Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ATƏT-in Minsk qrupunun həmsədrlərinin bölgəyə son səfərləri və Dağlıq Qarabağ münaqişəsinin nizamlama proseslərinin perspektivlərinə dair

Məlum olduğu kimi, ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycana səfərə gəliblər.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.

Onların ölkəmizə gəlişini səbəbi təbii ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Prezidentin rəsmi saytında verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona bu dəfəki səfəri gördüyümüz kimi, ilin son aylarına təsadüf edir. Bu, daha çox bu ilin yekunlarına baxış və gələn il üçün planların müzakirəsi ilə bağlı ola bilər. Bildiyimiz kimi, bu il nəinki münaqişənin həlli, heç danışıqlar prosesində də hər hansı irəliləyişlə yaddaqalan olmadı. Bu da bilavasitə Ermənistanda baş verən proseslər, bu ölkədə yaranmış qeyri-sabitlik, siyasi sistemdəki böhran və ölkənin yeni rəhbərliyinin, konkret olaraq baş nazir Paşinyanın tutduğu qeyri-konstruktiv mövqe ilə əlaqədardır. Əksinə, Ermənistan tərəfindən danışıqlar prosesinin hazırkı fotmatından uzaqlaşmaq, Dağlıq Qarabağdakı separatçı rejimin danışıqlarda tərəf kimi iştirakına dair təkliflərin səsləndirilməsi, baş nazir Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü pozmağa yönəlmiş bəyanatları, öz oğlunu işğal olunmuş Azərbaycan torpaqlarında hərbi xidmətə göndərməsi, qoşunların təmas xəttində atəşkəsin mütəmadi olaraq pozulması 2018-ci ildə münaqişənin həllinə olan ümidləri azaltdı.

2018-ci ildə Azərbaycan və Ermənistan rəhbərliyi arasında Minsk qrupu çərçivəsində danışıqlar baş vermədi, yalnız XİN rəhbərlərinin bir neçə görüşü baş tutdu. İlin sonunadək daha bir görüşün olması gözlənilir. Minsk qrupu həmsədrlərinin səfəri elə bir dövrə təsadüf edir ki, Ermənistan seçkilər ərəfəsindədir. Bu ölkədə hazırda siyasi mübarizə özünün yüksək həddinə gəlib çatıb və bütün siyasi qüvvələr öz diqqətlərini bu istiqamətə yönəldiblər. Lakin Dağlıq Qarabağ məsələsi həm də Ermənistanda hakimiyyətə gəlmək istəyən siyasi qüvvələrin manipulyasiya vasitəsi olduğundan gündəmdən çıxarıla bilməz. Minsk qrupunun həmsədrləri Ermənistan rəhbərliyi ilə seçkilərdən sonra Dağlıq Qarabağ məsələsinin həlli yollarını müzakirə edib, müəyyən şərtlər irəli sürə bilərlər. Üstəlik də ABŞ-ın Ermənistandakı öz diplomatik fəaliyyətini başa vurmaqda olan səfiri Millizin Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonları Azərbaycana qaytarmağın vacibliyini qeyd etməsi, Birləşmiş Ştatlar Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Boltonun regiona mühüm səfəri Minsk qrupunun da fəaliyyətində müəyyən dönüş yarana biləcəyinə ümidləri artırır. Minsk qrupunun həmsədrləri qeyd etdiyimiz kimi, status-kvonu dəyişmək, regionda yaranmış yeni siyasi situasiya fonunda bölgəyə səfər edirlər.

Çox güman ki, Ermənistanın hazırkı rəhbərliyindən seçkilərdə qalib gələcəyi təqdirdə 2019-cu ilin əvvəlində problemə daha konstruktiv yanaşma tələb olunacaqdır. ABŞ Paşinyana dəstəyin müqabilində ondan daha konstruktiv yanaşma tələb edə bilər. Prezident Trampın Azərbaycan və Ermənistan rəhbərliklərinə ünvanaldığı məktublarında münaqişənin nizamlanmasına inamını ifadə etməsi də, diplomatik protokolda nəzərdə tutulmuş sözlərdən daha çox real dəyişiklik imkanlarına olan inamın ifadəsidir. Eyni zamanda, Ermənistan-Rusiya münasibətlərinin pisləşməsi də Moskvanın İrəvana dəstəyinin zəifləməsinə səbəb olub. Odur ki, Minsk qrupu həmsədrlərinin səfərində Ermənistandan danışıqlarda daha konstruktiv mövqe tələb oluna bilər.

ATƏT-in Minsk qrupunun bölgəyə bu dəfəki səfəri bir sıra xüsusiyyətlərinə görə əvvəlkilərdən fərqlənir. Səfər ilin sonunda baş tutur, hansı ki, Minsk qrupunun fəaliyyətinin qiymətləndirilməsi baxımndan qənaətbəxş sayıla bilməz. Bu il Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkə rəhbərləri səviyyəsində ikitərəfli görüş olmadı, yalnız XİN rəhbərləri bir neçə dəfə görüşdülər və danışıqlar prosesində hər hansı nəzərəçarpan irəliləyiş olmadı. Ermənistanda növbədənkənar seçkilərə hazırlıq gedir, ölkədə siyasi qarşıdurma yüksək həddədir. Bu il regionda bir sıra mühüm proseslər baş verdi. Ermənistanda dövlət çevrilişi baş verdi. Avropa Birliyinin liderlərindən biri olan Almaniya kansleri, Rusiya prezidenti, ABŞ prezidentinin müşaviri və digər yüksək ranqlı siyasi xadimlər bölgəyə səfər etdilər, Cənubi Qafqaz ölkələrinin rəhbərləri NATO, Avropa Birliyi, BMT Baş Assambleyasının toplantılarında iştirak etdilər. Bu toplantılarda Dağlıq Qarabağ münaqişəsinin həllində dövlətlərin ərazi bütövlüyünə hörmət prinsipinə riayət olunması bir daha ifadə olundu. Bölgəyə səfər edən böyük dövlətlərin liderləri, yüksək ranqlı diplomatları da həmçinin Azərbaycanın haql mövqeyinə dəstəklərinin bildirdilər. İlham Əliyevin uğurlu fəaliyyəti artıq dünya dövlətlərinin rəhbərlərini bir daha Azərbaycanın ərazi bütövlüyündə öz mövqeyini açıq şəkildə ifadə etməyə təşviq etdi. Paşinyan isə əksinə, üz tutduğu güc mərkəzlərindən bir qayda olaraq imtina cavabı aldı.

Son akkordları isə ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Bolton vurdu. Yerevanda onun seçkilərdən sonra Paşinyanın seçiləcəyi təqdirdə yeni baş nazirdən Dağlıq Qarabağ məsələsində təşəbbüskarlıq gözlənildiyini deməsi, Ermənistanın xarici güclərdən asılılığının azalmasının vacibliyini vurğulaması həmsədr ölkə olaraq ABŞ-ın yanaşmasını ortaya qoydu. Boltondan əvvəl isə bu ölkənin səfiri Millz işğal olunmuş Azərbaycan torpaqlarından geri verilməsindən danışmışdı.

Hətta Boltonun bəyanatlarından narahat olan Ermənistan XİN onun fikirlərini şərh etməkdən imtina edir. Bu il Rusiya-Ermənistan münasibətlərində təfriqə yarandı, digər həmsədr ölkənin prezidenti Putin Ermənistana səfər etməkdən imtina etdi. Bütün bunlar onu göstərir ki, Minsk qrupunun həmsədr ölkələrinin öz aralarında ziddiyyətlər dərinləşib, Ermənistana münasibətdə inam azalıb. Ermənistan köhnə müttəfiqini itirib, yeni müttəfiqin isə etimadını qazana bilməyib. Bu etimadın şərti Boltonun Yerevanda açıqladığı kimi Qarabağ münaqişəsində Paşinyanın təşəbbüskarlığından, münaqişəyə Vaşinqotun prizmasına uyğun mövqedən yanaşmadan çox asılı olacaqdır.

Həmsədrlər ABŞ və Rusiya arasında ziddiyyətlər daha da dərinləşib. Bu, Orta Şərqdən Cənubi Qafqazadək olan geosiyasi məkanı, orta mənzilli raketlərə dair müqavilədən çıxmaqdan Azərbaycan və Ermənistanın Rusiya silahından imtina edib Amerika cəbbəxanalarına üz tutmağadək bir çox məsələləri əhatə edir.

Həmsədrlər Qarabağ münaqişəsinə ənənəvi olaraq öz milli maraqlarından yanaşırlar. Bölgəyə bu səfər ziddiyyətlərin daha da dərinləşməsi fonunda baş verir. Azərbaycanda sabitlikdir, Azərbaycanın mövqeyi aydındır. Ermənistanda siyasi şərait gərgindir, Qarabağ məsələsinə münasibətdə Paşinyandan seçkilərdən sonra təşəbbüskarlıq tələb olunur.

Odur ki, həmsədrlərin bu dəfəki Yerevan səfəri əvvəlkilərdən daha gərgin keçmiş ola bilər. Qarabağdakı separatçıların Ermənistanın mövqeyinə təsiri getdikcə zərərsizləşdirilməyə çalışılır. Onların nümayəndələrinin Ermənistanda iqtidardan salınması Qarabağ separatçılarını oyundan uzaqlaşdırmaqda mühüm rol oynadı. Hər bir halda ehtimal ki, həmsədrlər seçkilərdən qısa müddət sonra da səfərə gəlib Ermənistanın yeni seçilmiş baş nazirinin mövqeyini öyrənməyə, öz şərtlərini onun nəzərinə çatdırmağa çatdıracaqlar. Əgər onlar konstruktiv dialoqa nail olsalar, biz bunun nəticələrini 2019-cu ilin ilk yarısında hiss edə bilərik.

Nəzakət Məmmədova, politoloq, “Bizim Yol” üçün

Paylaş »
››› Ziddiyyətli açıqlamalar: Evlər ucuzlaşacaq, yoxsa bahalaşacaq?
››› Orta statistik Azərbaycan ailəsi istirahətin nə olduğunu həyatı boyu bilməyəcək
››› "Deputatlar oldular, ya olmadılar.., heç bir fərqi yoxdur"
››› Ucuz və baha kolbasanın fərqi: "İçində ətdən başqa hər şey var"
››› Yuxuda ağlamağın yozumu nədir...
››› Sakit okeanda Tonqa krallığını sunami viran edib - Video
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »