Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ətir qablarının içərisində dərman olduğundan xəbərsiz idim”
Dövlət Gömrük Komitəsinin qaçaqmalçılığıa görə həbsdə olan əməkdaşı məhkəmədə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Gömrük Komitəsinin qaçaqmalçılıqda təqsirləndirilən əməkdaşı Mehman Novruzovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttiham aktına əsasən, M.Novruzov Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsinin “Yalama” Gömrük Postunun böyük inspektoru vəzifəsində çalışan zaman cinayət törədib. O, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə qeyri-qanuni yolla Azərbaycana idxal edib.

Belə ki, M.Novruzov “Yalama” Gömrük postunun böyük inspektoru vəzifəsində işləyərkən, komitə sədrinin əmri ilə bir ay müddətinə “Samur” Gömrük postuna ezam olunub.

O, həmin ərazidə 5539 manat məbləğində dərman preparatlarını gömrük nəzarətindən kənar, bəyan edilməməklə keçirilməsi məqsədilə adı istintaqa məlum olmayan şəxslə əlbir olaraq, cinayət əlaqəsinə girib.

Beləliklə, M.Novruzov vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edərək, qaçaqmalçılıq edib və dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Daha sonra onun bu əməli müəyyən edilərək saxlanılıb. Məhkəmənin qərarı ilə M.Novruzovun barəsində həbs qətimkan tədbiri seçilib.

M.Novruzov özünü qismən təqsirli bildiyini deyib.

O, sərbəst ifadə verən zaman hadisədən əvvəl "Samur” Gömrük Postuna ezam olunduğunu, orada monitora nəzarət etdiyini deyib. “Vəzifəm böyük inspektor idi, işim isə çantalara açıb-baxmaq idi. Lakin monitordan istifadəni bir o qədər də yaxşı bilmirdim. Bu barədə növbə və post rəislərinə məlumat vermişdim. Dedilər ki, gözlə həll edəcəyik, lakin işimi dəyişmədilər".

M.Novruzov hadisə barədə də danışıb: "Cəmil “Samur” Gömrük Postunda fəhlə kimi çalışırdı. O, gömürük postundan keçən şəxslərin yüklərinə kömək edirdi. Onu orada tanımışam. Həmin gün məndən xahiş etdi ki, neytral ərazidə iki çanta ilə qalıb, ona kömək edim. Rusiya tərəfi onu buraxmadığını söylədi. Elə bildim ki, bunu Azərbaycandan Rusiyaya keçmək üçün deyir. Sonradan bildim ki, o, Rusiyadan Azərbaycana gəlirmiş. Həmin gün də Rusiya tərəfə getdiyini görmüşdüm. Soruşdum ki, çantalarında nə var. Boş ətir qabaları olduğunu qeyd etdi. Çantaları monitorda yoxlayanda həqiqətən boş ətir qabları olduğunu gördüm. Lakin onları açıb yoxlamadım. Bu zaman yanımızda hər gün gördüyüm, yəni Rusiyaya gedib-gələn qadınlar dayanmışdı. Onların da əlində çanta var idi. Xahiş etdim ki, Cəmilə kömək etsinlər, sağ olsunlar xahişimi yerə salmadılar. Onların da çantalarını monitordan keçirdim".

M.Novruzov deyib ki, çantalardakı boş ətir qablarının içərisində dərman olduğundan xəbərsiz olub.

M.Novruzov Cinayət Məcəlləsinin 206.3.3-cü (qaçaqmalçılıq, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) maddəsi ilə ittiham edilir.

Rəşad VAQİFOĞLU

Paylaş »
››› Kremlin aşpazı Putinin yemək sirlərini açıqlayıb
››› Pensiyasını almaq üçün cəsədi poçt şöbəsinə aparıblar
››› Rusiyada buzlu çaya girən qadın yoxa çıxdı - Video
››› NK karantin rejiminin dəyişməsi ilə bağlı qərarlar qəbul edib
››› Yanvarın 23-nə olan hava proqnozu
››› Yuxuda dəniz görmək nə vəd edir - Yuxuyozma
››› ABŞ-ın yeni hərbi yardımı Ukraynaya çatdırılıb
Son xəbərlər
Bütün xəbərlər »