Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Maşınım yoxdur, işə velosipedlə gedirəm" - Klub prezidenti ilə müsahibə
Gənclər və İdman Nazirliyinin ölkəmizdə fəaliyyət göstərən Kempo idman klubunun fəaliyyətinə icazə verməməsi ilə bağlı məlumatlar yayılıb.

Məsələ ilə bağlı klubun prezidenti, Qarabağ müharibəsi veteranı Rauf İbrahimov Bİzimyol.info -ya müsahibə verib.

Rauf İbrahimovun müsahibəsini oxucularımıza təqdim edirik:

-Rauf müəllim, Qarabağ müharibəsində iştirak etmisiniz. Necə xatırlayırsınız o illəri, həmin döyüşləri?

-Mən 1991-ci ildə Rusiyanın Perm şəhərindən gəldim. Bir il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdim sonra gəldik Ağdamın Naxçıvanik kəndinə. Muğanlıdan Naxçıvanikə, ordan da Ərənzəmin, Pircamala qədər. Mən də Naxçıvanikdə yaralandım. Mühasirəyə düşdük. Bizi ağır artilleriya ilə atəşə tutdular, əllərim, başım, ayaqlarıma qəlpələrlə doldu. Mühasirədən çox çətinliklə çıxa bildik. Ağdam Füzuli istiqamətində bir çox ağır döyüşlərdə iştirak etmişəm. Ümumilikdə 7 il hərbi xidmətdə olmuşam. Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Təyinatlı Dəstədə əlbəyaxa döyüş üzrə baş təlimatçı işləmişəm. 5 il xidmətdə olmuşam, 2 il də xidmətdən əlavə qalmışam.

-İdmana gəlişiniz necə oldu?

-Mən Sumqayıtda böyümüşəm, orada idmanla məşğul olmuşam. O vaxtlar idmana gənclər arasında daha çox həvəs vardı. Belə bir deyim də var idmançılar arasında, mən Sumqayıt idmançısıyam. Elə erkən yaşlarımdan idmana marağım vardı, sonradan Kempo idman növünə marağım artdı, daha da dərindən maraqlandım. Müraciət etdim federasiyanın beynəlxalq təşkilatı ilə əlaqə yaratdım. Sonra Kempo üzrə dünya çempionu oldum və federasiyanın rəsmi səlahiyyətli nümayəndəsi oldum. Və beləcə Kempo karyerama başladım. Beynəlxalq yarışlara qatıldım, eləcə də federasiya olaraq da idmançılarımızla təmsil olunduq, ölkəmizi beynəlxalq yarışlarda təmsil etdik. Dünya çempionları yetişdirdik.

-Əvvəlki müsahibələrinizlə tanış olduq. Müsahibələrinizin birində demişdiniz ki, idmançılarımızı beynəlxalq yarışlara göndərməkdə çətinlik çəkirik, dostların köməkliyi ilə onları göndəririk. Müsahibənizin üzərindən xeyli zaman ötüb, vəziyyət hazırda necədir?

-Sponsoru olan federasiyalar var ki, idmançıları tez-tez beynəlxalq yarışlara çox sayda qatıla bilirlər, qalib gələn idmançıya ev, maşın hədiyyə edilir. Güclü bir biznesmen federasiyaya rəhbərlik etsə təbii ki, hər kəs üçün dolanışıq olur. Bizdə isə vəziyyət tam fərqlidir. Gənclər və İdman nazirliyi bir neçə idmançımızın beynəlxalq yarışlarda iştirak etməsini təmin edir, maddi köməklik göstərir, lakin daha artıq idmançı göndərmək üçün biz öz imkanlarımızdan istifadə edirik. Dostlarımız, yaxın olan insanlar köməklik göstərirlər.

- Kempo olimpiadaya nə zaman qatılacaq?

-Digər idman növləri kimi Kempo idman növü də olimpiadaya qatılmağa can atır. Çalışır ki, olimpiadada təmsil olunsun. Bu istiqamətdə işlər aparılır. Ümid edirik ki, qazandığımız medallar, tutduğumuz yerlər gələcəkdə bizim olimpiadaya qatılmağımıza köməklik göstərəcək. Bunun üçün illər lazımdır.

- Kempo ilə məşğul olmaq üçün yaş məhdudiyyəti varmı?

-Xeyr, hər yaş həddi üçün müəyyən hərəkət, idman qaydaları var. 6 yaş üçün olan tam fərqlidir, 45 yaş üçün olan tam fərqli. Bir də fərqli olan sənin hansı məqsədlə bu idman növü ilə məşğul olmağındır. Sən sağlamlıq üçün, məişət üçün bu idmanla məşğulsansa bu tam fərqlidir, eyni zamanda peşəkar idmançı kimi yarışlara qatılmaq fikrindəsənsə tam fərqli qaydada məşqlər etmək, hazırlaşmaq lazımdır.

- Müsahibələrinizin birində qeyd etmişdiniz ki, 6 nəfər ailə üzvü ilə birlikdə 34 kvadratmetr evdə yaşayırsınız. Ev ala bildinizmi?

-Xeyr, hazırda vəziyyət dəyişməyib. Bəzi adamlar balışının altına pul yığmaqla məşğuldur. Bu pulu gənclərə, gələcəyimizə sərf etmək lazımdır. Heç mənim maşınım da yoxdur, bir velosipedim var, onunla işə gedirəm. Bütün gücümü idmançılarımıza sərf edirəm. Dövlət bizim atamızdır, biz dövlətin övladlarıyıq. Ata bir gün bir övlada nəsə edirsə biz ondan küsməməliyik. Yəqin ki, bizim də problemimiz nə vaxtsa öz həllini tapar.

-Sizin probleminizdən danışaq. Rəhbəri olduğunuz Kempo klubunun fəaliyyətinə Gənclər və İdman nazirliyi tərəfindən problemlər yaradılırmı?

-Mən barəmdə yazılan yazıları oxuduqda şok vəziyyətinə düşdüm. Hərçənd ki, bir gün öncə qatıldığımız, Rumıniyada baş tutan yarışmada iştirakımız məhz Gənclər və İdman nazirliyi tərəfindən təmin edilmişdi. O səbəbdən də nazirliyin bizim fəaliyyətimizə icazə verməməsi kimi yayılan məlumatlar məndə gülünc doğurur.

Bu mənə qarşı yönəlmniş təxribat idi, belə ki, mənə kimlərsə sual verəndə ki, Rauf müəllim, "Kempo federasiyadır, yoxsa klub?" o zaman mən deyirəm ki, klubdur amma federasiyia kimi fəaliyyət göstərmək istərdik. Hətta rəsmi saytımızda da qeyd etmişik ki, rəhbərliyin səyləri olarsa biz federasiya kimi fəaliyyət göstərmək istərdik. Burada gizli heç nə yoxdur. Yəni belə bir söhbətləşmələri konteksindən, məğzindən çıxardıb Gənclər və İdman naziri Azad Rəhimov Kemponun təbliğatına imkan vermir kimi qələmə vermək doğru deyil. Bəzi federasiyalar var ki, onlar federasiyadır amma fəaliyyəti qənaətbəxş deyil. Yəqin ki, bir xəbəb var bizim federasiya kimi fəaliyyət göstərməməyimizdə.

-Həmin yazıya görə sizi Gənclər və İdman nazirliyinə çağırılmısınız o yazı ilə bağlı. Sizə nə deyildi?

-Bəli, məni nazirliyə çağırdılar. Bəzi məsləhətlər verildi, tapşırıqlar verildi. Deyildi ki, öz işlərimizlə məşğul olaq, belə söhbətlərə, qalmaqallara alət olmayaq. Biz də o səbəbdən ancaq işimizlə məşğuluq, bizə qarşı da təxribatçılıq edənlər, işimizə mane olmaq istəyənlər, pizlik etmək niyyətində olanlar öz arzularına çatmayacaqlar.

-Kempo üçün planlarınız nədir, son olaraq nələri bölüşmək istərdiniz?

-Kempo üçün arzularım bitib tükənməzdir. İstərdim ki, bölgələrimizdə Kempo məktəbləri yaradılsın, daha çox gənc bu idmana maraq göstərsin və bu idmanla məşğul olsun. İstərdim daha çox medallar gətirək ölkəmizə, bayrağımızı daha çox xarici ölkələrdə dalğalandıraq. İstərdim Kempo olimpiada oyunları siyahısına daxil edilsin. Olimpiadaya qatılaq. Eyni zamanda son olaraq sizə və sizin oxucularınıza öz təşəkkürümü bildirirəm ki, dəyərli vaxtınızı bizə sərf etmisiniz. İşlərinizdə uğurlar arzu edirəm.

-Biz sizə təşəkkür edirik.

Bizimyol.info

Paylaş »
››› “Putin gözlənilməyən yerə hücum edəcək” - Siyahıda hansı ölkələr var?
››› Baş Prokurorluq "Ştutqart"-ın sahibi olan keçmiş deputatla bağlı cinayət işi açıb
››› Dolların bahalaşması təxirə düşdü: Dünyada baş verənlər manatı möhkəmləndirir...
››› Ət niyə bahalaşdı və ya "pulu kreditə ödəyək, yoxsa cəriməyə"...
››› Nazarbayev son çıxışında nələrə eyham vurdu: “Ola bilər, təhlükəsizlik zəmanəti alıb”
››› Dünyanın ən bahalı evi hərraca çıxarılıb - Foto
››› Prezident İradə Gülməmmədovanı vəzifəsindən azad edib
Son xəbərlər
Bütün xəbərlər »