Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaxındakı uzaq Gürcüstan
Tiflisdən esse-reportaj: gördüklərim, eşitdiklərim, duyduqlarım, düşündüklərim

Dostlarımdan biri mənə irad tutdu. “Gürcüstana gedib-gəldin, heç nə yazmadın” dedi. Düz də dedi. Yazmadım. Orda gördüklərimi, eşitdiklərimi, hiss etdiklərimi yazmalıydım. Mənə və oxuculara maraqlı olan hər şeyi yazmalıydım. Ən əsası maraqlı olanlar deyil. Gürcüstanda yaşayan soydaşlarımıza faydalı ola biləcəkləri yazmalıydım. Budur, yazıram. Yazıram da... Faydası olacaqmı, olmayacaqmı – onu da bilmirəm.

Sözün doğrusunu desəm, yazmaq artıq mənə əvvəlki kimi zövq vermir. Bəlkə yaş da artıq öz işini görüb; qocalırıq, ağırlaşırıq. Gözümüzün işığı, ürəyimizin təpəri, ağlımızın kəsəri azalır. Bəlkə də hətta olub-bitənlərə biganələşirik. Yəqin bunların hamısı var. Az, ya çox dərəcədə. Olması da təbiidir. Ancaq düşünmürəm ki, biganələşirik. Olub-bitənlərə biganələşsəydik, Borçalıda görüşdüyümüz soydaşlarımızın dedikləri bizi tərpətməzdi, ürəyimizi ağrıtmazdı. Hər iki respublika müstəqil olandan bəri Gürcüstanda 600 min soydaşımızdan 230 min nəfərin orda qala bilməsi faktı bizi bu qədər göynətməzdi. Orda görüşdüyümüz ziyalı insanların ziyasız yaşamı bizi rahatsız etməzdi. Məncə, başlıca nədənlər bunlar – sadaladıqlarım deyil. Başlıcası, odur ki, sözün özü dəyərdən düşüb. Azad sözün meydanı yox dərəcəsinə qədər daralıb. Bütün dünyada deyəsən elədir. Bizim ölkəmizdə isə söz paradan daha öncə və daha sürətlə devalvasiya edir. Yəqin ki tariximizin heç bir dönəmində söz, söz adamı bu qədər dəyərsiz olmayıb. Özümüzü aldatmayaq. Kim bu saat yazdığı kitabın və ya qəzetin, jurnalın satışından əldə etdiyi qazancla dolana bilir?! Heç kim! Dürlü-dürlü kitab dükanları-filan açılır Bakıda. Dəfələrlə Gənclik Mall-dakı “Əli və Nino”dan kitab almağa getmişəm. Orda başqa mağazalar müştəri ilə dolub daşır, ancaq kitab dükanına baş çəkənləri yaxşı halda barmaqla saymaq olar. Qəzet satışından isə heç danışmağa dəymir. Deyəcəksiniz ki, indi çap versiyada kitab, qəzet oxuyan azalıb; yeni nəsil daha çox elektron kitablara üstünlük verir. Hətta səsli kitablar da var. Olsun. Çağın gəlişimi ilə ayaqlaşmağı kim istəmir?! Ancaq məni düşündürür: bu qədər oxuyuriqsa, bəs niyə bu gündəyik?! Sivil dünyadan niyə bu qədər geri qalmışıq?! Dostum demişkən, başqaları kosmosa raket uçurur, biz hələ 21-ci əsrdə ələm uçururuq.

Bax, elə orda – Gürcüstanda da gürcülərə də baxdım, bizimkilərə də. Marneulda görüş oldu. Bakıdan gedən bizlərlə, ordakı azərbaycanlı deputatla soydaşlarımızın görüşü. Buna görüşdən çox döyüş deyərdim. Gürcüstan parlamentinin azərbaycanlı deputatı Mahir Dərziyevlə camaat bir-biri ilə çox yüksək tonda “ünisiyyət” qurdu. Adamlar səs gücünün son həddində danışırlar- sanki Novqorod Veçesidir – kim daha bərk qışqırsa, o daha çox haqlı sayılacaq. Ağılın və məntiqin səsi belə yerdə eşidilməz olur; danışsa da eşidilməyəcəkdi. Məni ağrıdan ən çox o oldu ki, bu döyüşün dəyərlərdən çox maraqlar döyüşü olduğunu hiss etdim. Yanıla bilərəm. Ancaq belə hiss etdim.

SOCAR orda nələrsə tikir, qurur. Çox yaxşı. Hərçənd Marneuldakı o boş İdman Kompleksinin bizə nə faydası var – anlamadım. Üstəlik ayaqyolunun iyi dəhlizlərə qədər yayılmışdı. Sementi də “yeyiblər” – divar çat verib. Bu, bizim içimizə düşən çatdır; hər yerdə özünü xatırladır. Gürcüstandakı səfirimiz, səfirliyin işçiləri durumun fərqindədir. Səfirlikdə hazırlıqlı, patriot bir komanda var. “İgidi öldür, haqqını yemə” deyiblər (Bizə də çox diqqət göstərdilər sağ olsunlar). Ancaq onların da mandatının sərhədləri var. Əsas məsələ Gürcüstana nə qədər yatırım qoymaqda deyilmiş (Azərbaycan dövlət yatırımlarında, Türkiyə özəl yatıırmlarda birincidir Gürcüstanda). Əsas sual odur ki, Gürcüstana bu qədər yatırım da qoyduq, binalar tikdik, yollar saldıq. Ordan kəmərlər keçirdik, neft daşıyırıq, qaz ötürürük. PaşaBank-ın filialını da gördüm mərkəzi küçədə. Addımbaşı SOCAR da çıxır qarşımıza. Həm də təkcə benzindoldurma məntəqələri ilə deyil. Mirzə Fətəli Axundovun, Nəriman Nərimanovun ev-muzeylərini açmaq, Bülbülə büst qoymaq gözəl işlərdir. Hələ Mirzə Cəlilin də muzeyi olacaq. Cümhuriyyət qurucularının məzarları da abadlaşdırılıb. Bəyənilsin. Tiflis bizim mədəniyyət tariximizin canlı əsəridir. Orda böyük şəxsiyyətlərimiz yetişib, yaşayıb, çalışıb. Görülən işlərə kölgə salmaq niyyətim yoxdur. Bunu istəmirəm də. Ancaq məgər məsələ yalnız ora pul axıtmaqdadır?! Məgər məsələ təkcə dünyadan köçənlərə ehtiram göstərməklə bitir?! Yox! Bitmir. Dünyadan köçənlərə sayğımız qədər dünyada qalanlara qayğımız da olmaldır axı. Yatırımlarda Azərbaycan və Türkiyə birincidir. Yəni Gürcüstan iqtisadiyyatı iki türk dövlətinin parası üzərində dayanıb. Ancaq yenə də orda problem yaşayırıq. Doğrudan da, elə şeylər var ki, pulla almaq olmur...

Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusifov dedi ki, Azərbaycana ərə gedən qızlarımız nənə olub, ancaq hələ də Azərbaycanda vətəndaşlıq ala bilmirlər. Deyir, heç bir dil bilməyən soydaşlarımız işləməyə Azərbaycana gedir, orda qalmaq müddətini keçirəndə 400 manat cərimə olunur. Deyir: “Avropaya, Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedirik, Azərbaycana xarici pasportla”. Başqa biri dedi: “Bizmlə Mozambik vətəndaşı arasında fərq yoxdur”. O biri dedi: “Azərbaycan Təhsil Nazirliyi burdakı məktəblər üçün dərsliklər göndərir, onu bazarda satırlar”. Daha biri də deyir ki, Azərbaycan Milli Məclisi “Soydaş haqqında” qanun qəbul etməlidir və sair. Stop!

Öncə soruşum: Gürcüstanda doğulub böyümüş o cavanlar niyə yaşadığı ölkənin dilini bilmir? Ki, Azərbaycana məcbur qalır? 600 mindən 230 min qalmışıq Gürcüstanda. Burdan yola çıxmaq lazımdır. Şəhərin mərkəzində - Tiflisin orta göbəyində hələ də adda-budda da olsa, türk toponimləri qalb. “Meydan”I “Meidan”, “Seyidabad”ı “Seyidabadi”, “Narınqala”nı “Narikala” ... eləsələr də. Ordaymışıq biz. İndi hardayıq?! Hə, Qamsaxurdiyanın dönəmində çox sıxdılar bizi, ordan çıxarmaq üçün çox çalışdılar. Gizlətməyək, sonrakı dönəmlərdə də gizli-açıq bunu ediblər və edirlər. Biz nə etmişik?! Orda- mərkəzdən tutmuş əyalətlərə qədər bir çox azərbaycanlı ailələr evlərini satıb Bakıya axışıb. Hamı neftin başına yığışıb.

Bəli, Bakı neftimizin paytaxtıdır. Kimsə inciməsin. Milli ruhumuzun paytaxtı- Gəncə, ədəbi sözümüzün paytaxtı - Şamaxı, musiqimizin paytaxtı - Şuşa, elmi təfəkkürümüzün paytaxtı - Marağa, gülüşümüzün paytaxtı - Şəki, faciəmizin paytaxtı -Xocalı, həsrətimizin paytaxtı - Təbrizdir... Tiflis də mədəniyyət tariximizin paytaxtlarındandır. Bunlar, təbii ki, mənim subyektiv düşüncəmdir; şərtidir, obrazlıdır. Metaforalardır. Başlıca anlam başqadır. Biz mədəniyyət paytaxtlarımızdan olan Tiflisi qoyub getmişik. Həmin o Meydandan üzü cənuba – Kürün o biri sahilinə bax, orda ermənilər daha sıx yaşayır. Çoxu da adını, soyadını dəyişib. Gürcü toplumuna inteqrasiya olunub. Dil öyrənib, orda postlar tutub, mövqe, məqam sahibi olub. Biz isə... Bəli, deyəcəksiniz ki, din amili var-filan. Doğrudur. Mən demirəm ki, biz də ermənilər kimi edək. Adımızı-filan dəyişəsi deyilik. Ancaq bir yolunu düşünək. Biz o topluma qovuşmaq (qaynayıb qarışmaq) deyirik, adına inteqrasiya deyirlər. Misal: Fransada yaşayana “fransız toplumuna qayna-qarış” deyirik, qaynamadan qarışır - dilini də, soyunu da unudub gedir fransız olur, deyirik: “Öz milli identikliyinizi qoru”, çəkilir durur tamam qıraqda. Bunların ikisi də yanlışdır. İkisi də ifratdır. İndi sən, Gürcüstandan Avropaya, Türkiyəyə tək şəxsiyyət vəsiqəsi ilə gedə bilən qardaş, yaşadığın ölkədə daha dərin kök salmağa nə deyirsən?! Bizim insanımız burda Azərbaycanda Avropaya getmək üçün səfirliklərin, konsulluqların qapılarında sürünürkən səni sivil dünyaya tək şəxsiyyət vəsiqəsi ilə çıxaran dövlətdən niyə qopasan ki?! Öz prezidentini iki tura seçən, Avropaya inteqrasiya edən parlament respublikasının ictimai-siyasi həyatında niyə öz sözünü sən daha qətiyyətli inamla deməyəsən ki?! Yaxşı, gəlin, hamımız yığışaq bura – Bakıya. Nə olacaq axırı?! Düşündükmü?!

Bəli, Azərbaycan da bir dövlət olaraq xaricdən gələnlərin (onlar öz soydaşlarımız olsa belə) burada qalmasında çox da maraqlı deyil. Çox səbəblər var. Baxmayın ki, Filippindən dayə, Nigeriyadan futbolçu, Çindən tornaçı gətiririk... Öz vətəndaşlarını işlə təmin etməkdə çətinliyi olan ölkə xaricdən açıq və gizli miqrant axınına qarşı duracaq təbii ki. Üstəlik əgər qonşu ölkələrdəki soydaşlarımızın daha çox öz evində-yurdunda yaşamasında maraqlıyıqsa... Bunu niyə hesabdan silək?!

Deyirsiniz ki, Azərbaycandan gələn kitablar bazarda satılır. Səfirliyimiz deyir, belə şey yoxdur, soydaşımız deyir var. Tutaq ki var. Kim satır?! Özünüz. Buna Azərbaycan dövləti neynəsin?! Gürcüstan vətəndaşısınız. Bunu Gürcüstan orqanlarından tələb edin. Doğrudur, çətindir. Doğrudur, Azərbaycan dövləti sizə sahib çıxmalıdır. Sahib çıxmağa çalışır da. Ola bilsin, bu işlər də həmişə (bəlkə də həmişəki kimi) düz qurulmur. Ola bilsin, açıq deyəcəm, verilən dəstəyi arada kimsə mənimsəyir, səmərəli xərcləmir. Ola bilsin, sabotaj edənlər də var içimizdə. Bunlar hamısı ola bilər. Məgər Azərbaycanın özündə biz kefə baxırıq?! Orda – başqa ölkədə Azərbaycanın dövlət olaraq edə biləcəklərinin sərhədləri var, hüdudları var. “Soydaş haqqında” qanun dediniz. Yəqin ki, bu məsələ baxılar. Çünki qanun dediyin tək Gürcüstandakı soydaşlarmıza aid olmayacaq – İranda da, Rusiyada da, başqa dövlətlərdə də varıq. Bu qanun aid olduğu hər yerdə işləyəsidirsə, bütün nüanslar nəzərə alınmaq zorundadır. Eləcə bir nəfəsdə soydaş qanunu deməklə də olmur. Bu işin çətinlikləri var , incəlikləri var. Hər şey elə də asan deyil. Sizin üçün də asan olmadığı kimi.

Baxın, orda Gürcüstanda 200-dən çox öz məktəbimiz olub. İndi 80 civarında qalıb. Doğrudur ki, Azərbaycan dili və ədəbiyyatı müəllimlərini hazırlayan fakültə olmalıdır Gürcüstan təhsilində. Azərbaycanlı müəllimlər çox yaşlanıb. Cavanlar Bakıya, Gəncəyə gəlib oxuyur, qayıtmır Borçalıya. Ciddi problemdir. Belə getsə, bir müddətdən sonra ordakı məktəblərdə öz dilimizdə dərs deyə bilən olmayacaq. Bundan başqa Gürcüstan təhsil qanunu qəbul edib, “təhsilin dili gürcü dilidir” deyib. 2 mindən çox azərbaycanlı ailəsi öz övladlarını indi gürcü məktəbinə göndərir. Bunun pis tərəfi pisdir. Yaxşı tərəfindən də baxmaq lazımdır. Gürcüstanda iş tapmaq, vəzifə tutmaq üçün o ölkənin dilini, qanunlarını, sistemini bilməliyik. Bizim Rusiyada 2 milyondan çox soydaşımız var. Onlar rusdilli məktəblərdə oxuyurlar. Ancaq milli identikliklərini də saxlayırlar. Hər halda çoxu. Kim deyir ki, gedək farslaşaq, ruslaşaq, gürcüləşək. Biz heç öz ölkəmizdə türk ola-ola “türkləşə” bilmirik. Gürcü məktəbində oxuyanlar da gürcüləşməsin. Ailələr, diaspor quruluşlarımız, öz dilimizdə ədəbiyyatımız, mədəniyyətimiz buna imkan verməsin. Məsələ təkcə dövlətin məsələsi deyil. Hamımızın məsələmizdir. Bilirsiniz, mən həmişə yeri düşəndə deyirəm: mürəkkəb məsələnin sadə həlli olmur. Biz Gürcüstanda da, başqa yerdə də mürəkkəb durumdayıq. Burdan sadə çıxış yolu yoxdur. Gürcüstandakı soydaşlarımız bütün problemlərini Azərbaycan dövlətinin üzərinə atmasın, bütün dərdlərin çarəsini Bakıda axtarmasın gərək, Azərbaycan dövləti və toplumu da yaxasını kənara çəkib durmasın. Yoxsa orda da varlığımızı itirəcəyik.

P.S. Bakıdan Tiflisə qatarla gedib qayıtdıq. Qatara girən kimi adamı qəribə kəskin üfunət vurur. Elə bil qoyun-quzu daşınıb burda. O saat hiss olunur ki, Dəmir Yolu İdarəsinin başındakı adam heyvandarlıq rayonunun yetirməsidir. Bunu çox ciddi zarafat kimi qəbul edin. Belə vaqonda adam daşımazlar, dağlar oğlu! Kupeyə heç yerdən hava gəlmir – qapı-pəncərəni ölümünə bağlamısan. Elə bil dünyanın axırıdır. Kupe darkeş. Qatar ortalama saatda 45 km. sürətlə gedir. Adını da “sürət qatarı” qoymusan. Nə isə. Dedim, nə fayda, dağlar oğlu! Elə bil dağa-daşa dedim. İndiyədək dedik də nə oldu?! Hərçənd Mirzə Cəlil demiş: “Sözünü o kəslərə de ki, sənə qulaq asmırlar”...

Bahəddin Həziyev

Son xəbərlər
Bütün xəbərlər »