Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sürücülər bundan istifadə edib qaydaya əməl etmirdilər” - Ekspertdən açıqlama
Paytaxtın küçələrində yaranan tıxacların qarşısının alınması və nəqliyyat şəraitinin yaxşılaşdırılması məqsədi ilə sarı kəsişmə torunun tətbiqinə başlanılıb. Pilot layihə olaraq, ilk sarı kəsişmə toru S.Vurğun və A.Bakıxanov küçələrinin kəsişməsində təşkil edilib.

Yeni tətbiqlə bağlı nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Bizimyol.info bildirib ki, nizamsız sürücülər yeni qaydadan sonra öz hərəkətlərinə diqqət edəcəklər.

“Yeni qayda yolayrıcına keçmə qaydasına əməl etməyə sövq edən yenilikdir. Faktiki olaraq bir maarifləndirmə alətidir ki, yolayrıcına daxil olan sürücü daha diqqətli olsunlar. “Yol Hərəkəti Haqqında” qanunun 75-ci maddənin 2-ci bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə yol verməlidir. Təəssüf olsun ki bir çox sürücülər bu qaydaya əməl etmirlər. Bu da nəticə etibarı ilə nəqliyyatın hərəkətində sıxlığın yaranmasına səbəb olur”,-deyə A.Allahverənov bildirib.

Ekspertin sözlərinə görə, ABŞ-da, Böyük Birtaniyada və qonşu Rusiyada sarı kəsişmə toru tətbiq olunub və müsbət nəticələr də əldə olunub.

A.Allahverənov qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 327-ci maddəsinə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) əsasən yolayrıcını keçmə qaydalarının pozulmasına görə cərimə sanksiyasi nəzərdə tutulub: “Sürücülər yol polisinin diqqətindən kənarda qalmasından istifadə edib bu qaydaya əməl etmirdilər. Nəticədə sıxlığın, tıxacın yaranmasına rəvac verdilər. Nizamsız sürücülər yeni qaydadan sonra öz hərəkətlərinə diqqət edəcəklər. Ən azı ona görə dövlət yol polisi qaydaya əməl etməyən şəxsləri müşahidə edərək cəzalandırılacaq. Halbuki bu məcəllədə 60 manat cərimə sanksiyası və üç cərimə balı nəzərdə tutulub”.

Ekspertin sözlərinə görə, yeni qaydanın tətbiqi ilə yolayrıcında tıxacı yaradan səbəbin qarşısı alınacaq: “Pilot layihə digər küçələrdə tətbiq olunacaq. Bakı Nəqliyyat Agentliyi digər qurumlar qarşısında təkliflə çıxış etməyə çalışır ki, sarı kəsişmə torunun qanunvericilikdə əks olunması ilə bağlı müəyyən dəyişikliklər qəbul edilsin”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »