Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yalanı səhər yeməyi kimi çörəyin üzərinə sürüb adama yedirirlər” - Kişilər qadınlardan danışdı
Son günlər sosial medianın müzakirə mövzusu qadın-kişi münasibətləridir. Qadınlar kişilərin nəzakət və davranış qaydalarına əməl etməməsindən şikayətlənirlər. Bəs, kişilər əks cinsin nümayəndələrinin hansı cəhətlərini xoşlamırlar?

Bizimyol.info kişilərin bu suala verdiyi cavabı təqdim edir:

Jurnalist Mənsur Rəğbətoğlu: “Sədaqətli kişiyə maymaq kimi baxan qadınları xoşlamıram. Onlar həmin qadınlardır ki, öz məhəbbətini təsdiq etmiş belə bir kişi onlar üçün öz sahibinə sədaqətli köpəkdən başqa heç nə deyil. Elə bil lazım olmayanda başlarını bir küncə bağlayırlar, lazım olanda da başını oradan açıb öz ayaqlarına bağlayıb arxalarınca sürüyürlər. Bu vəziyyətlə üzləşmiş kişilər həmin qadınların zəhərlənmiş ürəklərində “süpürgə” rolunu da oynayırlar. Elə bir “süpürgə” ki, keçmişdən qalma bütün stresslərini, sıxıntılarını, ürəklərini qıdıqlayan zəhərlərini, bədbəxtliklərini bu süpürgə ilə süpürüb təmizləyirlər. “Süpürgə” olduğunu bilməyən həmin kişilər də, o qadınların səhvlərini də, kölə etikası ilə nəzakətli şəkildə təmizləyir. “Süpürgə” öz missiyasını başa çatdırdıqdan sonra qırağa atırlar.

Qəribədir, illərlə hər şeyini ona dair qurduğun xəyalların güdazına qurban verdiyin qadın qayıdıb sənə deyir ki, “gözlərin hələ açılmayıb”. Sənsə, sübut edə bilmirsən ki, gözlərimin zilləndiyi hər yerdə sən varsan, getdiyim hər yerdə yanımda sən varsan. Əgər bu mayamqlıqdırsa, elə olsun. Lakin belə bir münasibət görməmişlikdir. Nə deyim, sədaqətlisən, elə bilirlər ki köpəksən”.

Jurnalist Mübariz Bayramov: “Əslində tam həqiqət və tam meyar yoxdur. Özümüz üçün müəyyən meyarlar seçirik. Bu dünyanı cəhənnə çevirən də, cənnətə çevirən də kişilərdi. Cənnət anaların (qadınların) ayağı altındadırsa, həm də cəhənnəmi onların başı üstünə gətirmişik. Yəni, dünya kişiyə borcludu. Dünyadakı hər cür nailiyyətlər kişilərlə bağlıdır. Təbii ki, qadın da hərəkətvercidi. Sözümün canı odur ki, hakimiyyət əzmi kişiyə məxsusdur. Bunu həşəratdan tutmuş, heyvan və insana qədər müşahidə etmək mümkündür. Kişilər isə tabelilik tələb edir. Hansı ki, bu, müzakirə ediləsi mövzu deyil. Tabelilikdə inkişaf var. Kişilər qadınlardan əsl qadın olamalarını istəmir”.

Jurnalist İlkin Nəcəfzadə:“Cəmiyyətdə kişi-qadın münasibətləri hər zaman müzakirə mövzusu olub. Xüsusəndə qadınların bu sahədə narazılığı müəyyən səbəblərdən hər zaman üstünlük təşkil edib. Hazırda cəmiyyətdə işləyən və bir iki kitab açaraq özünü savadlı və feminist hiss edən qadınlar üstünlük təşkil etməyə başlayıb. Bu şəxsi keyfiyyətin üstünlük təşkil etməsinin göstəricisi hesab edilə bilməz. Milli və mənəvi dəyərlər hər zaman zərif cinsin nümayəndəsinə baş ucalığı gətirib. Qərbə inteqrasiya, müasirlik bizim bəzi qadınlarımızın əxlaq və mədəniyyətinə çox pis təsir edib. İnteqrasiya mədəni və əxlaqlı olmalı, necə deyərlər “evdəkilər” nəzərə alınmaqla edilməlidir.

Qadınlar düşünür ki, kişilər çox şeyi eşitmirlər. İndiana Ştatının universitetində təsdiq edirlər ki, kişilər yarı qulaqla eşidirlər. Kişilərin audio məlumatları almağı üçün beyinlərinin bir hissəsi işlədiyi halda, qadınlarda hər iki tərəf işləyir. Bu, kişilərin kar olmağına dəlalət etmir. Sadəcə olaraq, beyinlərinin bir hissəsini işlədərək lazım və vacib olan məlumatlardan başqa məlumat yığmamaq üçün beyinlərinin bir hissəsi kifayət edir.

Cəmiyyətdə hər kəs imkanlı da olmur. Bu danılmaz faktdır. Hesab edirəm ki, kişinin qazancına görə çoxu onu qiymət verir. Kasıbla bir yerdə qalmaq və ona dəstək olmaq isə hər bir qadın da bacarmır. Hər güclü kişinin arxasında qadın dayanır deyimi də boşuna deyilməyib. Amma bəziləri pula görə arxadan qaçıb gedir. Çoxu bunu müxtəlif cür dəyərləndirə bilər. Amma bir şeyi nəzərə alın ki, 1-ci Qarabağ müharibəsində həyat yoldaşını gözləyən qadınlar həyat yoldaşını əvəzsiz olaraq gözləyirdi və mübarizə aparırıdı. Əgər o qadınlar hazırda mövcud olan bəzi qadınlar kimi olsaydı indi bizim cəmiyyət olmazdı.

Bütün hallarda mənə görə, bizim cəmiyyətdə hər zaman qadınların savadlı və elmli olması məni sevindirir. Təəssüf ki,bizdə isə əksinə bu həya və abrın itməsi ilə biruzə verir. Nədən qaynaqlanmasını öyrənmək çətindi. Çox istəyərdim ki, qadınlar yalnız müsbət dəyərləri üzərlərinə hopdursunlar. Çünki, onlar gələcəyin təminatçısıdır. Qadın kişinin son qabırğasından yaranıb. Son qabırğada isə xəmircək yoxdur”.

Jurnalist Ziya Babayev: “Əks cinsdə cəhalət və savadsızlığı qəbul edə bilmirəm. Cahil qadın özü kimi övladlar yetişdirər. Qadın savadlı olmalıdır ki, yetişdirdiyi uşaqlar da səviyyəli olsun. Ümumiyyətlə ağıllı və savadlı qadın gələcəyimizin yetişməsinə böyük təkan verir”.

Jurnalist Elmir Murad: “Qadınlarda dır-dırı, bir məsələnin üzərində çox dayanmalarını, qeybətcil və kiməsə söz qoşan qadınları sevmirəm. Kobud, oğlan kimi davranan, toylarda kişi kimi rəqsi edən xanımları sevmirəm. Qadın incə, zərif, işvə, qəmzəli olmalıdır. Bu cür xanımlara həm ictimai yerlərdə, həm kollektivdə kişilər tərəfindən həmişə böyük hörmət olub. Bu danılmaz faktdır”.

Jurnalist Elgün Gəncimsoy: “Onlar bizim bir parçamızdır. Tanrı onları bizim sol qabırğamızdan yaradıb. Ona görə də həyatımızdakı qadınların bizə elədikləri bizim solumuzu ağrıdır... Bir çox şikayətlənəcək tərəf saya bilərəm. Amma onların ən başında boş-boş qısqanclıq, lazım olduğu anda yersiz dava və mızıqçılıq salmaları, yalanı səhər yeməyi kimi çörəyin üzərinə sürüb adama yedirmələri... Həmişə özlərinə tabe etməyə çalışırlar. Amma anlamırlar Tanrı bütün mələklərə Adəmə təzim etmək əmri verib, Həvvaya yox... Yəni çox danışmaq olar. Amma qeyd etməmək vicdansızlıq olar. Qadınlar anadır, bacıdır, sevgilidir. Onların bir gülüşünə dünyanı bağışlamaq olar. Onların bizi incidən bütün xarakterləri əslində bizi qorumaq üçündür. Görürsünüzmü son cümlələrlə biz daha da hümanist olduğumuzu sübut edirik”.

Jurnalist Elvin Abdulqədirov: “Qadınların kişilərə qarşı ittihamlarını onların özlərinə də şamil edə bilərik.  Məsələn, dəyərli xanımlarımız kişiləri cəm halında diqqətsiz olmaqda ittiham edirlər. Yanlışdır. Birinci, xanımlar ittihamdan öncə diqqət dedikdə nəyi nəzərdə tutduqlarını aydın ifadə etsinlər. Əminəm bu zaman bəzi məsələlər gün işığına çıxacaq. İkinci, heç də hər kişi qadınına qarşı diqqətsiz deyil. Ola bilər onların qarşılaşdıqları bəylər belə olub və yanaşmaları bu səbəbdəndir. Üçüncü, doğrudur, bəzi hallarda diqqətsiz olmaq mümkündür. Bəs onlara kim söyləyib ki, kişilər diqqəti sevmir? Niyə düşünürlər ki, ancaq qadın diqqəti sevə bilər? Kişilərin də özlərinə xas diqqət istəkləri var və bunu yerinə yetirmək qadınların tələb etdiklərindən daha asandır.

Nəhayət xanımların bu yanaşması kişiləri qeyri- peşəkar yalançılıqdan peşəkar yalançılığa addım atmaq üçün yollar axtarmağa sövq edəcək. Özlərini sizə göstərməmək üçün bədxərclik etməməyə çalışacaqlar. Əmin olun tünd geyimlərə üstünlük verməməyə də çalışacaqlar. İfrat qısqanclıq etməyəcəklər, amma onda da deyəcəksiz ki, daha sevmir, diqqət etmir. Dini radikallıq başqa müzakirə mövzusudur və mənim də heç sevmədiyim bir şeydir. Kobudluq, baxımsızlıq və intellektual olmamağı isə hər iki cinsin nümayəndələrinə aid etmək olar. Ardı var...”

Jurnalist Səxavət Məmməd: “Qadınlarla bağlı xoşlamadığım cəhədi yazmağa əlim gəlmir, o dəqiqə başlayacaqlar dır-dır-dır. Yazmasam da, onsuzda yenə dır-dır-dır. Ümumiyyətlə, qadınlar dır-dır-dır. Açığı bu dır-dır-dır-dan adamın gözü açılmır ki, başqa xoşlamadığın cəhədi görəsən”.

Jurnalist Tural İsmayılov: “Ümumiləşdərmə aparmaq doğru deyil. Mən xanımların bütün kişiləri eyniləşdirmə cəhdlərini qəti bəyənmirəm. Birisinə xoş söz yazmağa, tanışlığa cəhd etməyə peşmansan, hamıya potensial vaxt öldürən bekar adam kimi baxmaq düzgün deyil. Həm də alicənablıq etiketini bəhanə edərək oğlana hər şeyi sərt deyib kişi bir kəlmə aqressiv yazan kimi "kobuddur" demək də yaxşı şey deyil. İstənilən halda bütün xanımlar belə deyil”.

Jurnalist Elvin Camalov: “Əvvəlcə qeyd etmək istəyərdim ki, xarakterin cinsi olmur. Yəni bütün xarakterlər insana məxsusdur. Qadın və kişi, hər ikisi insandır. Kişilərin pozduğu etik qaydaları qadınlar da poza bilir. Həm də etik qaydalar nisbi anlayışdır. Kiməsə görə yol gedərkən yüksək tonla gülmək etik deyil. Ancaq kimlərsə elə düşünür ki, əgər hansısa bir şəxs yüksək tonla gülürsə, deməli o xoşbəxtliyini bu cür ifadə edir. İnsan xoşbəxtliyinə isə qarışmaq olmaz düşüncəsini irəli sürürlər. Yenə də sualınıza cavab verməkdən yayınmayacam. Qadınlarda xoşalmadığım xarakter yoxdur. Ancaq qadınlar bu haldan daha çox istifadə edir deyə fikrimi onlara ünvanlayıram. Demək olar əksər qadınlar diqqət mərkəzində olmağı sevirlər. Bu yaxşı haldır. Qadınlarımız mətbəxdən çıxıb sosial həyatın bir parçası olduqlarını göstərirlər, uğurlar əldə etməyə çalışırlar. Mən istərdim ki, qadınlar xarici görkəmi ilə uğur və diqqət qazanmağa çalışmasınlar. Bu, baxımsız olsunlar demək deyil. Sadəcə xarici görkəmin arxasına gizlənmələri məncə uğursuz yoldur. Dünya görüşünü artırmaq, hansısa peşənin bilicisi olmaq, xüsusi istedadlarını araşdırıb üzə çıxartmaq onları daim uğurlu və diqqət mərkəzində edər. Amma xarici görünüşə sığınıb diqqətə gəlməklə həm kişilər tərəfdən istismar olunurlar, həm də müvəqqəti uğur qazanmış olurlar. Bəlli yaşdan sonra xarici əksər qadınlarda xarici gözəllik azalır və başqa gənc qadınlar onların yerini tutur. Bu zaman xarici görünüşünün arxasında gizlənən qadın depressiyaya düşür, aqressiv olur, gərəksiz olduğunu qəbullana bilmir və gərəkli olmaq üçün aqressiv beyinlə səhv addımlar atır. Dünya görüşlü qadın yaşlananda belə insanlara gərəkdir. Demirəm kişilərin hamısı dünya görüşlüdür. Amma nisbətlə baxsaq kişilər qadınlardan az xarici görünüşünün arxasında gizlənir. Kişilərin əksəriyyətinin üzərində işləmək məsuliyyəti olduğu üçün ən aşağı peşəni belə məcbur öyrənirlər. Qadınlara deyərdim ki, dünya görüşünüzü artırın, buna imkan yoxdursa hansısa peşəni öyrənin, bu da alınmırsa öz daxilinizdə gizlənən bacarıqlarınızı kəşf edin. Yox, əgər deyirsinizsə ki, bu da alınmır, ancaq xarici görünüşümüzü nümayiş etdirməyi bacarırıq, o zaman bunu da peşəkar səviyyədə edin. Məsələn, model olaraq çalışmaq olar. Bu da bir bacarıq, peşədir. Əks halda gərəksiz eqoizm nümayiş etdirirlər”.

Jurnalist Əziz Əlibəyli: “Bu, əslində xanım – kişi  münasibətindən daha çox cəmiyyətin problemidir. Əlimizi hansı təbəqəyə, sahəyə uzatsaq, orada bir uzlaşmazlıq, aqressiya var. Bu da təbii olaraq, qadın-kişi münasibətlərinə də təsir edir. Sual “Qadınlar kişilərin nəzakət və davranış qaydalarına niyə əməl etməməsindən şikayətlənirlər?” kimi qoyulsa da, məsələnin əks üzü də var axı. Elə bir cəmiyyət qurmuşuq ki, cinsi prizmadan çox insanımız boğulur, özünü rahat hiss etmir. Bunu danışmaq lazımdır. Kitabsız, elmsiz sosiuma gəlib çıxmışıq. Heç kim heç kimi dinləmir, dəyər anlayışını unutmuşuq, hörmət başqa məna çaları alıb. Belə olanda qadın kişidən şikayət edirsə, vallah kişiləri dindirsələr, ah-vayları göydən yağar. Amma  kim dinləyəcək ki...

Ayrıca, qadınlar artıq mobilləşib, təşkilatlanıb, qaldırdıqları problem həqiqətən də ciddi və aktualdır. Azyaşlıların ərə verilməsi, qadınların ailədə zorlakılığa məruz qalması, boşanmış qadına cəmiyyətin baxdığı göz və s. Amma bu fikrin tənqid üzü kişilər deyil, qadınların özlərinin yaratdığı auradır, fikir əhatəsidir. Sivil düşüncədə olan üçün insanların şəxsi həyatı onun öz seçimidir. Eləcə də boşanmış, ayrılmış kişilər olsun. Güya cəmiyyət onların ikinci şansını normal qəbul edib axı”.

Jurnalist Vilayət Muxtar: “Sosial şəbəkədə qurulan münasibətlərdə etik davranışlara əməl edilmədiyi doğrudur. İradlarla razıyam. Təəssüf ki, bir çox hallarda sosial şəbəkənin “kişi” istifadəçiləri yazdıqları xanımları ilə ciddi narahat edir. Amma bunu ümumi halda hər kəsə şamil etmək olar. Kişiləri hər məsələdə ittiham etmək mümkündür. Çünki bəzi “kişilərin”, təəssüf ki, bu gün çoxluq edir, sosial şəbəkə fəaliyyəti bunun üçün ideal zəmin yaradır. Eyni hall xanım istifadəçilərdə də rast gəlinir. Bəzən bir xanım elə bir status paylaşır ki, kişi olaraq o yazılanları oxumağa belə utanırsa. Ümumilikdə götürsək, münasibətlərin etik davranış kodeksindən çıxması təkcə sosial şəbəkədə deyil, gündəlik həyatımızda da korlanıb. İnsanlar bir-birinə çox aqressiv münasibət sərgiləyir. Bu da sosial şəbəkə və digər platformalarda özünü büruzə verir. Konkret suala gəlincə isə bəzi xanımların sosial şəbəkədə davranışlarında bəyənmədiyim yalnız bir məsələ var ki, o, da  özlərinin etiraz etdiyi, kişiləri günahlandırdığı məsələdə birbaşa iştirakçı olmalarıdır. Amma bir daha vurğulamaq istəyirəm ki, əsas problem cins fərqi deyil, ümumidir. Yəni, isət kişi, istərsə qadın sosial şəbəkədə davranışına maksimum diqqət yetirməlidir. Öz ailəsinin, yaxının, qardaşının, bacısının yanında deyə bilmədiklərini sosial şəbəkədə yazmaq cəsarət deyil, sadəcə olaraq zəiflikdir. İnsanlar daha çox özlərini sosial şəbəkədə sübut etməyə çalışmamalıdır. Real münasibətlərə daha çox üstünlük verilməlidir. Sosial şəbəkə kimi platformalar isə daha çox xəbər almaq, yaymaq məqsədi ilə istifadə olunmalıdır”.

Ramid İbrahimov

Bizimyol.info

Paylaş »
››› Sədərək Ticarət Mərkəzində qadınları necə aldadırlar...
››› “Trendyol” birbaşa Azərbaycana sifariş göndərəcək: Vasitəçilərin aqibəti necə olacaq?
››› Hansı bürc hansı şəkildə təriflənməyi daha çox sevər
››› Snopp Dogg Azərbaycan rejissorunun videosunu paylaşıb - Video
››› Putinin milyonçu etdiyi qohumu üzə çıxıb
››› Azərbaycanda neft yataqları köhnəlir: Hasilatın azalması hansı problemlərə yol aça bilər?
››› Direktorların ucbatından minlərlə şagird tam orta təhsil ala bilmir
Son xəbərlər
Bütün xəbərlər »