Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan – Pakistan əlaqələri

Pakistan Asiyada yerləşən mühüm geosiyasi mövqeyə malik olan ölkə, nüvə dövləti, İslam Əməkdaşlıq Təşkilatının aparıcı üzv ölkələrindən biridir.

Belə bir ölkə ilə tərəfdaşlıq Azərbaycan üççn əhəmiyyətlidir.

Pakistan Azərbaycanın müstəqilliyini Türkiyədən sonra ikinci tanıyan ölkədir. Azərbaycan Respublikasının müstəqilliyi Pakistan tərəfindən 1991-ci il dekabrın 12-də tanınıb. İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin iyun ayının 9-da qurulmuşdur.

Bundan az sonra Bakıda Pakistanın, 1997-ci ilin avqust ayında isə İslamabadda Azərbaycanın daimi nümayəndəliyi açılmışdır.

Pakistan həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələr sırasındadır. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da yaradılıb. 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa Pakistan sədrlik edib. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.

9 aprel 1996-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Pakistanda rəsmi səfərdə olub. İki ölkə arasında münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri Ermənistan-Azərbaycan Dağlı Qarabağ münaqişəsi və Kəşmir problemlərində bir-brilərini dəstəklədiklərini bəyan ediblər.

Pakistan İslam Respublikasının Prezidenti Faruk Əhməd Xan Leqari Azərbaycan Prezidentinin şərəfinə rəsmi ziyafət verib. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev rəsmi ziyafətdə söylədiyi geniş nitqində bildirib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

Səfər çərçivəsində Prezident Heydər Əliyev Pakistanın Baş naziri Bənəzir Buhutto ilə də görüşüb. Prezident Heydər Əliyev və Pakistanın Baş naziri Bənəzir Buhutto iki ölkə arasında sənədləri imzaladıqdan sonra birgə mətbuat konfransı keçiriblər. Prezident Heydər Əliyev mətbuat konfransında - "Kəşmir problemi ilə əlaqədar Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib və bu gün də dəstəkləyir. Bu məsələ Kasablankada İslam Konfransı Təşkilatının toplantısında müzakirə olunarkən cürbəcür fikirlər vardı, ancaq Azərbaycan nümayəndə heyəti və şəxsən mən, Azərbaycan Prezidenti Pakistanın mövqeyini nəinki müdafiə etdik, hətta Kəşmir problemi ilə əlaqədar Hindistanın pislənməsi və Pakistanın dəstəklənməsi haqqında qətnamənin qəbul olunmasında müəllif kimi iştirak etdik"- deyərək, Azərbaycanın Pakistanı dəstəklədiyini bir daha bəyan edib. Aprelin 11-də isə Azərbaycan Prezidentini Pakistan televiziyasına müsahibə verib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev İslam Konfransı Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət başçılarının 9-11 dekabr 1997-ci ildə Tehranda keçirilən VIII zirvə görüşündə iştirak etmək üçün səfərdə olarkən, 1997-ci ilin 10 dekabrında Tehranda Pakistanın baş naziri Nəvaz Şəriflə görüşüb. Görüş zamanı Prezident Heydər Əliyev bir daha bildirib ki, nüfuzlu beynəlxalq təşkilatların toplantılarında Azərbaycan həmişə Pakistanın mövqeyini dəstəkləyib. Baş nazir Nəvaz Şərif də Pakistanın Azərbaycanın haqq işini dəstəklədiyini elan edib və Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyib.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü 2000-ci ilin iyununda Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində baş tutub. Görüş zamanı tərəflər bir-birlərini dəstəklədikləri bildiriblər.

2002-ci ildə Azərbaycan Respublikası Hökuməti və Pakistan İslam Respublikası Hökuməti arasında Müdafiə və Hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

Prezident Heydər Əliyevlə Prezident Pərviz Müşərrəfin növbəti görüşü 2002-ci ildə İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində baş tutub. Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər müzakirə olunub.

2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev də Pakistanla münasibətlərin inkişaf etdirilməsinə diqqətlə yanaşır.

Azərbaycan Respublikasının Baş Naziri İlham Əliyevin hələ 2003-cü il sentyabrın 25-də Pakistan Prezidenti Pərviz Müşərrəf arasında ilk görüş olub. Görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

2004-cü il iyulun 8-də Pakistan İslam Respublikasının Prezidenti Pərviz Müşərrəfin Azərbaycana 3 günlük rəsmi səfəri olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşü zamanı iki ölkə arasındakı münasibətlərin inkişaf perspektivləri müzakirə olunub, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında, beynəlxalq terrorçuluq, turizm, gömrük işi sahəsində hökumətlərarası saziş, həmçinin, Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Birgə Bəyannamə imzalanıb.

Prezident Pərviz Müşərrəf Ermənistanın Azərbaycan torpaqlarını işğalı nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini müdafiə etdiyini qəti şəkildə bildirib. İyulun 9-da Pakistan Prezidenti Heydər Əliyev Fondunu ziyarət edib.

2005-ci il aprelin 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistana 2 günlük rəsmi səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Pakistan Prezidenti Pərviz Müşərrəfin görüşündə ölkələrarası münasibətlər müzakirə olunub, nəqliyyat, informasiya və kommunikasiya, aviasiya, mədəniyyət, maliyyə və təhsil sahəsində 6 əməkdaşlıq sazişi imzalanıb. 3-5 may 2006-cı ildə ECO-nun Bakıda keçirilən 9-cu Sammitində Prezident İlham Əliyev Pakistanın Baş Naziri Şövkət Əzizi qəbul edib.

2008-ci il iyunun 19-da Prezident İlham Əliyev Pakistan Parlamentinin sədri Muhammadmian Sumronun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

2008-ci ilin sentyabrında Pakistanda hakimiyyət dəyişikliyi baş verib. Ölkədə keçirilən prezident seçkilərində Asif Əli Zərdari Pakistanın yeni prezidenti seçilib. O, Pakistanla dost münasibətləri saxlayan dövlətlərlə, o cümlədən, Azərbaycanla bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsində maraqlı olduğunu bəyan edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti seçilməsi münasibətilə Asif Əli Zərdarini təbrik edib.

2008-ci il iyulun 7-də Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Pakistan Senatının xarici əlaqələr daimi komitəsi sədri Müşahid Hüseyn Səidin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Dövlət başçısı Pakistan Senatının xarici əlaqələr daimi komitəsi sədrinin ölkəmizə bu səfərinin həm parlamentlərarası əməkdaşlığın, həm də ikitərəfli münasibətlərimizin daha da dərinləşməsi baxımından əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev 2009-cu il mayın 19-da Pakistan İslam Respublikasının müdafiə sənayesi federal naziri Əbdül Qəyyum Xan Catoyu qəbul edib.

Əhalisi 200 milyondan çox olan Pakistanın iqtisadiyyatı və ÜDM-ü artmaqda davam edir. Bu baxımdan ölkəmiz Azərbaycan üçün də kifayət qədər böyük və mühüm regiondudur. Bu barədə cari il iyulun 4-də İqtisadiyyat Nazirliyinin və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes forumunda Pakistanın Ravalpindi Ticarət və Sənaye Palatasının prezidenti Zahid Lətif Xan bildirib. Onun sözlərinə görə, ölkələrimiz arasında geniş biznes imkanları mövcuddur. Azərbaycanla olan biznes imkanlarını araşdırmaq üçün bu forumda 50-dən çox Pakistan şirkəti iştirak edir. Zahid Lətif Xan əlavə edib ki, ticarət və turizm sahəsində də Azərbaycanla Pakistan arasında böyük potensial var.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »