Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan Respublikasının sərhədyanı dövlətlərlə və beynəlxalq təşkilatlarla sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlığı

Bir dövlətin quru ərazisini digər dövlətin həmsərhəd ərazisindən ayıran xətlər dövlətin quru sərhədləridir.

Ərazi sularını açıq dənizin sularından ayıran xətlər, yəni ərazi sularının xarici hüdud xətləri, habelə iki qonşu dövlət arasındakı ərazi sularını ayıran xətlər dövlətin dəniz sərhədləri hesab olunur. Dövlət sərhədlərinin yer səthindən perpendikulyar istiqamətdə keçən xəyali səthlər müvafiq dövlətin hava məkanının sərhədləridir.

Həmsərhəd dövlətlər arasındakı quru və dəniz sərhədləri razılaşma qaydasında müəyyən edilir. Dövlətin ərazi sularının açıq dənizlə kəsişdiyi yerdə dövlət beynəlxalq hüquqa müvafiq olaraq qanunvericilik qaydasında öz sərhədlərini müəyyən edir.

Praktikada oroqrafik, həndəsi və coğrafi dövlət sərhədləri mövcuddur. Oroqrafik dövlət sərhədləri- ərazinin relyefi, əsasən dağ suayırıcıları və çay məcraları nəzərə alınmaqla təbii hüdudlar üzrə keçən xətlərdir. Həndəsi dövlət sərhədləri- ərazinin relyefi nəzərə alınmadan keçən və dövlət sərhədlərinin iki müəyyən nöqtəsini birləşdirən düz xətlərdir. Coğrafi dövlət sərhədləri- müəyyən coğrafi koordinatlardan keçən və bəzi hallarda bu və ya digər paralel və ya meridianla üst-üstə düşən xətlərdir. Paralel və meridianlar üzrə keçən coğrafi sərhəd növlərinə daha çox Afrika və Amerika materiklərində rast gəlinir. Sərhəd göllərində dövlət sərhədi xətləri gölün ortasından keçir və ya dövlətin quru sərhədlərinin çıxıntılarını gölün sahilləri ilə birləşdirən düz xətlər üzrə müəyyənləşdirilir.

Sərhədlərin delimitasiyası - Dövlətlərarası sərhəd xətlərinin ümumi istiqamətinin danışıqlar yolu ilə müəyyən olunmasıdır. Delimitasiya haqqında qərar adətən sülh müqavilələrinin və ya dövlət sərhədlərinin müəyyənləşdirilməsi və dəyişdirilməsinə dair xüsusi razılaşmaların tərkib hissəsi olur. Delimitasiya prosesinin gedişində iştirakçı dövlətlər müqavilənin özündə və ya ona əlavədə sərhəd xətlərinin keçməsini təsvir edən (bir qayda olaraq iş xəritə üzərində, ərazidə işləmədən aparılır) xüsusi maddə tərtib edirlər. Müəyyən edilmiş sərhəd xətləri müqaviləyə əlavə edilən xəritədə öz əksini tapır. Delimitasiya materialları sərhədlərin müəyyən edilməsinin digər mərhələsi- onun sərhədyanı ərazidə keçmə xətlərini müəyyən etmək (demarkasiya) üçün əsas olur.

Sərhədlərin demarkasiyası – Sərhədyanı ərazidə xüsusi sərhəd işarələrinin göstərilməsi ilə dövlət sərhədlərinin təsbit edilməsidir. Demarkasiya paritet əsaslarla yaradılan birgə komissiyalar tərəfindən sərhədlərin delimitasiyası haqda sənədlərə (müqavilə, xəritə, sərhədin təsviri) əsasən həyata keçirilir. Demarkasiya işləri aparılan zaman ərazinin topoqrafik və ya aerofotoçəkilişi aparılır, bunun əsasında sərhəd zolağının irimiqyaslı topoqrafik xəritəsi tərtib edilir, sərhəd işarələri qoyulur və onların koordinatları müəyyən edilir. Demarkasiya sənədləri saziş bağlayan tərəflərin qanunvericiliyinə müvafiq olaraq təsdiq edildikdən sonra qüvvəyə minir.

Sərhəd nəzarəti - Dövlət sərhədi və sərhədyanı zona rejiminin təmin olunması ilə əlaqədar tədbirlər kompleksidir. Bura daxildir: Dövlət sərhədi xətlərinin və sərhəd işarələrinin lazımi qaydada saxlanılması; fiziki şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədlərini keçməsi qaydalarına, sərhəd vasitəsilə yüklərin və digər əmlakın, o cümlədən poçt göndərişləri, heyvanlar və kənd təsərrüfatı məhsullarının keçirilməsinə və daşınmasına riayət edilməsinə nəzarət; dövlətin ərazi və daxili sular rejiminə riayət olunmasına nəzarət edilməsidir. Sərhəd nəzarəti hər bir dövlətin daxili qanunvericiliyi və beynəlxalq müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliklər əsasında həyata keçirilir. Fövqəladə beynəlxalq hadisələr zamanı (qonşu dövlətlərdə müharibə, pandemiya və s.) dövlət sərhədləri bağlanıla bilər.

Dövlət sərhədləri toxunulmazdır. Sərhədlərin təhlükəsizliyini təmin etmək, bununla da öz suverenliyini qorumaq üçün hər bir dövlətin onun sərhədini pozmuş dövlətə qarşı silahlı qüvvələr tətbiq etmək də daxil olmaqla istənilən vasitədən istifadə etmək hüququ vardır. Dövlət sərhədi rejimi müvafiq dövlətin daxili qanunvericiliyi, habelə onun həmsərhəd ölkələrlə razılaşmaları əsasında müəyyən edilir. 1975-ci il Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktında deyilir: “İştirakçı dövlətlər bir-birinin, habelə Avropadakı bütün dövlətlərin sərhədlərinin toxunulmazlığını nəzərə alır və buna görə də, onlar hazırda və gələcəkdə həmin sərhədlərə qarşı hər hansı qəsddən çəkinəcəklər”.

Tarixi haqqımız olan müstəqilliyimizi qazandıqdan, 1991-ci ilin 18 oktyabrında "Müstəqillik haqqında Konstitusiya Aktı"nı qəbul etdikdən sonra milli dövlət quruculuğunun bərpası işlərinə başlanıldı. Müstəqil dövlətin əsas dayağı olan silahlı qüvvələrin, o cümlədən Sərhəd Qoşunlarının yaradılması müstəqil dövlət quruculuğunun əsas tərkib hissələrindən idi. 1991-ci ilin dekabr ayının 9-da Azərbaycan Respublikasının Milli Şurası "Azərbaycan Respublikasının Dövlət Sərhədi haqqında" Qanun qəbul etdi. Həmin ilin dekabr ayının 16-da isə Azərbaycan Respublikasının Dövlət Sərhədini Mühafizə Komitəsi (DSMK) yaradıldı.

Bu dövrdə Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə dövlət sərhədində mövcud mühəndis-texniki qurğuların bir hissəsi dağıdılmış, hərbi texnika və digər vasitələr yararsız hala salınmışdı. Ermənistan Silahlı Qüvvələri tərəfindən ölkə ərazisinin 20 faizinin işğalı nəticəsində İİR ilə dövlət sərhədinin 132 km sahəsinə nəzarət etmək də qeyri-mümkün olmuşdu. Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qeyri-leqal miqrasiya, insan alveri, radioaktiv maddələrin və kütləvi qırğın silahları komponentlərinin qanunsuz daşınması, qaçaqmalçılıq kimi cinayətlərlə məşğul olan transmilli kriminal qruplar Azərbaycan Respublikasının dövlət sərhədlərində yaranmış vəziyyətdən maksimum yararlanmağa çalışırdı.

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xarici ölkələrin sərhəd xidmətləri, eləcə də müxtəlif beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əlaqələri mövcuddur. Xarici ölkələrin müvafiq qurumları ilə inteqrə edilmiş sərhəd idarəçiliyi, sərhəd nəzarəti, qeyri-leqal miqrasiya ilə mübarizə, dəniz sərhədlərinin mühafizəsi, pilotların və mobil qruplarının əməkdaşlarının hazırlığının təkmilləşdirilməsi, təlim-tədris sisteminin təşkili və digər sahələr üzrə əməkdaşlıq edilir. Eyni zamanda DSX Yaxın Şərq və Asiya ölkələrinin (BƏƏ, Çin, Qətər, İordaniya, Pakistan və s.) sərhəd mühafizə qurumları ilə təcrübə mübadiləsi və əməkdaşlıq aparır.

Azərbaycan Respublikası regional sərhəd əməkdaşlığının inkişafına xüsusi diqqət yetirir. Dövlət sərhədinin mühafizəsinin effektivliyinin artırılması məqsədi ilə Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran, eləcə də GUAM üzv dövlətlərinin sərhəd xidmətləri ilə məsləhətləşmələr aparılır, məlumat mübadiləsi həyata keçirilir.

Bununla yanaşı, AR DSX - BMqT, BMTİP, BMTQAK, NATO, Avropa İttifaqı, Frontex, Sərhəd məsələləri üzrə beynəlxalq konfrans, GUAM, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik kimi beynəlxalq təşkilatlarla qarşılıqlı əməkdaşlıq əlaqələrini inkişaf etdirir.

Aİ-nin Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı çərçivəsində İnetqrə edilmiş Sərhəd İdarəçiliyinin yaradılması sahəsində geniş əməkdaşlıq aparılır. Belə ki, 2006-2008-ci illərdə Avropa Komissiyası və Beynəlxalq Miqrasiya Təşkilatının dəstəyi ilə «Azərbaycanın cənub sərhədlərində inteqrə edilmiş sərhəd idarəçiliyi modelinin yaradılması» üzrə həyata keçirilmiş pilot layihə çərçivəsində telekommunikasiya və rabitə vasitələri, radiasiya monitorinqi, müşahidə-nəzarət qurğuları, kompüterlər, gecə-görmə cihazları, pasport nəzarəti texnikası, nəqliyyat vasitələri və digər avadanlıqlar əldə olunmuşdur. Bununla yanaşı hazırda 2010-2012-ci illəri əhatə edən Avropa İttifaqının dəstəyi ilə «Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi sistemlərinin yaradılmasına dəstək» üzrə layihə həyata keçirilib. Layihənin əsas məqsədi Aİ prinsipləri əsasında sərhəd idarəedilməsi sahəsində Azərbaycan və Gürcüstan arasında əməkdaşlığın gücləndirilməsi və aidiyyəti milli təsisatların imkanlarının artırılması olub.

Bununla yanaşı, Avropa Komissiyasının dəstəyi ilə Şərq Tərəfdaşlığı Proqramının İSİ üzrə Öncül Təşəbbüsünün Təlimlər Layihəsinin icra olunub.

DSX-nin beynəlxalq əlaqələrində Sərhəd Məsələləri üzrə Beynəlxalq Konfrans (Şiofok Konfransı) çərçivəsində əməkdaşlıq xüsusi yer tutur. 2001-ci ildən Konfransa qoşulmuş DSX qısa müddət ərzində fəal üzvə çevrilmişdir. Hal-hazırda AR DSX «Sərhəd xidmətləri rəhbərlərinin», «Kadrların təlimi, təkmilləşdirilməsi və istifadəsi», «Narkotiklərlə mübarizə sahəsində sərhəd xidmətləri arasında əməkdaşlıq» işçi qruplarının üzvü, 2004-2007-ci illərdə «Silah, sursat və radioaktiv maddələrin qeyri qanuni dövriyyəsinin qarşısının alınması üzrə» işçi qrupuna, 2007-ci ildən isə «Sahil Mühafizəsi» İQ-ya rəhbərlik edir. «Sərhəd Xidmətləri Rəhbərlərinin» İQ-nın 2003, 2006, 2007 və 2008-ci illərdəki iclasları, eləcə də «Silah, sursat və radioaktiv maddələrin qeyri qanuni dövriyyəsinin qarşısının alınması üzrə» və «Sahil Mühafizəsi» İQ-ların bütün iclasları Bakıda keçirilmişdir.

1994-cü ilin may ayında NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulma nəticəsində Azərbaycanda müasir sərhəd infrastrukturunun formalaşdırılması baxımından qabaqcıl təcrübənin öyrənilməsi və inkişaf etmiş ölkələrin (ilk növbədə NATO-üzv dövlətlərin) müvafiq qurumları ilə sərhəd təhlükəsizliyi sahəsində əlaqələrin genişləndirilməsi üçün əlverişli şərait yarandı.

Azərbaycan Respublikasının Fərdi Tərəfdaşlıq Proqramı çərçivəsində Bakı şəhərində və eləcə də NATO üzv-tərəfdaş dövlətlərin ərazilərində keçirilən təlim kurslarında, treninqlərdə DSX nümayəndələrinin iştirakı ilə başlanan DSX-NATO münasibətləri 2001-ci ildən etibarən Sərhəd Qoşunlarının NATO standartlarına uyğunlaşdırılması məqsədi ilə sistemli şəkildə inkişaf etdirilmişdir. Belə ki, DSX-nın təklifi ilə pesrpektiv əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsi məqsədilə NATO-nun bir qrup aparıcı mütəxəssisi Azərbaycan Respublikasına dəvət olunmuş və onlara əməkdaşlıq proqramı üzrə işçi sənədlərin hazırlanması təklif edilmişdir.Ekspertlərin məruzəsində sərhəd təhlükəsizliyi üzrə Azərbaycana yardım göstərilməsinin vacibliyi qeyd olunmuş, ilk dəfə olaraq NATO rəhbərliyinin diqqəti sərhəd təhlükəsizliyi məsələlərinə yönəldilmişdir.

Belə ki, 2003-cü ilin mart ayının 4-də DSX tərəfindən NATO Baş Qərargahında tarixdə ilk dəfə sərhəd təhlükəsizliyi mövzusunda 19+1 formatında, 02.02.2006-cı il tarixində isə 26+1 formatında təqdimatlar keçirilmişdir.

Tədbirlərin yekununda mövcud vəziyyətin öyrənilməsi və bu sahədə mümkün yardım imkanlarının araşdırılması məqsədilə sərhəd təhlükəsizliyi sahəsində NATO qiymətləndirmə missiyasının AR-ə göndərilməsi ilə bağlı qərar qəbul edilmişdir.

Nəzakət Məmmədova, politoloq, xüsusi olaraq “Bizim Yol” üçün

Son xəbərlər
Bütün xəbərlər »