Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Aşura günüdür: Yüzlərlə insan qanvermə məntəqələrinə gəldi - Fotoreportaj
Aşura günü hicri 61-ci ildən etibarən yaddaşlara tarixi ədalətsizlik və hüzn günü kimi daxil olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının fətvasında qeyd olunur ki, ölkəmizdə İmam Hüseyn (ə) əzadarlığı bədbinlik əhvali-ruhiyyəsinin təlqini deyil, Vətən və iman sevgisinin təcəssümü, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizədə dəyanət örnəyi olmalıdır. Təziyə mərasimlərində şəhidlərimizi yad etmək, onların qanlarının yerdə qalmamasını, əzəli torpaqlarımızın işğaldan azad olunmasını dua etmək müqəddəs borcumuzdur. Müsəlman ümmətinin tarixində kədərli, eyni zamanda insanlara şərəf və qürur bəxş edən Kərbəla faciəsinin, İmam Hüseynin (ə) həyat və şəhadətinin yad edilməsi bu gün də Azərbaycan dindarları tərəfindən ənənəvi olaraq yaşadılır.

Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri moizələrində Həzrət Hüseynin (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, habelə vətən təəssübü və milli mənafelərimizin təbliğinə çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Belə ki, Bakının müxtəlif ərazilərində, eləcə də bir sıra bölgələrimizdə qanvermə məntəqələri yaradılıb ki, insanlar həmin məntəqələrə gələrək qanvermə aksiyasına qoşula bilər.

Əməkdaşımız Ramid İbrahimov "Təzə Pir" məscidində yaradılan qanvermə məntəqəsində olub. Əməkdaşımızın hazırladığı fotoreportajı oxucularımıza təqdim edirik:

Son xəbərlər
Bütün xəbərlər »