Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qüdrət Həsənquliyev: "Xaricdə təhsil alanlara fərqli maaş təklif edilməlidir”
Ziyafət Əsgərov: Onları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil”

Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Azərbaycanda ingilis dilli pulsuz məktəblərin açılmasını təklif edib.”Ölkəmizdə inglis dilinin öyrənilməsinə də ehtiyac var və bu dilin öyrənilməsi ilə bağlı dövlət proqramı qəbul edilməlidir. Azərbaycanda ingilis dilli məktəblər var, lakin onlar çox bahalıdırlar. Rusiyanın Azərbaycanda daha 3 universitetinin filialını açmaq niyyətində olduğunu deyən Q. Həsənquliyev vurğulayıb ki, dünyanın ilk 200-lüyünə daxil olan ali məktəblərin ölkəmizdə filialının açılması istiqamətində işlər görülməlidir.

Deputat xaricdə təhsil alan tələbələrin Azərbaycanda işləməsi məsələsinə toxunub.

“Çox təəssüf ki, xaricdə təhsil alan tələbələr ölkəmizə qayıtdıqdan sonra burada əmək haqqının azlığına görə çalışmaq istəmir, yenidən geri qayıdırlar. Həmin uşaqlar üçün fərqli maaş təklif etmək imkanı olmalıdır. Biz dövlət orqanları, idarə təşkilatları üçün belə bir imkan yaratmalıyıq ki, fərqli əmək haqqı imkanları yarada bilsinlər. Xaricdə təhsil alan tələbələr kadr ehtiyatı kimi geri çağırılmalıdır”.

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə deyib ki, xaricdə təhsil alanları Azərbaycandakı tələbələrdən fərqləndirmək və onları daha yuxarı pilləyə qoymaq doğru deyil. “Azərbaycan təhsilini və tələbəsini bu qədər aşağılamaq olmaz. Bakı Dövlət Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaxşı kadrlar yetişdirir. Məgər onlar xaricdə oxuyanlardan əskikdirlər?”

O qeyd edib ki, xaricdəki universitetlərdə qeyri-adi təhsil vermirlər. “Öz fəaliyyətimdən misal çəkə bilərəm, tələbələrimdən 22-si magistr təhsilini müxtəlif xarici ölkələrdə alıblar və onların 80 faizi universiteti fərqlənmə diplomu ilə bitiriblər. Bu, onların Azərbaycanda aldıqları bakalavr təhsilinin nəticəsidir. Gəlin Azərbaycandakı universitetlərə, görün necə təhsil verirlər”.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »