Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan prezidentinin Düşənbədə MDB Dövlət Başçıları Şurasında iştirakı və Ermənistan baş naziri ilə görüşünə dair
Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının geniş və məhdud tərkibdə görüşləri olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşlərdə iştirak edib.

Tacikistan Prezidenti Emoməli Rəhmon çıxış edərək qonaqları salamlayıb və iclasın işinə uğurlar arzulayıb. Qeyd edib ki, ötən dövrdə ənənələrə uyğun olaraq ölkələr arasında münasibətlərin möhkəmlənməsinə və inkişafına xüsusi əhəmiyyət verilib.

Tacikistan Prezidenti ölkəsinin MDB çərçivəsində fəaliyyəti barədə məlumat verib. Prezident Emoməli Rəhmon Tacikistanın Şuraya sədrliyi dövründə müxtəlif sahələr üzrə 40 iclasın keçirildiyini diqqətə çatdırıb. Bildirib ki, ötən dövrdə terrorizm, ekstremizm, narkotiklərin qeyri-qanuni dövriyyəsi, iqtisadi sahədə cinayətkarlıq, qanunsuz miqrasiya, insan alverinə qarşı mübarizə məsələləri qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini təşkil edib. “MDB çərçivəsində qəbul edilən sənədlərə müvafiq olaraq iqtisadi sahədə əməkdaşlıq müsbət nəticələr verib”, - deyən Tacikistan Prezidenti humanitar sahənin inkişafına da xüsusi diqqət yetirildiyini vurğulayıb.

Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.

İclasda Prezident Emoməli Rəhmon Tacikistanın sədrliyi dövründə Şuranın fəaliyyəti haqqında məlumat verib. O, bu iclasın nəticəsi olaraq qəbul ediləcək qərarların Şuranın gələcək fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib. Emoməli Rəhmon 2019-cu ildə MDB-yə sədrliyin Türkmənistana keçməsi barədə Şura iclasının qərarını elan edib.

Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirərək, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayb.

MDB İcraiyyə Komitəsinin sədri-icraçı katib Sergey Lebedev Şuranın məhdud tərkibdə iclasında müzakirə olunmuş məsələlər barədə məlumat verərək, Şuranın növbəti iclasının 2019-cu ilin oktyabrında Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcəyini diqqətə çatdırıb.

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyeko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış edib.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verib. Hər iki sənəd yekdilliklə qəbul olunub.

İclasda bəzi prosedur məsələlərə baxılıb, daha sonra dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzalayıblar.

Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub. Tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər. Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar.

Biz Paşinyanın Düşənbə sammitindən sonra mövqeyinin xeyli dəyişdiyini müşahidə edirik. Ermənistan baş nazirinin fikirlərində yeni yanaşmanın təzahürləri özünü büruzə verir. Görünür, regionda Azərbaycanın uğurlu diplomatik, siyasi, hərbi demarşları, Ermənistanın mövqeyinin zəifləməsi işğalçı ölkənin baş nazirini artıq fərqli mövqedən çıxıs etməyə vadar edir.

Eyni zamanda, İlham Əliyevin üstün işgüzar keyfiyyətlərinin onda dərin təəssürat doğurduğunu Nikol Paşinyan öz xalqı qarşısında etiraf edib.

Onun mövqeyinin yumşalmasını bir neçə amillə əlaqələndirmək olar ki, bunların arasında qeyd etdiyimiz kimi Azərbaycanın davamlı, getdikcə artan uğurları və bunun əksinə

Ermənistanın baş nazirinin öz ölkəsi barədə getdikcə eyforiyadan uzaq real vəziyyəti dərk etməsini xüsusi qeyd edə bilərik.

Eyni zamanda, Nyu Yorkda ABŞ prezidenti ilə görüşün baş tutmaması, Putinin Ermənistana vəd etdiyi səfərdən qeyri-müəyyən vaxta qədər imtina, yəni faktiki iki böyük dövlət başçısının Ermənistan rəhbəri ilə görüşlərdən imtina etməsi Paşinyanı Azərbaycanla dialoq axtarma təsəbbüsünə vadar edib.

Azərbaycan Ermənistana son dövrlər çox ciddi formada əsl master klass göstərdi. Möhtəşəm hərbi parad, ordumuzun genişmiqyaslı təlimləri, Ərdoğanın, Libermanın və Putinin Bakıya səfərləri erməniləri psixoloji baxımdan sarsıtmaqla bərabər, həm də onlarda məğlubiyyət sindromunu gücləndirməyə növbəti dəfə müvəffəq oldu.

Təbii ki, ən məlumatlı şəxs dövlət başçısı olaraq Paşinyan özüdür. Onun istənilən mənbədən real vəziyyət barədə məlumat almaq imkanı var. Paşinyan hazırda istər hərbi, istər diplomatik-siyasi, istər maliyyə baxımdan Azərbaycanın üstünlüyünü dərk edir. Üstəlik, Trampla baş tutmayan görüş onda ümidsizliyi bir qədər də artırdı.

Artıq ABŞ-ın Ermənistana dayaq durmayacağını, neytrallığı saxlamaq istədiyini görən Paşinyan tək çıxış yolunun hazırda Azərbaycanla anlaşmaq olduğunu dərk etməyə başlayıb.

Ermənistanın köhnə müttəfiqi Rusiya ilə münasibətləri pisləşib, yeni müttəfiq olmaq istədiyi ABŞ isə ona əl uzatmır.

Belə bir şəraitdə Paşinyan Düşənbə sammitində İlham Əliyevlə yaxınlaşmağa, Azərbaycanla dil tapmağa çalışdı. Görünür, prezidentimizin siyasətçi kimi xarizması, üstün şəxsi keyfiyyətləri də onda dərin təəssürat yaradıb. O, İlham Əliyevin yüksək təhsilli, çox savadlı insan olduğunu erməni ictimaiyyəti qarşısında etiraf edib.

Odur ki, əgər Paşinyan özü sabit, normal düşüncəli, doğurdan da konstruktiv dialoq istəyən sitasi xadimdirsə, o, İlham Əliyevin ona verdiyi ünsiyyət şansından maksimum dərəcədə faydalansa yaxşı olardı.

Nəzakət Məmmədova, politoloq, xüsusi olaraq “Bizim Yol” üçün

Son xəbərlər
Bütün xəbərlər »