üzv ölkələrə uyğun normalarla kredit verməklə yanaşı, kasıb ölkələrə də qrantlar ayırır.Xüsusi layihələr üçün ayırılmış kreditlər və qrantlar cox vaxt müəyyən sektorlarda və eləcə də iqtisadiyyatda yeni və daha böyük dəyişikliklərlə əlaqələndirilir.Məsələn, sahilboyu ərazilərdə ekoloji sabitliyi qorumaq üçün ayırılmış kreditlər yeni ekoloji təşkilatların yaraması ilə bərabər, çirklənmənin qarşısını almaq üçün yeni üsulların tapılması ilə də nəticələnir.

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) və İnvestisiya Təminatı üzrə Çoxtərəfli Agentlik (İTÇA) isə özəl sektora investisiya daxil edir və bu investisiyaların təminatçısı rolunu oynayır.

Yuxarıda qeyd edildiyi kimi , Dünya Bankı Qrupu BMT-in ixtisaslaşmış qurumlarından biridir və onun 185 üzvü vardır.Təşkilatın baş qərargahı Vaşinqtonda yerləşir.Ənənəyə uyğun olaraq , Dünya Bankının Prezidenti ən iri səhmdar ölkənin vətəndaşı olmalıdır.Prezident 5 illik müddətə seçilir və nəzarəti həyata keçirir.

Dünya Bankı ilə Azərbaycan Respublikası 1992-ci ildən əməkdaşlıq edir. Lakin bu münasibətlər 1995-ci ilin 14 sentyabrında qurumun vitse-prezidenti Vilfrid Talvitsin Bakıya səfərindən sonra daha da genişlənməyə başlayıb. Səfər zamanı Azərbaycan hökuməti ilə Ümumdünya Bankı arasında ikitərəfli münasibətlərə dair danışıqlar aparılıb və vacib sənədlər imzalanıb. Bakıda öz ofisini açan bankın nümayəndəliyi Azərbaycan hökuməti ilə birgə konkret kredit layihələrinin həyata keçirilməsinə başlayıb.

BMT-nin ixtisaslaşmış təşkilatlarından olan Dünya Bankı Qrupuna aşağıdakı maliyyə institutları aiddir: Dünya Bankı, Beynəlxalq İnkişaf Assosiasiyası, Çoxtərəfli Sərmayə Qoyuluşunu Sığortalayan Agentlik və Beynəlxalq Maliyyə Korporasiyası. Azərbaycan Respublikası adları qeyd edilən bu beynəlxalq qurumların hamısının üzvüdür. Azərbaycan 1992-ci ilin sentyabrında Dünya Bankına (DB-WB) və Çoxtərəfli Sərmayə Qoyuluşunu Sığortalayan Agentliyə (ÇSSA - MIGA), 1995-ci ilin mart ayında isə Beynəlxalq İnkişaf Assosiasiyasına (BİA - İDA) və Beynəlxalq Maliyyə Korporasiyasına (BMŞ - İFC) üzv qəbul olunub.

DB-nin Azərbaycanda əsas məqsədi bazar iqtisadiyyatına keçid dövründə ölkənin sosial-iqtisadi inkişafına nail olmaq üçün həm investisiya axını, həm də dövlət büdcəsinin maliyyələşdirilməsi üzrə tövsiyələr vermək və bu cür yardımın koordinasiyasını aparmaqdan ibarət olub. Xüsusilə DB neft ehtiyatlarını məqsədli idarə etmək üçün, dövlətin institusional imkanlarını artırmaq məqsədilə Azərbaycan hökuməti ilə işləyir.

Azərbaycanda Birinci Struktur İslahatlar Krediti (SAC 1) 1997-ci ildə təsdiq edilib və özündə ticarətin liberallaşdırılması, özəlləşdirmə, qanunvericilik və bank işi sahələrində islahatları cəmləşdirib. Həmçinin, SAC 1 çərçivəsində həmin dövrdə Rusiyada yaranan maliyyə böhranı zamanı Azərbaycanın əlverişsiz iqtisadi təsirdən qorunması üçün 7 milyon ABŞ dolları ayrılıb.

DB tərəfindən Azərbaycan üçün hazırlanan iqtisadi islahat proqramında struktur islahatların tezləşdirilməsinə yardım məqsədilə İkinci Struktur İslahatlar Krediti (SAC 2) 12 mart 2002-ci ildə təsdiq edilib və bunun üçün 60 milyon ABŞ dolları ayrılıb. SAC 2-də dövlətin maliyyə durumunun yaxşılaşdırılması, yoxsulluğun azaldılması, iqtisadi inkişafın tezləşdirilməsi üçün dövlətin sərf etdiyi xərclərin səmərəli istifadə olunması, yerli və xarici müəssisələr və xarici investisiyalar üçün iqtisadi mühitin yaxşılaşdırılması, faydalı islahatların həyata keçirilməsi, ölkədə fasiləsiz elektriklə təminat mexanizminin yaradılması, buxarla isitmə sisteminin və təmiz su ilə əhalinin təmin olunması nəzərdə tutulur.

Azərbaycan Prezidenti Heydər Əliyev Dünya Bankının Azərbaycan, Ermənistan ‎və Gürcüstan üzrə direktoru xanım Cudi O'Konnoru 4 mart və 8 iyul 2000-ci ildə və 18 yanvar 2001-ci ildə Bakıda qəbul edərək ölkədə gedən iqtisadi islahatlar haqqında fikir mübadiləsi aparıb. Bu görüşlərdə adətən məqsəd bankın nümayəndəsinin ‎Azərbaycanın baş naziri və hökumətin digər üzvləri ilə apardığı danışıqlar, Azərbaycana ayrılması ‎planlaşdırılan maliyyə vəsaitləri haqqında dövlət başçısına məlumat vermək və Azərbaycan prezidentinin ‎bu məsələlərlə bağlı mövqeyini öyrənməkdən ibarət olub.‎

31 dekabr 2005-ci ilə qədər Dünya Bankının (Beynəlxalq İnkişaf Assosiasiyasının xətti ilə) Azərbaycana ayırdığı maliyyə və texniki yardımlar aşağıdakı sahələrə yönəldilib: Bakının su təchizatının rekonstruksiyası, ətraf mühitin qorunması, mədəniyyət irsinin qorunması, kənd təsərrüfatının yeni əsaslar üzrə inkişafı, irriqasiya-drenaj sisiteminin təkmilləşdirilməsi, ölkədə ümumi nəqliyyat infrastrukturunun yeniləşdirilməsi, maliyyə sektorunun inkişafı üzrə texniki yardım, səhiyyə sektorunun inkişafı, institusional islahatlar üzrə texniki yardım, təhsil sektorunun inkişafı layihələri.

Dünya Bankı 2005-ci ilin mayında imzalanan bəyannaməyə əsasən Azərbaycan hökuməti, Asiya İnkişaf Bankı (AsİB), Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Valyuta Fondu (BVF) və BMT İnkişaf Proqramı (BMTİP) ilə birlikdə "Azərbaycanda Minilliyin İnkişaf Məqsədlərinə nail olmaq üçün 2015-ci ilə qədər Yoxsulluğun Azaldılması və Davamlı İnkişaf üzrə Uzunmüddətli Strategiya" adlı proqramın həyata keçirilməsinə başlayıb. Bu proqram çərçivəsində DB Azərbaycanda on il ərzində özünün həyata keçirəcəyi işləri müəyyənləşdirib.

Dünya Bankı BMT çərçivəsində fəaliyyət göstərən ən iri maliyyə institutu kimi maliyyə yardımı göstərdiyi ölkələr haqqında hər il həmin ölkələrin illik iqtisadi inkişafına dair hesabat kitabı hazırlayaraq ‎bütün dünyada yayır. İri sahibkarların, investisiya qabiliyyətli böyük şirkət rəhbərlərinin diqqətlə izlədikləri bu hesabat kitabları müsbət iqtisadi göstəricilərə malik ölkələrə bir qayda olaraq xarici ‎investisiyalar və yeni texnologiyaların axını üçün stimullaşdırıcı təsir göstərir.

2008-cü ilin sentyabrında DB dünya ölkələri üzrə yuxarıda qeyd olunan məsələlərin təhlilinə həsr edilən hesabatını açıqlayıb. Həmin iqtisadi qurumun struktur vahidi olan Beynəlxalq Maliyyə Korporasiyasının "Doing Business - 2009" hesabatında biznes mühitində islahatların keçirilməsi üzrə Azərbaycan Respublikası 181 ölkə arasında 33-cü olub. 2007-ci ildə isə hazırlanan hesabatda Azərbaycan 178 ölkə arasında 96-cı yeri tutub. İqtisadi islahatlar üçün qısa müddət hesab edilən bu dövrdə Azərbaycan işgüzar mühitinin əlverişliliyi baxımından dünyada qabaqcıl ölkələr sırasına daxil ola bilib. DB-nin yeni hesabatında Azərbaycan Respublikası dünyada ən islahatçı ölkə elan edilib.

Bu cür nəticənin əldə edilməsində 2008-ci ilin yanvarından etibarən Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə sahibkarlıq subyektlərinin vahid qeydiyyat orqanı kimi Vergilər Nazirliyinin müəyyən edilməsi və "bir pəncərə" metodunun tətbiqi xüsusi rol oynayıb. Bu vaxta qədər yeni hüquqi və fiziki şəxsin ölkədə rəsmi dövlət qeydiyyatına düşməsi bir ay çəkirdisə, 2008-ci il yanvarın 1-dən bunun 3 gün ərzində icra edilməsi təmin olundu. "Doing Business - 2009" hesabatında bu bənd birinci araşdırılıb və Azərbaycan keçən ilki 64-cü yerdən 13-cü yerə yüksəlib. Həmçinin hesabatda "bir pəncərə" qeydiyyat sisteminin tətbiqi dövlətin korrupsiyaya qarşı mübarizə istiqamətində atdığı zəruri addımlardan biri kimi qiymətləndirilib. Beləliklə, Azərbaycanda yeni iş qurmaq, sahibkarlıq fəaliyyətinə başlamaq istəyənlər heç bir maneəsiz qısa müddət ərzində bizneslərini qeydiyyatdan keçirə bilirlər.

Hesabatda həmçinin ölkədə vətəndaşların əmək hüquqlarının qorunması, şirkətlərin əmlak hüquqlarının qeydiyyatı, bank sisteminin inkişafı və s. parametrlər üzrə Azərbaycanın MDB ölkələri ilə müqayisədə öncül yerdə qərarlaşdığı qeyd edilib. "Doing Business - 2009" hesabatında Azərbaycanın lider ölkələrdən biri qismində göstərilməsi haqqında "Assoşieyted Press", "Kommersant" kimi dünyanın ən nüfuzlu xəbər agentlikləri və mətbu orqanları geniş yazılar dərc edib.

Nəzakət Məmmədova, xüsusi olaraq “Bizim Yol” üçün

Son xəbərlər
Bütün xəbərlər »