Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prokuror sabiq nazir müavinin qohumuna cəza istədi
Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. R.Hüseynov sabiq nəqliyyat nazirinin müavini Arif Əsgərovun baldızı oğludur. İttihama görə, Rahib Hüseynov ümumilikdə 4 milyon 300 min manat dələduzluqda ittiham edilir. O, zərərçəkənləri Azərbaycan Dəmiryolları QSC-yə yataq dəstləri gətirmək adı ilə aldadıb. Zərərçəkənlərdən biri olan Qoşqar Zeynalov Tovuz rayon icra hakimiyyətinin sabiq başçısı Tofiq Zeynalovun oğludur. Cinayət işində A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanır. O, cinayət işində şahid kimi tanınıb.

Bizimyol.info xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək, Rahib Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs-qətimkanla əvəzlənərək, məhkəmə zalında həbs edilməsini istəyib.

Proses oktyabrın 16-da davam etdiriləcək.

R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham verilib.

Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib.

Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmiryolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib.

Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, "qara mühasibatlıq" işinə də R.Hüseynov nəzarət edib.

Rahib Hüseynovun digər qardaşı Emil Hüseynov Bakı Ağır Cinayətlər Məhkəməsinin ilə 9 il cəza alıb.

Həmin cinayət işində də A.Əsgərovun oğlu, “Liman Group” şirkətinin rəhbəri Elnar Əsgərovun da adı hallanırdı. E.Hüseynov pulları Elnara verdiyini deyib. Cinayət işində şahid kimi tanınan Elnar Əsgərov isə deyilənləri rədd edib.

Arif Əsgərov 2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışıb. O, 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edilərək, nəqliyyat nazirinin müavini təyin edilib. Bir müddət əvvəl Nəqliyyat Nazirliyi ləğv edilərək Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilib və o, vəzifəsini itirib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »