Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda çoxdilliliyin zəruriliyi haqqında düşüncələr
Bu günlərdə övladlarını rus (və /və ya ingilis dili) bölmələrində oxutmaq istəyən valideyinlərə hücum səngimir. Əsas hücumçular isə 19-cu əsrin mollalarını və ya molla düşncəlilərini əvəzləyən müasir mollalar və “qısır”, yəni bəhərsiz milliyyətçilərdi. Çox dərinə getmədən iki məqama toxunmaq istəyirəm. Birinci, bizim indiki keçdiyimiz yolu bir çox ölkələr keçmişdir və mütərəqqi yolu seçən xalqlar çox sürətlə inkişaf edib inkişaf etmiş ölkələr sırasına keçmişlər və ya keçmək üzrədirlər. Ən sürətlə bu məqsədə çatan ölkə - Sinqapur buna əyani misaldır (dünyanın 86 ölkəsi və dövlət səviyyəli strukturları ingilis dilini rəsmi dövlət və ya ünsiyyət dili kimi qəbul etmişdir, dünya ölkələrinin yarısından çoxu, xüsusilə inkişaf etmiş ölkələr çox dillidirlər). Bu məqsədlə Li Kuanın məhşur əsərindən bir sitatı diqqətinizə çatdırıram - bizim bu günümüzlə təsəvvür olunmaz dərəcədə oxşardı (Ли Куан Ю. Сингапурская история: из "третьего мира" - в "первый" (1965 - 2000), стр. 95-97).

Və ya rəsmən Sinqapur yolunu seçmiş Qazağıstanı misal gətirmək olar: 1990-cı illərdə qazaxlar bu ölkənin əhalisinin cəmi 38%-ni təşkil edirdi, əhalinin yalnız 35%-i qazax dilində danışırdı. İndi Qazagıstan rus və demək olar ki, ingilis dilini də rəsmi ünsiyyət dili elan etməklə Sovetin ən inkişaf etmiş ölkəsinə, təhsil və elm göstəricilərinə görə islam aləminin ən yüksəkdə duran dövlətinə çevrilmiş, əhalinin 80%-dən çoxu qazax dilində danışır, qazaxların payı isə əhalinin 70%-nə çatır. Qazax dili misli görünməmiş inkişaf səviyyəsinə qalxmışdır (Azərbaycan dili müqayisədə dəfələrlə yüksək). Əks mövqeyi seçən ölkələrin əksəriyyəti ya Azərbaycan kimi və ya daha pis duruma düşmüşdülər. İkinci məqam – Müasir “mollalar” anlamalıdır ki, bununla bu milləti təhsildən, elmdən və texnoloji inkişafdan xeyli geri çəkirlər. Bu xalqı bayağı təriflərlə, “dualarla” başlayan, “sağlıqlarla” bitən və üçlü şəkillərlə açılan ana dilindəki “informasiya mənbəələri-kitablar” ümidinə qoymaq” kor və qapalı” müti, qul kimi bir nəsilin yetişməsindən başqa heç nə verə bilməz. Bunu istəyınlər ya özləri də bilmədən (bu özü də savadsızlığın nəticəsidi) və ya bilərəkdən ərəb islam işğalçı rejiminə və ya bu milləti cəhalət içərisində saxlamaq istəyində olan diktatura rejiminə xidmət edir. Bu millət nə qədər ki, ərəb islam beyin işğalı altındadı, nə qədər ki, fikir və düşüncə azadlığına sahib olmayıb, nə qədər ki, kasad milli dil informasiya mənbələri ümidinə qalır, hər hansı mütərəqqi yönlü inkişafdan söhbət gedə bilməz. Müstəqillikdən 26 il keçməsinə baxmayaraq Azərbaycan (türk) dilinin zənginləşdirilməsi üzrə hər hansı təməl bir tədbir görülməmişdi, dil üzrə elmi tədqiqat işi Sovet dövrü ilə müqayisədə xeyli zəiflədilmiş, elektron əsrinin başlamasına baxmayaraq elektron Azərbaycan dili yox dərəcəsindədir. Bu dilin özünün zənginləşdirilməsi başqa beynəlxalq dinlərin ciddi istifadəsindən keçir.

Bir dili istifadə edərkən o dilin daşıyıcılarına münasibətə uyğun hərəkət etmək özü cahillikdi. Ölkə və xalqın naminə iş görərkən istifadə etdiyin üsulların və ya təcrübənin sahibinə münasibəti deyil, nəticə etibarı ilə bu tədbirdən nə əldə edəcəyini nəzərə almalısan. Tale yüklü məsələlərdə cılız emosiyalardan kənar olmaq lazımdı, yalnız soyuq başla nəticəni ölçüb biçməlisən. Başqa yolla 1400 ildir olduğumuz yerdə də qalmaq təhlükəsi addım addım bizi izləyəcəkdir. 25-30 il əvvəl irəli sürdüyüm dövlət dili olaraq Azərbaycan türkcəsinin istifadəsi ilə yanaşı ingilis və rus dillərinə rəsmi status verilməsi təklifinin üzərində israr edirəm və hesab edirəm ki, bu Azərbaycan xalqına ən çox fayda verən tədbirlərdən olacaq. Hələ Sovet dağılmamışdan əvvəl şəxsən iştirakımla yaradılan Xəzər universitetində tədris dilinin Azərbaycan türkcəsi ilə yanaşı (humanitar fənnlər) ingilis dili elan olunması, şəxsən iştirakımla yaradılan ADİU-dəki xüsusi qrupda (sonralar Sabah qruplarının bazasını təşkil etmişdir) tədris dilinin Azərbaycan türkcəsi ilə yanaşı ingilis, rus və hətta, Anadolu türkcəsi qəbul olunması buna real misaldı və nəticələr hər kəsə bəllidir. Bu gün heç kim deyə bilməz ki, Xəzər universitetində Azərbaycan dili saya salınmır. İngilis dilinin tədris dili və rəsmi ünsiyyət dili kimi istifadə olunması ən parlaq Sinqapur təcrübəsində isbat olunmuşdur. Amma bizim ölkədə rus dilinin istifadəsi daha çox mübahisə doğurur, hətta bir ara molla beyinli jurnalistlərdən biri rusca danışan körpənin beynini dağıtmaq kimi iddiaya düşmüşdür. Cahilliyin hansı mərhələsində yaşaırıq? İnsanların hüquqlarını nə qədər məhdudlaşdırmaq olar ki, insanın hansı dildə danışmasını da yuxarıdan əmrlə həll edəsən? Rus dilinə Azərbaycanda rəsmi status verilməsi arqumentləri:

1. Yarım milyarddan çox dünya əhalisi rus dilində danışır, Azərbaycan əhalisinin ən azı yarısı rus dilində danışa bilir.. Deməli, əhalinin yarısının 500 milyonluq böyük bir bazara çıxış bazası var. Hər hansı bir başqa alətlə belə bir miqyaslı bazara çıxış etmək üçün bir müsəlman cəmiyyətinə yarım əsrdən çox vaxt lazımdır. Bu böyük potensialdır, bunu elə həmin dil üzərində xeyli artırmaq lazımdı. Və ya azərbaycan dilində virtual dünyada rus dili qədər informasiya bazası yaratmaq üçün əsrlərlə vaxt lazımdır. Rus dilini itirmək dünya informasiya bazasına çıxışı itirmək deməkdir.

2. Bu gün Azərbaycan dilində dünya informasiya bazasına çıxış payı maksimum 5%-di və getdikcə də nisbi olaraq məhdudlaşır, informasiya bazası daha sürətlə artır, nəinki, Azərbaycanca bu bazaya çıxış miqyası. Heç bir normal onlayn tədris proqramı (orta məktəb dil proqrmları, riyaziyyat, fizika, kimya, biologiya, iqtisadiyyat...., ali məktəb proqramalrı), tərcümə proqramı, dilin özünün öyrənilməsi proqramı (kənarda yaşayan 40 milyon azərbaycanlı ümumiyyətlə elmi Azərbaycan dilinin nə olduğunu bilmir), beynəlxalq sosial şəbəkələrə və qlobal tədris proqramlarına birləşmiş normal əlifba (Apple, google, android və s) yoxdur, yaxın gələcəkdə olması da gözlənilmir. Bir valideyn olaraq bu mütərəqqi valideynləri başa düşməmək cahillikdi. Olduqca kasad Azərbaycan dilinin ümidinə qalaraq övladlarımı qlobal elektron dünya şəraitində hansı dərsliklərlə, hansı soft proqramlarla, hansı elektron dərsliklərlə yetişdirməlidi?

3. Rus dilinə etiraz edənlər əsasən qısır türk milliyyətçiləridi. Rusiyanın az qala yarısı türk qruplarına məxsusdu, həmçinin rus dilinin hegemon olduğu türk dövlətləri keçmiş SSRİ ərazilərində yaşayır. Azərbaycanlıların bu dörd dövlət və 15-dən çox müxtar qurumlarla rus dilindən başqa hər hansı bir ünsiyyət vasitəsi yoxdur. Bu nə cür milliyyətçilik oldu? Rus dilini sıradan çıxarmaqla nəyə nail olmaq istəyirlər, bütün bu qardaş türk xalqları ilə əlaqələri kəsməyəmi? 19-cu əsrdə “mollaların oxutmuram əl çəkin” şuarından belə milliyyətçilərin şuarı nə ilə fərqlənir? Bu adamlar ya ölkədən kənara çıxmayıb, dünyadan xəbəri yoxdur, ya da xüsusi qurumlara xidmət edirlər və milləti cahillik içərisində saxlamaq istəyirlər.

4. Rusiya böyük resurslara malik geniş torpaqlarda yerləşir, bu ərazilərin də əksəriyyətində ruslar türklərlə uzun müddət iç içə yaşamışlar. Bu torpaqların mənimsənilməsində digər türk qrupları ilə yanaşı Azərbaycanlılar da iştirak etmişdir. Rusiyanın 77 milyarderindən 7-si Azərbaycan mənşəli şəxslərdi, bu şəxslərin cəmi var-dövləti bütün Azərbaycan Respublikasından xeyli çoxdur, büdcələri Azərbaycan büdcəsindən dəfələrlə çoxdur. Hər hansı Anadolu və ya Cənubi Azərbaycanlı Rusiyada biznes işi görərkən mütləq yanına bir Şimallı alır, bu da yenə də rus dilini bilmələri ilə əlaqədardı. Rusiya əhalisi rus milləti olaraq hər il bir milyon nəfər azalır. Rus dilini Azərbaycandan çıxartmaqla bu qədər böyük resursların mənimsənilməsindən Azərbaycanlıları məhrum etməkmi istəyirlər? Qətiyyən yol verilməzdir, tam əksinə geniş istifadə olunmalıdır.

5. Rus dili dünyanın və BMT-nın altı əsas dillərindən, həmçinin bütün digər beynəlxalq təşkilatların əsas dillərindən biridi, bizim insanların rus dili kimi digər dilləri mənimsəməsinə bizim asta gəl sürətlə çox böyük müddət lazımdır. Rus dili böyük elm, təhsil, mədəniyyət dilidir. Daşıyıcılarına münasibətin necə olmasından asılı olmayaraq bu gün bu Azərbaycana hərtərəfli çox lazımdır. Ərəb islam işğalı ilə müqayisədə Rusiya bizim üçün elə də zərərli dövlət olmayıb, Azərbaycana müstəmləkəçiliklə bərabər elm, təhsil, dil, əlifba gətirən bir xalq olub. Bizə müasir dövrdə təbii dağıdıcı güclərin faydalı enerjiyə çevrilməsi zərurəti kimi həm də dağıdıcı siyasi güclərin də faydalı enerjiyə çevrilməsi və millətin mənafeyi üçün istifadə olunması üçün də bu lazımdır.

6. Rusiya Azərbaycan dilinin inkişafını məhdudlaşdırmaq istəsəydi, 200 il müstəmləkəçilik illərində edərdi, o vaxt bunun üçün daha münbit şəraitə malik idi. İndi müstəqillik şəraitində buna qətiyyən nə istəyi, nə də imkanı yoxdur. Azərbaycan dilində ilk təhsil və tədris aparan, ilk türk-azərbaycan dili dərsliyini tərtib edən, ilk Azərbaycan dili dərsliyini yazan (hətta müəllifi rus olmuşdur- Vətən dili, 1 hissə, 1882, tərtibçi-Aleksey Osipoviç Çernyayevski), ilk elmi tədqiqat institutlarını, çoxsaylı univeristetləri (BDU AXC vaxtı qurulub, amma onun əsas rəhbər heyyəti ruslardan və rus dillilərdən ibarət olub) quran, Azərbaycanda savadsızlığı aradan qaldıran, ilk dilçilik institutunu, elm araşdırmaları və s həyata keçirən ... Rusiya olumuşdur (bunlar əsrlər boyu nə 35 milyonluq azərbaycanlı yaşayan İranda, nə 2 milyonluq Azərbaycanlı yaşayan Türkiyədə, nə İraqda və s. olmamışdı). Bu gün də 112 min kompakt Azərbaycanlı yaşayan Rusiyanın tərkibindəki Dağıstanda Azərbaycan dili dövlət dili kimi qəbul olunmuşdur, amma 35 milyonluq - İranda heç bir hüquqi statusa malik deyil. Haqqı itirmək olmaz, həm də boşuna qorxu yaratmaq olmaz.

Birdəfəlik olaraq bütün təhsil ocaqlarında humanitar dərslərin (dil, tarix, ədəbiyyat) milli dildə və digər dərslərin ingilis və rus dillərində aparılması ilə həm milli dili indikindən qat-qat yüksəklərə qaldırmaq olar, həm də digər iki dili ölkə boyu hər kəsin mənimsəməsinə şərait yaratmaq olar. Milli dilin inkişafı proqramı hazırlanmalı və ciddi tədbirlər həyata keçirilməlidi:

1. Milli dilin inkişafı və geniş miqyasda tətbiqi uzun müddətli proqramı hazırlanmalı və maliyyə mənbələri ilə təmin olunmalı;

2. Bütün təhsil ocaqlarında humanitar dərslərin Azərbaycan dilində aparılması;

3. Elektron Azərbaycan dilinin tərtibi və bütün başlıca şirkətlərlə (Google, Microsoft, Apple və s.) koordinasiyada tətbiqi;

4. Azərbaycan dilinin onlayn öyrədilməsi proqramının hazırlanması və büdcədən maliyyələşmə hesabına həm ölkədən kənar Azərbaycanlılara və həm də digər istəklilərə Azərbaycan dilinin əsaslarını öyrətmək;

5. Sosial şəbəkələr və şirkətlərdə Azərbaycan əlifbasını əsas siyahada əks etdirmək üçün həmin şirkətlərlə müqavilə münasibətlərinə başlamaq, həmçinin müxtəlif Azərbaycan əlifbalarının (ərəb, kril, latın) uyğunlaşdırılması -identifikasiyası proqramını hazırlamaq və onlayn istifadə üçün sosial şəbəkələrdə yerləşdirmək;

6. İngilis, rus və ya başqa dillərdə olan tədris proqramlarının, digər soft proqramların, dil öyrətmə proqramlarının müvafiq şirkətlərlə müqavilələr əsasında Azərbaycan dilinə tərcüməsinin təşkili və ya bu proqramlara Azərbaycan dilinin də daxil edilməsi;

7. Böyük informasiya bazalarının (Wikipediya, Ensklopediya və s) Azərbaycan dilinə tərcüməsi və müvafiq saytlarda yerləşdirilməsi (Sosial şəbəkələrdə fəaliyyət göstərən trolların işini bu istiqamətə yönəltmək olar);

8. Milli dilin zənginləşdirilməsi, xüsusilə, də qarşılıqlı anlaşma əsasında qardaş türk dilləri hesabna... İngilis və ya rus dilində bir sözü ifadə etmək üçün 5-6 sinonimdən istifadə olunur. Niyə, məsələn, yaxşı sözünə sinonim kimi iyi (türk), qowu(türkmən) və ya etmək, görmək sözünə sinonim olaraq yapmak (anadolu türkcəsi), jasay (qazaxca), qılmaq (özbək) və s. işlənməsin. Mənə elə gəlir ki, bu minvalla milli dilin söz ehtiyyatını iki dəfə artırmaq olar ki, bu həm də ortaq türk dilinə yaxınlaşmanı asanlaşdırardı.

Milli dili bu yolla inkişaf etdirmək, yaymaq, genişləndirmək və doğrudan da milli qürur obyektinə çevirmək olardı.

Dərin hörmət və ehtiramla,

Prof. Dr. Saleh Məmmədov

Son xəbərlər
Bütün xəbərlər »