Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan dilinin tələbləri pozularsa, inzibati cəza tədbirləri görülə bilər" - Açıqlama
Xəbər verdiyimiz kimi Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidenti fərman imzalayıb. Fərmana görə Azərbaycan Respublikasının dövlət dilinin tətbiqinə nəzarət edən, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin edən, dövlət büdcəsindən maliyyələşən “Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi” publik hüquqi şəxs yaradılması nəzərdə tutulub.

Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin inkişafına və saflaşdırılmasına töhvə verə biləcəkmi?

Bununla bağlı Bizimyol.info-ya danışan Azərbaycan Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoylu bildirib ki, Monitorinq Mərkəzinin yaradılması Azərbaycan dilinin saflaşdırılnması və inkişafı yolunda olan bütün problemləri aradan qaldıracaq:

"Bu fərman olduqca böyük əhəmiyyət daşıyır. Düşünürəm ki, müsbət nəticələrini verəcək. Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra dilçilik sahəsində bir çox uğurlarımız olub amma xüsusilə də son vaxtlar həm kütləvi İnformasiya Vasitələrində, həm internet resurslarında, həm də reklam daşıyıcılarında ana dilinin saflığının qorunması məsələsi problem olaraq qalır. Belə ki, dilimizin həm fonetik tələbləri, həm leksik tələbləri pozulur, teleaparıcılar sözləri düzgün tələffüz etmirlər, əcnəbi sözləri yerli-yersiz leksikonlarında işlədirlər. Və bu məqamda Monitorinq Mərkəzinin yaradılması məqsədəuyğundur və bu problemi aradan qaldıracağını düşünrəm".

Monitorinq Mərkəzi yaradıldıqdan sonra dilin tələblərinin pozuntusu halı aşkarlanarsa inzibati qaydada tədbirlər görüləcəkmi?

-Fərmanın 7-ci maddəsində göstərilir ki, qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi ilə bağlı təkliflər edilsin. Bu o deməkdir ki, inzibati cəza tədbirləri də tətbiq oluna bilər. Burada iki mühüm məsələ var. Biri maarifləndirmə məsələsi, digəri isə sizin qeyd etdiyiniz cəzalandırma tədbirləri. Necə ki, bir sıra ölkələrdə, məsələn Baltikyanı ölkələrdə bu cəza tədbirləri var.

-Azərbaycan dilinin bugünkü inkişafını necə qiymətləndirirsiniz?

- Azərbaycan dilinin inkişafı normal qaydada davam etdirilir. Dilimiz günü-gündən zənginləşir. Beynəlxalq terminlər, eləcə də söz yaradıcılığı sahəsində uğurlarımız var, terminalogiya şöbəmiz hazırda bülletenlər çap etmək niyyətindədir. Belə ki, dilimizə daxil olan yeni sözləri biz bəzi dövlət qurumlarına bülleten şəklində paylayaraq onların müzakirəsini təşkil etmək fikrindəyik, ehtiyac olduğu təqdirdə həmin sözləri dilimizdə qarşılıqlarını taparaq leksikonumuza daxil edəcəyik.

Son illərdə Azərbaycan dilinin inkişafı o qədər də gözəçarpacaq dərəcədə inkişaf dövrü keçməyib. Bəzən isə dilimizə daxil olunan yeni sözlər gülünc doğurub və sərt tənqidlərlə üzləşib...

-Ola bilər, ötən il Dilçilik İnstitutu 2500 sözdən ibarət "Yeni sözlər, yeni anlayışlar" adlı lüğət tərtib edib. Eləcə də Azərbaycan dilinin izzahlı lüğətinin yeni nəşri üzərində iş gedir, Azərbaycan dilinin qrammatikasının yeni nəşri üzərində iş gedir. Eyni zamanda "Qədim sözlər" lüğəti üzərində iş gedir.

O ki, qaldı bəzi sözlərin tənqidlərlə qarşılaşmasına, həmin sözlər həqiqəti əks etdirmir. Məsələn güya Dilçilik İntitutunun "Dipazol" sözünü ədəbi dilə daxil etməsi ilə bağlı məlumat yayılmışdı ki, bu da həqiqəti əks etdirmir. Bu Dilçilik İnstitutunun təşəbbüsü deyildi. Biz demişdik ki, "Proqnoz" əvəzinə "Öncəgörmə" sözü işlədilsin, hərçənd ki, qədim yazılarda belə "Öncəgörmə" sözünə rast gəlinir.

Bizim dilimiz zəngin dildir, bir çox sözlərin qarşılıqları işlədilməlidir, dünyada da hazırda belə bir proses gedir. Farslar, türklər bu məsələdə daha çevikdilər. Müəyyən sözlərin qarşılığı dərhal tapılır və dilə daxil edilir.

Media eksperti Qulu Məhərrəmli yaradılacaq Monitorinq Mərkəzini müsbət qarşıladığını, lakin gələcək mərhələrə həmin mərkəzin fəaliyyətinin təşkili üçün peşəkar dilçilərə ehtiyac olduğunu bildirib:

"Ümumiyyətlə dil sahəsində hərhansısa rəsmi addımın atılmasını dövlət qayğısının bir nümunəsidir və mən belə bir Monitorinq Mərkəzinin yaradılmasını müsbət hadisə hesab edirəm. Lakin ən önəmli məsələ bu mərkəzin işini düzgün təşkil etməkdir. İndiyə qədər bir çox rəsmi sənədlər - "Ana dili haqqında" qanun, "Dövlət Dili haqqında" qanun, dilin inkişafı ilə bağlı dövlət proqramı var, Azərbaycan dilinin elektron bazasının yaradılması ilə bağlı sərəncam oldu ki, bütün bunları dərindən mənimsəmək və bunu tətbiq etmək lazımdır. Bunun üçün bacarıqlı, savadlı, dili yaxşı bilən, dil texnologiyalarının tətbiqini, dil fəlsəfəsini yaxşı bilən bir mütəxəsislər lazımdır ki, işi peşəkarcasına qurub dilimizi möhkəmləndirə bilsinlər.

Azərbaycan dilinin pozuntusu aktı qeydə alınan zaman tətbiq olunacaq inzibati cəza tədbirləri cəmiyyət tərəfindən necə qarşılanacaq?

-İnsanlar yol verdikləri səhvləri bilərəkdən etmirlər. Məsələn bəzi adamlar "Ehtiyyat" sözünün iki "y" hərfi ilə yazıldığını bilmirlər, eləcə də "Profilaktika" əvəzinə "Praflaktika" yazırlar, bunu bilmirlər. Lakin onlara bunun səhv olduğunu deyib müəyyən tövsiyyələr verdikdə onlar əlavə xərcdən belə çəkinmədən öz səhvlərini düzəldirlər, bu əslində yaxşı meyldir. Məncə dil qaydalarını pozmaq onların marağına da uyğun deyil.

Bəzi Avropa ölkələrində bu cəza tədbirləri var, hətta Fransada dil polisi də var. Cərimə inzibati akt kimi insanları bir az qorxudur və daha da məsuliyyətli olmağa vadar edir. Amma dilə qorxu ilə yanaşmaq yox, sevgi ilə, məhəbbətlə yanaşmaq lazımdır. Düşünürəm ki, müəyyən bir məshələ üçün inzibati tərbirlərin görülməsinə ehtiyac olacaq".

Rövşən Əsədov

Bizimyol.info

Paylaş »
››› Cavid Qurbanovun xətrinə qəbul edilən qanun: "Topaz" fəlakəti böyüyür...
››› "Uşaq məktəbdə reketlik edirsə, valideyni də öhdəsindən gələ bilmirsə, onda nə etməli..."
››› Mərkəzi Bankn valyuta məzənnələri
››› “Bir cənub şəhərində”: Sovet sisteminə qarşı çıxan Azərbaycan filmi...
››› Xarici vətəndaşlar Azərbaycanda daşınmaz əmlaka niyə pul xərcləmir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Skandinaviya ölkəsi Rusiyanın mümkün hücumunu dəf etməyə hazırlaşır
Son xəbərlər
Bütün xəbərlər »