Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rus bölməsinə marağın qarşısını almaq üçün Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır" - Ekspert
“Son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb. Rus bölməsini ləğv etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlöhvlük olardı”.

Bu barədə bizimyol.info-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.

Ekspert qeyd edib ki, bu, birincisi vətəndaşların hüquqlarının pozulmasıdır: “Çünki, keyfiyyətli təhsil almaq istəyən ailələrin övladları bu təhsildən məhrum olacaqlar. İkincisi, bu daha ciddi sıxlığa gətirib çıxara bilər. Azərbaycan bölmələrində kadr potensialı kifayət qədər deyil, siniflərin sayı azlıq təşkil edəcək”.

Kamran Əsədov xatırladıb ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır: “Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil məktəblərində təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir”.

Ekspert hesab edir ki, sıxlığın və valideynlərin rus bölməsinə getməsinin qarşısını almaq üçün ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır: “Bundan sonra rus bölmələrinə qəbulu birbaşa yox, müsahibə mərhələsi tətbiq etməklə həyata keçirmək lazımdır. Yəni rus dilində bilik və bacarıqları olmayanlar, anlayışı olmayanları qəbul etməməklə bu problem aradan qaldırmaq olar.

İnsanlar ona görə rus bölməsində təhsil almağa çalışır ki, keyfiyyətli təhsil almasa da, heç olmasa bir xarici dili bilsin. Çünki Azərbaycan bölməsində xarici dillərin tədris vəziyyəti ürək açan deyil. Təhsil Nazirliyinin keçirdiyi DQ və MİQ imtahanlarında ingilis və rus dili fənni üzrə müəllimlərin nəticələri aşağıdır. Bu və ya gidər əlamətdar günlərdə, bayramlarda Azərbaycan bölməsinin bir sıra müəllimi şagirdlərdən pul yığsa da, rus bölməsində bu hala demək olar ki, rast gəlinmir.

Digər fənləri repititor yanında tələblərə cavab verən səviyyədə mənimsəmək mümkün olsa da, xarici dillərdə bu effektiv alınmır.

Hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini artırmaq lazımdır, ondan sonra təklif edirəm ki, ibtidai siniflərdə ancaq Azərbaycan bölməsi olsun, yuxarı siniflərdə isə rus və digər bölmələr olsun. Yəni əsas baza azərbaycan bölməsində başlasın. Azərbaycan bölməsində çox aşağı səviyyədə xarici dillər tədris olunduğuna görə insanlar rus bölməsinə meyl göstərirlər. Acınacaqlı hal odur ki, bu məsələyə qeyri-peşəkarlar nəzarət edir. Təhsildən anlaşıyı olmayan şəxslər bu məsələyə rəsmi mövqe bildirir və cavabdehlik daşıyır. Biz rus dilində təhsildən imtina edə bilmərik. Ölkə ərazisində rus vətəmdaşlar var”.

K.Əsədov xatırladıb ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir. Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bu şagirdlərin təhsil bölməsindən asılı olmayaraq həyata keçirilir.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »