Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakının Tunc dövrünə aid gizli abidəsi məhv edilir - Video

Tunc dövrünə aid edilən Xəzər rayonu Türkan qəsəbəsində yerləşən “Kurqanlar çölü” abidəsi məhv olmaq təhlükəsi ilə üz-üzədir.

Bizimyol.info-nun əməkdaşı Ramid İbrahimov mövcüd vəziyyəti öyrənmək üçün “Kurqanlar çölü”ndə olub. Məlum olub ki, burada fəaliyyət göstərən daş karxanaları abidələrin əksəriyyətini məhv edib. Turizmin inkişafı üçün imkan yaradan tarix-mədəniyyət abidələrdən hazırda 3 kurqan, bir düşərgə və bir neçə metr daş yollar qalıb.

Tədqiqatçı Faiq Nəsibov bizimyol.info-ya bildirib ki, “Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən araşdırma aparılıb: “Bu kurqanlar 2003-ci ildə aşkar olunub. Kurqanlar tunc dövrünə aiddir. “Kurqanlar çölü”nün ərazisində fəaliyyət göstərən daş karxanaları onlarla kurqanı məhv edib. Hazırda yalnız 3 kurqan mövcuddur”.

Kurqanların yanından daş yollar keçib. Bakının daş yolları haqqında ilk dəfə rus akademiki İ.Y.Lerx 1723-cü ildə yazıb.

“Bakıya gələn Lerx Abşeronu tədqiq edib. O, yazıb ki Nargin adasında yollar var və bu yollar Şıx qəsəbəsində kimi uzanır. Sonradan “araba yolu” adlandırdığımız bu daş yollar haqqında Abbasqulu ağa Bakıxanov yazıb. O, qeyd edib ki daş yollar Bilgəh, Nardaran və başqa Bakı kəndlərində mövcuddur. Türkan ərazisindəki daş yollar 2003-cü ildə aşkar olunub”,-deyə F.Nəsibov bildirib.

O, deyib ki daş yollar dünyada məşhur abidədir: “Maltada daş yollar çoxdur. Maltada bu yollar haqqında tədqiqatlar aparılır. Bu yolun məqsədi hələ məlum deyil. Daş yollar turistləri Maltaya cəlb edir”.

F.Nəsibov deyib ki, Abşeronda daş yollara “araba yolları” deyilsə də, bu yolların araba vasitəsi ilə açılması mümkün deyil: “Bu yollar qayaların üzərində çəkilib. Araba ilə buradan keçsəniz belə yollar açılmaz. Bəzi yerlərdə daş yollarda 2 çızıq, bəzi yerlərdə 3, hətta 5 çızıq keçir. Bəzi yerlərdə daş yolların yarım metrə qədər dərinliyi var. Bəzi yerlədə isə cızıqlar dayazdır. Maraqlıdır ki bütün bu yollar dənizə aparır. Maltada da daş yollar dənizə qədər uzanır”.

Tədqiqatçı deyib ki, “Kurqanlar çölü” adlanan abidənin ərazisinə daxil olan yerdə düşərgə də var. Bu abidə də dağılmaq təhlükəsi ilə üz-üzədir.

“Daş karxanaları ilə yanaşı bu ərazidə aktiv tikinti işlərinə başlanılıb. Ərazi düzlənib. Mədəni irs abidələri olan kurqan və daş yollarIarın olduğu ərazidə şəhərcik salınacaq”,-deyə tədqiqatçı Faiq Nəsibov bildirib.

Məhv olmaq təhlükəsi ilə üz-üzə qalan “Kurqanlar çölü”ndən hazırladığımız reportajı təqdim edirik:

https://www.youtube.com/watch?v=Olc17X6WFKE

Son xəbərlər
Bütün xəbərlər »