Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Beynəlxalq təhlükəsizlik və Azərbaycanın bu sahədə əməkdaşlığının hüquqi əsasları

Hazırda kütləvi qırğın silahları dünya üçün böyük təhlükə hesab olunsa da, lakin onların işə salınması bir o qədər də real deyildir.

Əksinə, bütün dünya dövlətlərinin cəbbəxanasında adi silah növləri vardır və məhz bu cür silah növləri hər il minlərlə insanın ölümünə səbəb olur. Bu baxımdan Azərbaycanın da qoşulduğu, NATO və Varşava Paktı arasında Avropada (Atlantik Okeanından Uraladək olan ərazidə) adi silahların əsas kateqoriyalarının məhdudlaşdırılması üçün Soyuq müharibənin son illərində aparılan danışıqlar nəticəsində imzalanmış Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilə xüsusi əhəmiyyət kəsb etmişdir.

Azərbaycanın AASQM-a qoşulması barədə müqaviləni Milli Məclis 31 may 1992-ci ildə ratifikasiya edib. Müqavilə adi silahların beş növü üzrə məhdudiyyət təyin edir. Müqavilənin tələblərinə əsasən hər bir dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması öhdəliklərini öz üzərinə götürüb. Müqavilədə Azərbaycana 220 ədəd döyüş tankı, 220 ədəd zirehli döyüş maşını (onlardan 135 ədəd PDM), 285 ədəd çapı 100 mm və yuxarı olan artilleriya qurğusu, 100 ədəd döyüş təyyarəsi, 50 ədəd zərbə helikopteri müəyyən edilib.

Azərbaycan prezidenti dəfələrlə bəyan edib ki Azərbaycan ən müasir silah və hərbi texnikalar alır və Ordunun arsenalını gücləndirir. Artıq Azərbaycan silahlanma sahəsində də qüvvələr balansını öz xeyrinə dəyişib və bu sahdə Ermənistanı dəfələrlə üstələyib. Eyni zamanda Azərbaycanda müdafiə sənayesi qurulub və ölkənin silahlı qüvvələri yerli istehsal olan silah və texnikalarla təchiz olunur. Bütün bunlar sözügedən müqaviləyə yenidən baxılmasını şərtləndirib.

Azərbaycan Silahlı Qüvvələrində 2014-cü ildə Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) üzrə müxtəlif üzv dövlətlər tərəfindən 5 inspeksiya keçirilib. Ümumilikdə 1992-ci ilin may ayında Azərbaycan Milli Məclisi AASQM-i ratifikasiya etdiyi dövrdən 2014-cü ilin sonunadək Azərbaycan Silahlı Qüvvələrində 109 dəfə inspeksiya keçirilib.

Müqavilənin tələblərinə əsasən hər bir dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması öhdəliklərini öz üzərinə götürüb. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri, zərbə vertolyotları məhdudlaşdırılır.

Bundan başqa, «Vyana-2011 Sənədi» üzrə 2014-cü ilin sonunadək Azərbaycan Silahlı Qüvvələrində iştirakçı dövlətlər tərəfindən 55 dəfə “Göstərilmiş rayonun” inspeksiyası və 27 dəfə Qiymətləndirmə səfəri keçirilib.

Müqavilənin imzalanması isə mürəkkəb tarixi yol keçib. Belə ki, 1972-ci ildə ABŞ və SSRİ dövlət başçıları R. Nikson və L. Brejnev arasında əldə edilən razılaşmaya əsasən, siyasi problemlərə dair Avropada Təhlükəsizlik və Əməkdaşlıq, eləcə də Hərbi Məsələlərə dair Balanslaşdırılmış Qüvvələrin Qarşılıqlı İxtisarı (BQQİ) adlı konfransların keçirilməsi qərara alındı. ATƏM-lə bağlı məsələ 1975-ci ildə otuz üç dövlətin Helsinki Yekun Aktı qəbul etməsilə başa çatdı. BQQİ konfransı isə 1979-cu ildə NATO-nun Avropada yeni ortamənzilli nüvə başlıqlı raketlərin yerləşdirilməsi haqda qərarından sonra SSRİ tərəfindən təxirə salındı. 1988-ci ilin may-iyun aylarındakı Moskva sammiti zamanı ABŞ və SSRİ prezidentləri R.Reyqan və M. Qorbaçov Avropada təhlükəsizlik və sabitliyin vacibliyini vurğuladılar. Həmin ilin dekabr ayında isə M. Qorbaçov BMT-də əlli min nəfər sovet əsgərinin Şərqi Avropadan birtərəfli surətdə çıxarılacağını qeyd etdi.

1989-cu ilin noyabrında Berlin divarının aradan götürülməsi, sonrakı aylarda isə Macarıstan, Çexoslovakiya, Rumıniya və Bolqarıstanda məxməri inqilabların başlaması C. Buş və M. Qorbaçovu silahlara nəzarətlə bağlı danışıqlara başlamağa tələsdirdi. C. Buş həddən artıq ixtisarlar tələb etsə də, Sovet İttifaqı Varşava Paktı ölkələri ilə əsgərlərin çıxarılması barədə danışıqlara razılıq verdi.

Müqavilə 1990-cı ilin noyabr ayında NATO-ya üzv on altı və Varşava Müqaviləsi Təşkilatına üzv olan on altı ölkə arasında imzalansa da, lakin otuz dövlət tərəfindən ratifikasiya olundu, çünki Çexoslovakiya və SSRİ 1991-ci ildə artıq parçalanmışdı. Müqavilə 1992-ci ilin iyul ayının 17-də qüvvəyə mindi.

Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilə (AASQM) hər iki blok – həm NATO, həm də Varşava Müqaviləsi Təşkilatı (VMT) üzvü olan ölkələr üçün nəzərdə tutulmuş kvotadan artıq adi silahların əldə olunmasına və istifadəsinə məhdudiyyətlər qoyurdu. NATO köhnə silahların ixtisara salınmasında öz öhdəliklərini daha məsuliyyətlə yerinə yetirdi. Bəzi NATO üzvləri, xüsusilə ABŞ öz yeni hərbi texnikasının bir hissəsini nisbətən köhnə texnikaya malik müttəfiqlərinə verməyə razı olmuşdur. ABŞ-ın Rumıniya və Bolqarıstanda hərbi bazalar yerləşdirmək planı Rusiya tərəfindən müqavilənin pozulması kimi qiymətləndirilirdi. NATO rəsmiləri bunun daimi bazalar olmayacağını iddia etsələr də, ABŞ-ın bu ölkələrlə imzaladığı müqavilə bunu təkzib etdi və onların daimi olacağı məlum oldu. 1998-ci ildə Klinton administrasiyası bəyan etdi ki, Rusiya, Ukrayna, Belarus, Azərbaycan və Ermənistan müqavilədə nəzərdə tutulan limiti aşmaqla onun şərtlərini pozurlar. Məruzədə daha sonra qeyd olunurdu ki, bu pozuntular «hərbi baxımdan o qədər də əhəmiyyətli deyil» və Şərq Blokunun ən böyük hərbi arsenala malik olan ölkələri Rusiya və Ukrayna öz müqavilə limitlərindən kənara çıxmayıblar.

ATƏT-in 1999-cu il İstanbul Sammiti ərəfəsində NATO üzvləri Muqavilə ilə bağlı üç əsas problemlə qarşılaşdılar. Ən mürəkkəb məsələ Rusiyanın «cinah» regionunda – Şimali Qafqaz hərbi dairəsində (digər Şimali Qafqaz respublikaları ilə yanaşı Çeçenistan da daxil olmaqla) müqavilədə nəzərdə tutulandan artıq hərbi sursat saxlaması idi.

