Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elanı
Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı "Zaman və məkan” adlı qısametrajlı sənədli filmlər üçün ssenari müsabiqəsi elan edib.

İttifaqdan APA-ya verilən məlumata görə, müsabiqə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, gənc və istedadlı müəllifləri aşkara çıxarmaq, milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədi ilə keçirilir.

Müsabiqə həm də digər sahələrdə çalışan gənclərə, kinoda özlərini sınamaq imkanı yaratmaq və bununla da mövcud rəqabəti gücləndirmək üçün nəzərdə tutulub.

Yaşı 35-ə qədər olan bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.

Yarışmaya təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır. Ssenari orijinal və ekranlaşdırılmamış olmamalıdır. Ssenarilər müsabiqəyə 20 səhifədən çox olmamaq şərti ilə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

Müəllif ssenari ilə birgə tərcümeyi-halını da təqdim etməlidir. Hər bir müəllif 3 ssenaridən artıq təqdim edə bilməz. Ssenarilər oktyabr 31-dək Kinematoqrafçılar İttifaqına göndərilməlidir.

Müsabiqənin peşəkar münsiflər heyətini Respublika Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti məxfi seçim nəticəsində üç ssenarini qiymətləndirəcək.

Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. I yer üçün 1500, II yer 1000, III yer 500 manat pul mükafatı nəzərdə tutulub.

Müsabiqənin nəticələri noyabr ayında açıqlanacaq.

Son xəbərlər
Bütün xəbərlər »