Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Polis rəisləri haqqında cinayət işi başlanılması üçün qərardad çıxarıla bilər”
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Müzəffər Sərxanbəyovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Bizimyol.info xəbər verir ki, hdisə bu ilin may ayında Bakının Bülbül prospektində yerləşən gecə klublarından birində baş verib. M.Sərxanbəyov əyləndikdən sonra tanımadığı şəxslərlə mübahisə edib. Mübahisə gecə klubundan çöldə davam edərkən o, iki şəxsə bıçaqla xəsarət yetirib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Mikayıl Rəhimov deyib ki, hadisə günü klubda olub: “Bir nəfər sərxoş olduğundan onu çölə çıxartdılar. Biz də çıxdıq, həmin vaxt Müzəffər həmin şəxsin yanındaydı. Biz ondan nəsə kömək lazım olub-olmadığını soruşduq. Bu vaxt Fərid söhbətə müdaxilə elədi, qışqırıb nəsə dedi. Sonra ara qızışdı, kənardan Emin gəlib Müzəffərin atasını söydü. Ardınca Emin onu yumruqla vurdu. Sonra Müzəffər onları bıçaqladı, mən bıçaqlama anını yox, sonradan qanı gördüm”.

Hakim qeyd edib ki, bu cinayət işində şahidlərin bəziləri və zərərçəkmiş şəxslərin özlərinin əməlində də cinayət tərkibi olsa da, istintaq bu əməllərə qiymət verməyib, həmçinin işi aparan müstəntiq cinayət işində pozuntulara yol verib. “İstintaq qeyd edib ki, zərərçəkmiş Emin həmin zaman ictimai borcunu yerinə yetirib, amma o hadisə vaxtı Müzəffəri yumruqla vurub. Hökmdə həmin şahidlər və zərərçəkmişlərlə bağlı da qərar veriləcək".

Daha sonra hakim bildirib ki, zərərçəkmişlər də məhkəməyə gəlib ifadə vermirlər: "Şahidlərin də bir neçəsi məhkəmədən yayınır. Bununla bağlı dəfələrlə Suraxanı rayon Polis idarəsi və Sumqayıt şəhər Polis idarəsinə müraciətlər edilsə də, məhkəmənin qərarı yerinə yetirilmir. Onlar tərəfindən məhkəməyə müraciətlə bağlı hər hansı cavab verilmir".

Hakim Z.Ağayev söyləyib ki, Daxili İşlər Nazirliyinə həmin polis idarələrinin rəisləri barədə məktub göndəriləcək: "Əgər növbəti prosesdə də məhkəmənin qərarı icra olunmasa, Suraxanı və Sumqayıt polis idarələrinin rəisləri haqqında cinayət işi başlanılması üçün qərardad çıxarıla bilər. Bizim təcrübəmizdə belə hallar olub”.

Məhkəmənin baxış iclası noyabrın 2-nə təyin edilib.

Qeyd edək ki, M.Sərxanbəyov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) 126.2.2 və 126.2.4-cü maddələri ilə təqsirli bilinir.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »