Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“O böyük alim, yaxşı müəllim və nüfuzlu siyasətçi idi”
Keşmiş tələbəsi mərhum professor haqqında xatirə və mülahizələrini bölüşür

Oktyabrın 2-də Bakı Dövlət Universitetində Milli Məclisin, Yeni Azərbaycan Partiyasının və BDU-nun təşkilatçılığı ilə Azərbaycan Respublikasının əməkdar hüquqşünası, hüquq elmləri doktoru, professor, görkəmli ictimai-siyasi və dövlət xadimi Murtuz Ələsgərovun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib. Murtuz Ələsgərov 20 sentyabr 1928-ci ildə Gəncə şəhərində anadan olub. İndiki BDU-nun hüquq fakültəsini və Moskvada aspiranturanı bitirib. BDU-da müəllim kimi fəaliyyət göstərməyə başlayəb, Kostitusiya hüququ kafedrasının müdiri, sonra isə BDU-nun rektoru olub.

Murtuz Ələsgərov I, II və III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı, 1996-cı və 2000-ci illərdə isə Milli Məclisin sədri seçilmişdir. 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri olmuşdur. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi dövrdə ölkə üçün tarixi əhəmiyyət kəsb edən taleyüklü hadisələrin fəal iştirakçısı olan, Yeni Azərbaycan Partiyasının təsis edilməsi və formalaşmasına fəal şəkildə qoşulan Murtuz Ələsgərov ömrünün sonunadək partiyanın sədr müavini vəzifəsini tutmuşdur. Kiyev Milli Universitetinin fəxri doktoru idi. Beynəlxalq Hüquq Assosiasiyasının və Azərbaycan Hüquqşünaslar İttifaqının üzvü idi. 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifi olmuşdur. Rus və ingilis dillərini bilirdi. 1998-ci ildə -anadan olmasının 70 illik yubileyi münasibətilə dövlətin ən ali mükafatlarından olan “İstiqlal” ordeni ilə təltif edilmişdir. Üç övladı var. 7 avqust 2012-ci ildə uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat etmişdir. Öğulları – Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov, eləcə də, Fəxri Ələsgərov onun yolunu davam etdirirlər.

Murtuz Ələsgərovun elmi-pedoqoji, ictimai-siyasi fəaliyyəti ilə bağlı “Bizim Yol” qəzetinin və bizimyol.info saytının suallarını Konstitusiya Araşdırmaları Fondunun Prezidenti, Preziodent yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Ədliyyə naziri yanında Penitensiar Xidmət üzrə İctimai Komitənin koordinatoru, 2001-2005-ci illərdə Milli Məclisin deputatı olmuş, tanınmış hüquqşünas Əlməmməd Nuriyev cacavlandırıb.

- Professor Murtuz Ələsgərov Sizin yadınızda müəllim olaraq necə qalıb? Onun tələbəsi olmusunuz. Sizə hansı fənlərdən dərs deyib? Onun tədris üslübu necə idi?

- Murtuz müəllim bizə Konstitusiya hüququ (həmin vaxt bu fənn Dövlət hüququ adlanırdı) fənnindən dərs deyib. O, tədris etdiyi fənni incəliklərinə qədər bilən və öz biliyini tələbələrə səxavətlə və ustalıqla çatdıran müəllim olub. Mövzunu tam sərbəst şəkildə, qanunvericiliyin quru və şablon dilindən uzaq tərzdə, aramla və tələbələrin başa düşəcəyi anlaşıqlı dildə izah etmək Murtuz müəllimin əsas tədris üslubu olub. Biz onun mühazirələrində məcburiyyətdən uzaq şəkildə iştirak edirdik. Onun mühazirələri biz tələbələr üçün cansıxıcı və darıxdırıcı deyil, canlı və maraqlı olurdu. Ən şuluq tələbələr belə onun mühazirələrində sakit olurdu. Biz ona diqqətlə qulaq asır, demək olar ki, hər kəlməsini yadda saxlamağa çalışır, hər dərsdə Konstitusiya hüququnun yeni-yeni məsələlərini öyrənirdik. Mövzunu izah edərkən həmişə digər ölkələrin qanunvericiliyi və təcrübəsi ilə müqayisə aparardı. Zahirən zəhmli görünsə də, çox qayğıkeş və mehriban bir insan idi. Mühazirələrdə tez bir zamanda işgüzar mühit yaratmağı, auditoriyanı ələ almağı, tələbələrlə ünsiyyət qurmağı və onların diqqətini mühazirənin mövzusuna cəlb etməyi bacarırdı.

- Murtuz müəllim bildiyim qədər öz işinə, rəhbərlik etdiyi sahəyə, tələbələrinə, iş yoldaşlarına qarşı tələbkar insan olub. Adətən tələbələr tələbkar müəllimdən qorxurlar. Ancaq zaman keçdikcə, bu qorxu yerini sevgiyə verir – çünki dərk edirsən ki, o tələbkarlıq olmasaydı, bu gün Murtuz müəllimin tələbələrinin uğurları da olmazdı, ya da az olardı. Bu anlamda Sizdə Murtuz müəllimdən daha çox qorxu vardı, ya ona sevgi? Onun imtahanlarından qorxurdunuzmu?

- Təbii ki, hər dəfə imtahana girərkən tələbələr həyəcanlı anlar yaşayırlar. Bir çox hallarda bu həyəcana həm də qorxu hissi qarışır. Bu qorxu hissi adətən 2 xarakter daşıyır: 1) müəllimdən qorxmaq; 2) suallara cavab verə bilməməkdən qorxmaq. İmtahan götürən müəllim əzazil olanda, hər vasitə ilə tələbəni çətinliyə salmağa, onu dolaşdırmağa, qiymətini aşağı salmağa, kəsməyə çalışanda, tələbələr istər-istəməz həmin müəllimdən qorxurlar. Lakin Murtuz müəllim belə müəllimlərdən olmayıb. O, imtahan zamanı tələbəni səbrlə dinləməyi, yeri gələndə həyacandan yaddan çıxardığı məsələləri ona xatırlatmağı və onun biliyini layiqincə qiymətləndirməyi bacarırdı. Heç vaxt hətta sualları bilməyən tələbəyə də hirslənməz, “heş nə bilmirsən” deyə onun üstünə səsini qaldırmazdı. Heç bir tələbəni də haqsız yerə kəsməzdi. Əlavə suallar verməklə tələbənin həmin mövzunu mənimsəmə səviyyəsini aydınlaşdıraraq qiymət yazardı. Ona görə də biz onun imtahanına gedərkən həyacan keçirsək də, haqsızlıqla üzləşəcəyimizdən qorxmazdıq. Murtuz müəllim, həm də imtahanda assisetlərin (imtahan götürən müəllimin köməkçisi) tələbələri incitməsinə, nahaq yerə əziyyətə salmasına imkan verməzdi. Düzdür, Murtuz müəllim çox tələbkar idi, tələbələrin biliyini qiymətləndirərkən təkcə imtahan biletinin suallarına verilən cavabla kifayətlənməz, əlavə suallar da verərdi. Bu suallar bəzən çətin olurdu. Lakin bizi sualların çətinliyi yox, həmin suallara yaxşı cavab verə bilməmək qorxudurdu. Bilirdik ki, Murtuz müəllim bu suallarla bizi çətin vəziyyətə salmaq, qiymətimizi azaltmaq məqsədi güdmür. Əksinə, bizim biliyimizi daha obyektiv qiymətləndirmək üçün belə sualların verilməsi zəruridir. Ona görə də imtahana hazırlaşarkən dərsliklərlə kifayətlənməz, əlavə materiallar oxuyar, Murtuz müəllimin mühazirələrdə söylədiklərini təkrar yada salardıq.

- Mən başqa fakültənin tələbəsi olsam da, onun dövlət hüququ, Konstitusiya hüququ üzrə mühazirələrində könüllü iştirak etmişəm. Sərt görünüşlü, çox ciddi bir müəllim idi. Ancaq maraqlı dərs keçirdi. Çoxlu analogiyalardan istifadə edirdi. Onun mühazirələri hələ də yadımdadır. Bu, mənə sonrakı jurnalist fəaliyyətimdə çox kömək etdi. Hələ orta məktəbdə oxuyarkən onun televiziyada apardığı siyasi icmallara maraqla baxırdım, heç bir verilişi izləməmiş buraxmazdım. Gələcək publisist kimi belə verilişlər o zaman mənim üçün çox faydalıydı. Bəs Sizin dövlət işində, ictimai-siyasi və vəkillik fəaliyyətinizdə Murtuz Ələsgərovdan əxz etdiyiniz hansı biliklər, məlumatlar daha çox karınıza gəlib?

- Universitetdə öyrəndiyim hüquq sahələri, o cümlədən Konstitusiya hüququna dair Murtuz müəllimdən öyrəndiyim biliklər ilk növbədə ictimai-siyasi fəaliyyətimdə, Prezident Aparatındakı işimdə, daha çox isə Milli Məclisin deputatı kimi fəaliyyətimdə mənim üçün yararlı olub. Milli Məclisdə qanun layihələri, qüvvədə olan qanunvericiliyə əlavə və dəyişikliklər müzakirə olunarkən vaxtilə Murtuz müəllimdən əxz etdiyim məlumatlar, xüsusən də digər ölkələrin təcrübəsi barədə məlumatlar daha çox karıma gəlib və bu gün də vətəndaş cəmiyyətində fəaliyyətimizdə çox yardımçı olur.

- Murtuz Ələsgərov indiki Bakı Dövlət Universitetində Xalq Cəbhəsinin özəyinin yaranmasında, milli-azadlıq hərakatında fəal rol oynadı. İlk İdarə heyətinin formalaşması yadımdadır. O zaman mən də redaksiya heyətinə seçildim. Murtuz müəllim çalışırdı ki, mövcud qanunvericiliyin verdiyi imkanlar çərçivəsindən kənara çıxmadan da siyasi mübarizəni aparsın. O zaman məqsəd Azərbaycanın müstqilliyinə nail olmaq və ərazi bütövlüyümüzü qorumaq idi. Bu ikisi bir arada çox çətin iş idi. Murtuz Ələsgərov siyasətə hüquqşünas üslubu ilə yanaşırdı; qanunları dəyişmək üçün elə qanunlar çərçivəsində mübarizə aparırdı. Siz bu proseslərin şahidi kimi nə deyə bilərsiniz? Sizcə, Murtuz Ələsgərov yeni siyasi reallıqlar yaratmaq üçün özünün hüquqçu kimi elmi-praktiki baqajından necə istifadə edə bilirdi?

- Xalq hərəkatı başlayarkən Murtuz müəllim ön sıralarda gedən insanlardan olub, Universitetdə Xalq Cəbhəsinin özəyinin yaradılmasında fəal iştirak edib, AXC Ali Məclisinin üzvü olub. Düzdür, o, hadisə və proseslərə bəzən başqa bir baxış bucağından yanaşırdı, daha çox mötədil hüquqşünas kimi düşünürdü və hüquqi vasitələrə üstünlük verirdi. Bu dövrdəki fəaliyyəti zamanı ölkənin aparıcı hüquqşünaslarından biri kimi öz nüfuzundan, elmi və praktiki baqajından istifadə edib, bir çox sənəd və layihələrin müəllifi olub. Hələ ermənilərin Dağlıq Qarabağ avantürasının yeni mərhələsi başlayan ilk vaxtlarda bu avantüranın ideoloqlarından və təşkilatçılarından biri, o zaman Sov.İKP MK-nın baş katibinin müşaviri olan Aqanbekyana rəhbərlik etdiyi kafedradan telefon açaraq onunla sərt şəkildə danışmışdı. Universitetin bir qrup müəllimi tərəfindən imzalanan “Tarixin dərsi- zəkanın səsi” adlı sənədin təşəbbüsçülərindən və müəlliflərindən biri olmuşdu. Xalq Cəbhəsinin tələb və təzyiqi ilə Azərbaycan Ali Sovetinin 1989-cu ildə qəbul etdiyi “Suverenlik haqqında” Konstitusiya qanunun müəlliflərindən biri olub. Nəhayət 1991-ci ildə qəbul edilmiş Dövlət Müstəqilliyinin Bərpası Haqqında Konstitusiya Aktının hazırlanmasında iştirak edib. Yeri gəlmişkən qeyd etməliyəm ki, 1990-cı il Azərbaycan Ali Sovetinə seçkilər zamanı, Milli Azadlıq Hərakatının öncüllərindən biri kimi Murtuz Ələsgərovun parlamentə düşməməsinə imkan verməmək üçün Ayaz Mütəllibov tərəfdarları açıq saxtakarlığa əl atdılar. O zamankı APİ-nin rektoru Afat Qurbanovun xeyrinə saxta bülletenlər atılması sübut olundu. Lakin bülletenlər onun xeyirinə rəsmiləşdirildi. Mən bu dairədən seçici idim və Murtuz müəllimin gerçəkdən qələbə çaldığı hamı üçün aşkar idi.

- Məlumdur ki, sonrakı dönəmdə professor Murtuz Ələsgərov Sizin opponentiniz oldu. Yəni o zaman təmsil olunduğunuz müxalifət düşərgəsinin opponenti. Onun istər prezidentliyə namizədliklə bağlı yas senzi məsələsindəki mövqeyi, istər sonrakı proseslərdə, xüsusilə, yaradılmasında fəal iştirak etdiyi Yeni Azərbaycan Partiyasının rəhbərliyində təmsil olunan şəxs kimi siyasi fəaliyyəti müxalifətin müqavimətinə rast gəlirdi. Düşünürəm ki, ağırçəkili hüquqçu-siyasətçi kimi asan opponent deyildi. Adətən ciddi rəqiblə mübarizə daha maraqlı və verimli olur. Sizcə necəydi? Murtuz müəllim siyasi mübarizədə necə rəqib idi? Öz müəlliminizlə, həm də belə bir hazırlıqlı, təcrübəli, döyüşkən rəqiblə opponent olmaq necə hiss idi? Siz bu hissi yəqin ki seçkilərdə də, parlamentdə də, başqa proseslərdə də dəfələrlə yaşamısınız?

- Murtuz müəllim siyasi müxalifətin mövcudluğuna, opponent fikirlərin söylənilməsinə normal yanaşırdı. Onun müxalif fikirlərə münasibəti, siyasi opponentliyi də etika və qanun çərçivəsində olurdu. Onun öz opponentləri ilə kobud danışmasının, onları təhqir etməsinin şahidi olmamışam. Hətta hakim mövqedən fərqli fikir söyləyənləri də axıra qədər dinləyib, sonra təmkinlə cavab verirdi. Həmin zaman bu cavabların çoxu ilə razılaşmasam da, etiraf etməliyəm ki, həmin cavablar söylənilən fikirlərin dərhal sadəcə inkarı deyil, daha əsaslandırılmış və məntiqi görünürdü.

- Murtuz Ələsgərov 1996-cı ildə Milli Məclisin sədri seçiləndə mən həmin iclasdaydım. AMİP sədri Etibar Məmmədov onun spikerliyə namizdəliyinin əleyhinə çıxdı və dedi ki, Murtuz müəllimin ürəyi xəstədir, o, Milli Məclisin sədri kimi işləyə bilməz. O zaman bir deputat iclasdan sonra mənə müsahibəsində: “Bu, etik cəhətdən doğru siyasi fənd deyildi; Etibar Məmmədov opponentin fiziki durumundan siyasi mübarizədə istifadə etdi”. Ancaq Murtuz Ələsgərov öz opponentinə belə cavab verməmişdi. “Mənim bütün orqanlarım yaxşı işləyir” deyə duzlu bir ifadə ilə cavab verdi və gülüşə və alqışlara səbəb oldu. Rəqibinin uzun-uzadı çıxışına- çox gözlənilməz yerdən etdiyi siyasi həmləsinə bir cümləlik yumorlu cavabı ilə bu hücumu ustalıqla dəf etdi. Həmin gün Milli Məclisin sədri seçildi. Onun sədrliyi dövründə Milli Məclisin deputatı olmusunuz. Parlament sədri kimi, dövlət xadimi kimi necə qiymətləndirərdiniz. Hansı keyfiyyətlərini önə çəkərdiniz?

- Murtuz müəllimin parlament sədri kimi ilk növbədə dünyagörmüş, böyük siyasəti mənimsəmiş, vətəninə, dövlətinə bağlı, daşıdığı siyasi ideyalarına sadiq siyasətçi, dövlət xadimi kimi keyfiyyətləri ona xas idi. Bütün dünyada parlament sədri dövlət başçısından sonra ən mühüm siyasi postdur. Parlament isə siyasi, iqtisadi maraqların təmsil olunduğu, ölkənin inkişafı ilə əlaqədar qərarların müzakirə edildiyi, qəbul olunduğu əsas müstəvidir. Bu müstəvidə uzlaşamaq, kompomissə nail olmaq, paralmentin siyasi əsas kimi özünü doğrultması, rolunun gücləndirilməsi, cəmiyyətin bütün təbəqələri ilə yaxşı kommunikasiyaya malik olması onun spikerinin şəxsiyyətindən xeyli dərəcədə asılıdır. Bu baxımdan Murtuz müəllim çox uğrlu parlamet sədriydi. Onun davamlı kompomiss əldə etmək bacarığına qibtə etməmək mümkün deyildi. Kompomisə isə çox güclü iradəyə, çevik düşüncəyə və müdrikliyə malik siyasətçilər nail ola bilir. Bu keyfiyyətlər Murtuz müəllimin spiker kimi fəaliyyətində özünü çox qabarıq biruzə verirdi.

Murtuz müəllim gündəlikdəki məsələlərin müzakirəsini çox bacarıqla təşkil edirdi. Ayrı-ayrı hallar istisna olmaqla, müzakirələrdə iştirak etmək istəyən deputatların, demək olar ki, hamısına çıxış etmək imkanı verirdi. Parlament sədri kimi müzakirələrə müdaxiləsi, bir çox hallarda müzakirələri lazımi istiqamətə yönəltməsi də onun əsas keyfiyyətləri sırasına aid edilə bilər. Murtuz müəllim çox təvazükar və diqqətli bi insan idi. Xarici səfərlər zamanı onu daha yaxından müşahidə etmək imkanı olurdu. Hamıya diqqət göstərməyə çalışırdı, müxalifət təmsilçilərinə isə xüsusi diqqət edirdi ki, özlərini ögey hiss etməsinlər.

- Ümumiyyətlə, bir elm xadimi, ictimai və dövlət xadimi kimi Azərbaycan tarixində Murtuz Ələsgərovun yeri haqqında nə deyə bilərsiniz?

- Teodor Ruzvelt qeyd edirdi ki, “siyasətdə çox zaman etməli olmadığın hərəkətləri edirsən, addımları atırsan”. Murtuz müəllimin siyasi karyerası bu baxımdan çox təmizdir və gənc siyasətçilər nəsli üçün nümunə ola bilər. Murtuz müəllim məhz vətəninə, dövlətinə sadiq vətəndaş, daşıdığı ideyalara inanan siyasətçi kimi etməli olduqlarını edib. Məhz onun Azərbaycanın suverenlik ideyasına sadiqliyi, kompomiss və uzalaşma dəyərlərinin siyasətdə ön plana çıxmasına çalışması milli siyasi məktəbin ən vacib ənənəsi kimi xatırlanır. Eyni zamanda Murtuz müəllim Azərbaycanda parlamentarizmin inkişafına böyük töhfə vermişdir. Azərbaycan üçün çox çətin dövrlərdə parlament onun rəhbərliyi ilə öz tarixi missiyasını uğurla həyata keçirmişdir. Murtuz müəllimin spiker kimi şəxsiyyəti və hörməti buna əhəmiyyətli yardım göstərmişdir. Murtuz Ələsgərov eyni zamanda mərhum prezident, böyük dövlət xadimi Heydər Əliyevin ən yaxın silahdaşlarından biri kimi çağdaş Azərbaycan dövlətçiliyinin inkişafına, dövlət quruculuğu proseslərinə töhfə vermişdir. Murtuz Ələsgərov Azərbaycan Respublikasının bir çox qanunların hazırlanmasında və qəbul edilməsində bilavasitə iştirak etmişdir.

Murtuz Ələsgərov pedaqoji və elmi fəaliyyəti ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün böyük qüvvə sərf etmişdir. Çox sayda gənc mütəxəssis alimlik dərəcəsini məhz onun rəhbərliyi altında almışdır. Yeni nəsil hüquqşünasların yetişməsində onun xidmətləri vardır. Qeyd etmək lazımdır ki, Kiyev Milli Universitetinin fəxri doktoru idi, 30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifi olmuşdur. Sonda qeyd edim ki, tələbələri, elm dairələri onu “yaxşı müəllim, alim”, millət vəkilləri “nüfuzlu, demokratik spiker”, siyasi opponetləri “bacarqlı, hazırlıqlı ideyalarına sadiq siyasətçi” kimi xatırlayır. Murtuz müəllim çağdaş Azərbaycan tarixində özünəməxsus yeri, izi, irsi və parlaq obrazı ilə qalacaq.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »