Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tatar çölü Rusiya
Kazandan tarixi-infantil foto-reportaj

İyirmi ilin söhbəti olar, telefonuma “Mayak” radiosunun çağrı siqnalını yazdırmışdım. Bəlkə xatırlayarsınız, “Moskva gecələri” melodiyasının ilk taktı idi. Hər zəng gələndə telefonum bir vaxtlar sovet xalqını yuxudan oyadan o məşhur musiqini çalırdı.

Bir dəfə varşavalı polyak tanışım zəngi eşidib qəribə nəzərlərlə üzümə baxmışdı: “Sənin də sovetə nostaljin varmış?” Məni kommunistlərdən zəhləsi gedən kimi tanıdığından təəccüblənmişdi.

“O mənə soveti yox, uşaqlığımı xatırladır”, demişdim. Başa düşməyəndə izah eləmişdim ki, bu musiqi müxtəlif adamlarda fərqli duyğular doğurur: birində uşaqlıq dövrə xiffət, birində tarixə nifrət, bir başqasında da sovetə nostalji. Mənim uşalığım sonralar öyrənib dəhşətə gəldiyim sovetdən uzaq, atalı-analı, qayğısız idi.

İndiki gəncliyin mən yaşda keçmiş sovet adamını sonacan anlaması bir qədər qəliz məsələdi. Bizim nostalji duyğularımız onları da polyak tanışım kimi yanılda bilər. Amma neyləyəsən, bu da bizim ömrümüzdü – dünyanın ikrah qarışıq qorxuyla andığı bir ölkədə keçən uşaqlıq ömrü.

***

Avropa ölkələrinə bir-iki tranzit keçidi hesaba almasam, axırıncı dəfə Rusiyada uzaq 1993-cü ilin yayında olmuşdum. Cəlbedici gəlməyib, əksinə, elə bil, hansısa daxili qüvvə məni uzaq tutub bu ölkədən.

Rusiya (SSRİ qarışıq) xalqımızın Avropanı, onun kültürünü, ümumbəşər dəyərlərini tanımasında, bu dəyərləri mənimsəyib müsəlman Şərqinin ilk sekulyar mədəniyyətini formalaşdırmasında əsas körpü, həlqə olub. Bunu mən də bilirəm.

Eyni zamanda onu da bilirəm ki, o, bizim tarixi bəlalarımızın baiskarıdı. Çox uzaqlara getmirəm heç, şahidi olduğum 20 yanvar qırğını, Qarabağın işğalında erməni yandaşlığını deyirəm. Bu bəlaları yaşamış, acısını ömründən keçirmiş biri kimi yazıram.

Mədəni təsir dairəsindən bir qədər uzaqlaşsaq da, bu gün Rusiyanın siyasi, hərbi basqısını qorxulu hənirti kimi hələ də duyuruq.

Dediyim odu ki, içi biz qarışıq metropoliya xalqları müstəmləkəsi olduğu dövlətə ikili duyğu bəsləyir, sıx əlaqə telləri müstəqillik qazanandan sonra da qalır. Bu əlaqələrin başında dil, mədəni, iqtisadi bağlar durur. Məsələn, Fransanın Əlcazir xalqının başına açmadığı oyun qalmamışdı, bu gün Əlcazirdə əhalinin 40 faizi ərəb diliylə yanaşı fransızca da danışır.

Yəqin sizdə də belə gizli duyğu var – özümdən deyim ki, rus xalqına məhrəm duyğuların baş qaldıran anları az olmayıb məndə, qəlb tellərinə toxunan, uşaqlıq yaddaşını oyadan filmlər, kitablar, musiqilərlərlə baş-başa qalanda.

Misal üçün ikisini deyim. İsveçə qastrola gələn Sankt-Peterburq Marinsk teatırının ifasında “Qu gölü” baletinə baxmaq üçün məni 600 kilometrlik yol qət etməyə də, Rostov musiqi teatrının qala-konsertinə aparan da o duyğular olub. Bu konsertlərin təsiri mənə “Sonalar gölü”nün sahilində”, bir də “Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı” esselərini yazdırdı. Bloqumda var, oxusanız demək istədiklərimi daha aydın biləcəksiniz.

Amma bu yazdıqlarım o fikrə gəlməsin ha, mən də nənnisində “bayu bayuşki” ilə yuxuya getmişlərdənəm. Əsla! Mən nənəmin laylaları ilə yatar, evlərinin məhəccərindəki radiodan gələn aşıq musiqiləriylə oyanardım.

Qəlb duyğuları öz yerində, beynin yadda saxladığı acılar “qapı köpəkləri” təki oyaqdı, sərvaxtdı. Bu “qapı köpəkləri” çox qorxuncdular. Qorxuda isə sevgiyə yer olmur. “1813”, “28 aprel”, “20 yanvar” çoxsaylı “qapı köpək”lərindən yalnız üçcə dənəsidi.

Rusiyaya bu təzadlı duyğularımın təbii ki, izahı var. Bu yazıda qəsdim o deyil. Qəsdim heç Tütçevin razılaşmadığım məşhur “Rusiya ağılla dərk edilməz” misrasına şərh yazmaq da deyil.

Bir də ki, Rusiya ruslar üçün dərkedilməz ola bilər, onun əsarətində yaşamış xalqlar onu yaxşı tanıyır, yaxşı dərk edirlər.

***

Kazana onun “beliy noç” saatlarında çatdıq – səhər saat 3 idi, amma elə bilirdin günün günorta çağıdı. Bu 10 günlük səfərdə uşaqlıq dostlarım Müşfiq, Rauf, Moskvadan görüşümüzə gələn İlqar mənə illərin sevincini bəxş etdilər.

Otuz ildi Kazanda yaşayan uşaqlıq dostum Müşfiq Qənizadəyə qonaq gələcəyimi neçə il idi söz verirdim. Bu yay alındı. Bəribaşdan onu deyim ki, səfərin bu yay baş tutmasının orada keçirilən futbol üzrə dünya çempionatına qəti dəxli yox idi. Dünya çempionatının oyunlarına həvəslə baxsam da, biletə ən azı 200 avro verməyə əlim gəlməzdi. Dostumun yanında xəsis görünməmək üçün bəhanə də fikirləşmişdim: “Bir “avropalı” kimi mən də bu çempionatı boykot edirəm!”

Müşfiq də məni tək qoymadı, aldığı bileti səfərdə mənə yoldaşlıq edən oğlum Uğura bağışladı. “Onların yaşında biz dünya çempionatına Ağdamda televizorda baxardıq, nə vaxtsa stadionda tamaşa eləmək heç ağlımızın ucundan belə keçməzdi. Qoy gedib baxsınlar”.

Polşa – Kolombuya oyununa baxmağa oğullar getdi.

…Səfər öncəsi görüb gəzmək istədiyimiz yerlərin siyahısını tutmuşdum. İlk günlər bizi qonaq çağıran tatar dostların məsləhət bildikləri yerləri də siyahıya əlavə etdim.

Bu səfərdə oğluma həm uşaqlıq dostlarımı, həm də neçə əsr taleyimizlə oynamış bir ölkəni tanıtmaq istəyirdim. Araya salıb Avrasiya qitəsinin az qala yarısını tutan türklərdən də danışır, Kazan tatarlarının timsalında qədim etnosumuzdan da söz salırdım.

Son xəbərlər
Bütün xəbərlər »