İkincisi, Gürcüstan ərazisində bu ölkənin hakimiyyətinin icazə verdiyindən daha artıq Rusiya hərbi qüvvələrinin olması, üçüncüsü isə Moldova hakimiyyətinin birbaşa razılığı olmadan Rusiyanın bu ölkə ərazisində hərbi iştirakının davam etməsi idi. Sammitin gedişində NATO və Rusiya da daxil olmaqla ATƏT-ə üzv olan otuz ölkə Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilənin Soyuq müharibədən sonrakı beynəlxalq şəraitə uyğunlaşdırılmış yeni variantını imzaladılar. Əvvəlki müqavilə ilə yenisinin arasındakı əsas fərq əvvəlkinin blok (NATO-Varşava Paktı), yeninin isə milli və ərazi prinsipinə əsaslanması idi. Bundan əlavə, müqavilənin uyğunlaşdırılmış variantı tərəfdar dövlətlərin öz ərazilərində xarici hərbi qüvvələrin yerləşdirilməsinə razılıq verməsini və ya imtina etməsini müstəsna hüquq kimi onların öz fəaliyyətlərinə aid edirdi. Rusiya Moldova ərazisini tərk etməyə, Gürcüstandakı hərbi arsenalını azaltmağa, bu ölkənin hakimiyyəti ilə onun ərazisində yerləşdirilmiş Rusiya hərbi qüvvələrinin qalmasının müddətini razılaşdırmağa, habelə «cinah» regionlarındakı qüvvələrin uyğunlaşdırılmış müqavilədə nəzərdə tutulan kvotaya uyğun məhdudlaşdırmağa razılıq verdi. «İstanbul öhdəlikləri» adlanan və on dörd maddədən ibarət olan bu razılaşmalar Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilənin Yekun Aktına və 1999-cu il İstanbul Sammitinin Bəyannaməsinə daxil edildi.

Moldovaya gəlincə, bəyannamədə deyilir ki, AASQM-ə tərəfdar olan ölkələr 2002-ci ilin sonunadək Rusiyanın öz hərbi birləşmələrini Moldovadan tamamilə çıxarmaq öhdələyini alqışlayır. Rusiya eyni zamanda iddia edirdi ki, Gürcüstanla Batumi və Axalkalakidəki hərbi bazaların ləğvi və oradakı Rusiya hərbi qüvvələrinin 2008-ci ilin sonunadək tamamilə çıxarılması barədə razılıq əldə etməklə o, öz üzərinə götürdüyü öhdəlikləri tamamilə yerinə yetirmiş olacaqdır. Lakin NATO üzvləri Rusiya əsgərlərinin Moldova və Gürcüstandan tamamilə çıxarılmadığını əsas gətirərək, müqaviləni ratifikasiya etməkdən imtina edirlər. 2008-ci ildən sonra Gürcüstan ərazisində Rusiyanın yalnız bir hərbi bazası qalmışdı ki, bu da münaqişəli Abxaziya ərazisində yerləşən Qudauta bazasıdır. Moldova və Gürcüstan respublikalarının özləri də Abxaziya və Dnestryanı zonadan Rusiya qoşunları çıxarılmayınca müqaviləni ratifikasiya etməyəcəklərini dəfələrlə bəyan etmişlər.

ABŞ-ın Avropada raketdənmüdafiə planlarına qarşı Rusiya prezidenti V. Putin 2007-ci ilin 26 aprel çıxışında AASQM-ə moratorium tətbiq ediləcəyi ilə hədələmiş və Rusiyanın təşəbbüsü ilə həmin ilin iyun ayının 10-11-də Vyanada Müqaviləyə tərəfdar ölkələrin fövqəladə toplantısında ona yenidən baxılmasını təklif etmişdir. Lakin konfransda Rusiyanın tələbləri təmin edilmədiyi üçün prezident V. Putin 2007-ci il iyul ayının 14-də Rusiyanın müqavilə öhdəliklərinə riayət etməsini dayandırmaq üçün yüz əlli gün sonra qüvvəyə minəcək fərman imzaladı. Rusiyanın müqaviləyə moratorium qoyması fərmanda onunla əsaslandırılırdı ki, bu «Rusiya Federasiyasının təhlükəsizliyinə təsir edə biləcək müəyyən fövqəladə şərtlərin və təxirəsalınmaz tədbirlərin görülməsi tələbinin nəticəsidir». Moratorium həm AASQM-in əslinə, həm də ondan sonra imzalanmış bütün aidiyyatı olan razılaşmalara aid edilir. Rusiya Prezidentinin Administrasiyasında hazırlanmış sənəd moratoriumun bir neçə səbəbini aydınlaşdırmağa kömək edir. Birincisi, Rusiya müqavilənin ratifikasiyası ilə Gürcüstan və Moldovadan rus qoşunlarının çıxarılması arasında əlaqəni «qeyri-qanuni» və «qəsdən düşünülmüş» hal hesab edir. Rusiya həmçinin qoşunların çıxarılma məsələsini NATO-Rusiya deyil, Rusiya-Gürcüstan və Rusiya-Moldova arasındakı ikitərəfli məsələ hesab edir. İkincisi, digər NATO üzvlərindən fərqli olaraq (Polşa və Norveç istisna olmaqla) Rusiya ilə sərhədə malik olan üç Baltikyanı respublika AASQM-ə tərəfdar çıxmamışdır. Müqavilə imzalanarkən onlar hələ SSRİ-nin tərkibində idilər, NATO üzvü olduqdan sonra isə təşkilatın digər üzvləri kimi müqaviləni ratifikasiya etməkdən imtina etdilər, çünki onlar müqaviləni imzalamış bütün NATO üzvlərinin sənədin ratifikasiya prosesini başa çatdırmasından sonra AASQM-ə qoşula və onu ratifikasiya edə bilərlər. Rusiya Baltikyanı dövlətlərin ərazisində yaranmış bu vakuumdan istifadə edərək orada NATO qüvvələrinin yerləşdirilə biləcəyindən ehtiyatlandığı üçün Latviya, Litva və Estoniyanın mümkün qədər tez müqaviləyə qoşulmasını istəyir. Üçüncüsü, Rusiya iddia edir ki, NATO-nun 1999 və 2004-cü illərdəki genişlənməsi nəticəsində Alyansın təchizatı müqavilə limitindən kənara çıxmışdır. Müvafiq olaraq, Rusiya kompensasiya kimi onların məhdudlaşdırılmasını tələb edir. Dördüncüsü, Rumıniya və Bolqarıstanda ABŞ hərbi birləşmələrinin yerləşdirilməsi planları həmin ölkələrin AASQM çərçivəsində müəyyən olunmuş kvtoalarına mənfi təsir edə bilər. Beşincisi, «cinah» ərazilərdə (Şimali Qafqazda) Rusiya hərbi qüvvələrinin kvotası məsələsinin NATO və Rusiya arasındakı siyasi məsləhətləşmələr zamanı xüsusi diqqətdə saxlanılması Rusiyanı Şimali Atlantika Alyansının genişləndirilməsi məsələsində güzəştcil mövqe tutmağa məcbur etmək məqsədi daşıyır. Altıncısı, 1999-cu il AASQ müqaviləsi qüvvəyə minməmişdən əvvəl Rusiya onun yenidən müzakirə edilib modernləşdirilməsini istəyir. Rusiya 2008-ci il iyul ayının 1-dək NATO üzvlərinin müqavilənin ratifikasiyasını tamamilə başa çatdırmasına çalışır və onun qüvvəyə minməsinədək, müvəqqəti olsa belə, sənədin fəaliyyətini dayandırmaq üçün moratorium tətbiq etmək qərarına gəlmişdir.

Rusiya prezidentinin adminstrasiyasında hazırlanmış bu sənəddə açıq şəkildə qeyd olunmasa da, şübhəsiz ki, «fövqəladə şərait» dedikdə ABŞ-ın Mərkəzi Avropa regionunda raketdənmüdafiə sisteminin yerləşdirilməsi planı nəzərdə tutulur.

Digər ehtimal isə ondan ibarətdir ki, NATO ölkələri Gürcüstan və Moldovadan hərbi birləşmələrinin çıxarılması barədə Rusiyanın 1999-cu ildə İstanbul sammitində öz üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirmədiyi üçün AASQM-i ratifikasiya etməkdən imtina edirlər. Bununla əlaqədar, Rusiya hesab edir ki, adaptasiya edilmiş AASQM ilə Rusiya hərbçilərinin Gürcustan və Moldovadan çıxarılması arasında heç bir hüquqi bağlılıq və əsas yoxdur. Bu iki təhlükəsizlik məsələsi arasındakı əlaqə NATO üzvü olan ölkələrin İkinci Çeçen müharibəsinə etirazı ilə bağlıdır. Lakin Rusiya Alyans üzvlərinin İstanbul sammitindən altı ay sonra verdiyi bu qərarla heç zaman razılaşmamışdır. Rusiya habelə AASQM-in ilkin variantını da Varşava Paktı və SSRİ-nin süqutunu özündə əks etdirmədiyinə görə bugünkü reallığa cavab verməyən, strateji baxımdan əhəmiyyətsiz sənəd hesab edir.

NATO Rusiyanın AASQM-ə moratorium qoymasını təəssüf hissi ilə qarşıladığını bəyan edərək «yanlış addım» kimi qiymətləndirmişdir. Almaniya, Polşa, Rumıniya kimi ABŞ da öz narahatçılıq və təəssüf hisslərini ifadə etmişdir. Lakin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi N. Bordyuja və keçmiş SSRİ prezidenti M. Qorbaçov V. Putinin fərmanı ilə həmrəy olduqlarını bəyan etmişlər. Rusiya moratoriumun NATO ölkələrini AASQM-i ratifikasiya etməyə sövq edəcəyini düşünürdü. Ölkə rəsmiləri dəfələrlə bəyan etmişlər ki, moratorium gələcək dialoqlar üçün qapıların tamamilə bağlanması demək deyil. Ziddiyyətli məsələlər aradan qaldırılarsa, Rusiya Müqavilənin müddəalarının həyata keçirilməsi və ona riayət olunmasının kollektiv şəkildə müşahidələrinin təşkil olunmasına kömək edə bilər. Rusiyanın Müqaviləyə moratorium qoyması həm də onun hərbi birləşmələrinin NATO nümayəndələri tərəfindən təftiş olunmasına son qoymuş oldu. Y. Zaxaroviç “The Times” qəzetində məsələyə münasibətini şərh edərək yazır ki, Rusiyanın bu addımı atmaqda məqsədi onun həmsərhəd olduğu NATO ölkələri, xüsusilə Polşa və Baltikyanı respublikaların sərhədləri yaxınlığında öz hərbi qüvvələrini yenidən gücləndirməkdir. Müəllif daha sonra qeyd edir ki, növbəti addım Qafqaz dövlətlərinin sərhədləri boyunca cənubda hərbi birləşmələrin gücləndirilməsi, Krımda Rusiyanın Qara dəniz donanmasının 2017-ci ilədək qoyulmuş müddətə qədər çıxarılmasının qarşısını almaq üçün Ukraynaya təzyiqlərin davam etdirilməsi və Moldovanı tərk etməkdən imtina ola bilər.

2007-ci il noyabr ayının 16-da Rusiya Parlamentinin Yuxarı Palatası – Federasiya Şurası prezident V. Putinin Avropada Adi Silahlı Qüvvələr haqda Müqavilədə ölkəsinin iştirakına moratorium qoyulması haqda təşəbbüsünə müsbət münasibət bildirmişdir. Bundan bir müddət əvvəl noyabrın 17-də Dövlət Duması da Rusiyanın müqavilədə iştirakına yüz əlli gün gözlədikdən sonra moratorium qoyulmasını nəzərdə tutan 14 iyul 2007-ci il tarixli prezident fərmanına öz dəstəyini ifadə etmişdir. Səsvermədən sonra RF-nin xarici işlər naziri S. Lavrov bəyan etmişdir ki, “bununla Rusiya Avropa qitəsindəki strateji sabitliyi və hərbi-siyasi balansı bərpa etmiş olacaqdır”.

1991-ci ildə SSRİ-nin süqutundan sonra müttəfiq respublikalar, o cümlədən Azərbaycan öz ərazilərindəki hərbi sursatı və ləvazimatları bu respublikaların mülkiyyəti elan etdilər.

1999-cu ilin sentyabr ayında Klinton Adminstrasiyası Ballistik Raketlərdən Müdafiə Müqaviləsinə dair danışıqlarda iştiraka razılıq verəcəyi halda Amerikanın raket hücumundan müdafiə sistemindən Rusiyanın da istifadə edə biləcəyini bəyan etdi. Amerikanın planına əsasən, İrkutsk yaxınlığındakı Mişelevka radar stansiyasının bağlanılması və Qəbələ RLS-in ABŞ və Rusiya tərəfindən müştərək istismarı nəzərdə tutulurdu.

2007-ci il iyun ayının 7-də Almaniyada “Böyük Səkkizlik” ölkələrinin sammiti zamanı C. Buş və V. Putin “Şər dövlətlərdən” qorunmaq üçün raketdən müdafiə sisteminin yaradılması məsələsini müzakirə etdilər. Radar sisteminin Şərqi Avropa ölkələrində – Polşa və Çexiya Respublikalarında yerləşdirilməsi planı Rusiyanın kəskin etirazlarına səbəb oldu. Hətta ABŞ-ın bu plandan imtina etməyəcəyi təqdirdə Rusiya öz nüvə başlıqlı raketlərini Soyuq müharibə dövründə olduğu kimi yenidən Avropadakı hədəflərinə doğru tuşlayacağı ilə hədələdi.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »