Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gənc rəssamların əsərləri Luvr muzeyində - Fotolar

Kəmalə Məhərrəmova Bakıdakı 23 nömrəli məktəbin 8-ci sinif şagirdidir. Həm də iki ildir ki, tanınmış rəssam Alyona Bandurinanın incəsənət studiyasında rəsm çəkməyin incəliklərini öyrənir. Ötən il Bakıda rəsm sərgisində ilk dəfə iştirak edib.

Artıq Kəmalənin adı “Azərbaycanın gənc istedadları” ensiklopediyasına daxil edilib. Bir neçə gün əvvəl isə onun iki əsəri Fransanın məşhur Luvr muzeyinin Karusel salonunda açılmış 23-cü “Art Shopping” beynəlxalq müasir incəsənət sərgisinin ekspoziyasında yer alıb. Sərgiyə gələnlər R.Məhərrəmovanın milli üslubda işlənmiş “Miniatürlər”, həmçinin maraqla baxılan “Qız və nar ağacı” rəsmlərini yüksək qiymətləndirirlər.

Azərtac xəbər verir ki, oktyabrın 19-da işə başlamış, 800 rəssam və qalereyanın iştirak etdiyi “Art Shopping” beynəlxalq rəsm sərgisində gənc rəssamlarımız – Məryəm Ələkbərli, Əsmər Nərimanbəyova, Ziba Əliyeva, Kəmalə Məhərrəmova, Leyla Əliyeva, Aydan İsmayılova, Nigar Əhmədzadə, Eldar Hacıyev, Mirayla Abdullayeva və başqalarının əsərləri nümayiş olunur. Mütəxəssislərin fikrincə, Bakı rəssamlarının əsərləri mövzularına, milli motivlərinə və rəng seçiminə görə fərqlənir və ziyarətçilərin marağına səbəb olur. Daha bir məqam ondan ibarətdir ki, ötənilki sərgidən sonra Fransanın məşhur aktyoru Jerar Depardyenin gənc rəssam Məryəm Ələkbərlinin rəsm əsərini öz şəxsi kolleksiyasına daxil etməsi Azərbaycan məktəblilərinin tablolarına diqqəti xeyli artırıb.

Luvr muzeyindəki ənənəvi “Art Shopping” beynəlxalq incəsənət sərgisi bu gün – oktyabrın 21-də sona yetəcək.

Son xəbərlər
Bütün xəbərlər »