Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir beynəlxalq münasibətlərdə dövlətlərin antiterror koalisiyaları və Azərbaycanın fəaliyyəti

Müasir beynəlxalq münasibətlərdə antiterror koalisiyaları çox mühüm yer tuturlar.

Hətta bəzi araşdırmaçılar getdikcə beynəlxalq təşkilatların dağılacağını, onların öz yerini antiterror koalisiyalarına verəcəyini ehtimal edirlər.

2001-ci ildən Azərbaycan beynəlxalq antiterror koalisiyasının üzvüdür və bu işdə fəal iştirak edib. Azərbaycan Milli Ordusunun İraq və Əfqanıstanda sülhməramlı qüvvələri fəaliyyət göstərib.. Rəsmi Vaşinqton müxtəlif vaxtlarda Azərbaycanın beynəlxalq antiterror koalisiyasında fəal iştirakını bəyan edib.

2015-ci ildə Səudiyyə Ərəbistanı 34 ölkənin iştirakı ilə terrorizmə qarşı İslam koalisiyasının yaradıldığını bəyan edib. Sözügedən koalisiyaya başda Səudiyyə Ərəbistanı olmaqla Türkiyə, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Banqladeş, Bəhreyn, Benin, Çad, Toqo, Tunis, Cibuti, Seneqal, Sudan, Syerra-Leone, Somali, Qabon, Qvineya, Fələstin, Komor adaları, Qətər, Fil Dişi Sahili, Küveyt, Livan, Liviya, Mali, Maldiv adaları, Malayziya, Misir, Mərakeş, Mavritaniya, Niger, Nigeriya və Yəmən qoşulub.

Terrorizmə qarşı İslam koalisiyası hərbi alyans kimi yaradılmışdı. ABŞ-ın rəhbərliyi altında yaradılmış beynəlxalq antiterror koalisiyasına 65 ölkə daxil idi. Azərbaycana da həmin koalisiyada iştirak üçün dəvət göndərilmişdi.

Azərbaycan prezidenti ABŞ rəsmiləri ilə bir çox görüşlərində bütün bütün sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində, sülhyaratma əməliyyatlarında ölkələrimizin yaxşı əməkdaşlıq qurduqlarını daima vurğulamış, Azərbaycanın Əfqanıstandakı beynəlxalq antiterror koalisiyasında fəal iştirakını və töhfəsini yüksək qiymətləndirmişdir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan müasir dünyanın əsas təhdidlərindən biri olan terrorçuluğa qarşı lazımı səviyyədə mübarizə aparır. Bəs bu təhdid dünya siyasətində necə olmuşdur ki, belə böyük bir təhdidə çevrilə bilmişdir?! SSRİ və ABŞ-ın Soyuq müharibə illərində öz ideoloji rəqiblərinə qarşı istifadə etdikləri üsullardan biri də qarşı tərəfi zəiflətmək üçün müxtəlif terror təşkilatlarının yaradılması idi. Bu proses xüsusən 1970-80-ci illərdə geniş vüsət almışdı. 1979-cu ildə SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsindən sonra ABŞ-ın dəstəyi ilə təşkilatlanmış və bu gün «Əl-Qaidə» kimi tanınan terror təşkilatı buna misal ola bilər.

Eyni zamanda, SSRİ və digər sosialist ölkələrinin təşəbbüsü ilə 1978-ci ildə NATO üzvü və ABŞ-ın Orta Şərqdə ən mühüm müttəfiqlərindən biri hesab olunan Türkiyəni zəiflətmək üçün təsis olunan və artıq 80-ci illərin ortalarından aktiv fəaliyyətə keçən PKK tərəflərin bu məsələdə bir-birinə qarşı nə dərəcədə kəskin mövqe tutmuş olduqlarını sübut edir.

Təəssüf ki, belə təşkilatlar öz fəaliyyətləri ilə bu gün də dünya siyasətində müəyyən prosesləri mənfi istiqamətə yönəltmək iqtidarındadırlar. Məsələn, terrorçu “ASALA” və “Erməni İnqilabi Ordusu” təşkilatlarının Ermənistan və erməni diasporu tərəfindən Azərbaycana və Türkiyəyə qarşı istifadə edilməsi, “Daşnaksütyun” kimi terror metodlarını öz nizamnaməsində əks etdirən təşkilatın Ermənistanda siyasi hakimiyyətə gəlməsi terrorçuluğun bu ölkədə dövlət səviyyəsində dəstəklənməsinə bariz nümunədir. İran İraqdakı sünni və kürd hakimiyyətinə qarşı şiə qruplaşmalarını, İran və Suriya Yaxın Şərqdə əsas rəqib hesab etdikləri İsrailə qarşı “Həmas” və “Hizbullah” təşkilatlarını dəstəkləyirlər.

Eyni zamanda hazırda müharibə şəraitində olan Suriyanın uzun illər ərzində Türkiyə ilə Dəclə və Fərat çaylarının bölüşdürülməsi və Hatay vilayətinə olan ərazi iddiaları səbəbindən PKK-ya dəstək verməsi, İrandakı “Cundullah” qruplaşmasının ABŞ və İsrail tərəfindən maliyyələşdirilməsi barədə ehtimallar mövcuddur. Olsterin Böyük Britaniyadan ayrılması uğrunda mübarizə aparan İrlandiya Azadlıq Ordusunun qonşuluqdakı İrlandiya Respublikası tərəfindən dəstəkləndiyi məlumdur.

Soyuq müharibənin başa çatmasından sonra meydana gələn diqqətəlayiq konsepsiyalardan biri də “Tarixin sonu” idi. Onun müəllifi F.Fukuyama belə hesab edir ki, tarixin inkişafına impuls verən SSRİ-ABŞ konfrontasiyası idi və qarşıduran tərəflərdən birinin süquta uğraması ilə artıq bu impuls zəifləyib və nəticədə tarixin sonu erası başlayıb.

Lakin fövqəldövlətlər olan yerdə maraqlar heç zaman azalmır. Hazırda fövqəlgüc olan ABŞ da öz əsas rəqibindən yaxa qurtardıqdan sonra öz milli maraqlarını dünyada maneəsiz həyata keçirməyə başlamışdır. Pax-Americana ABŞ-ın rəsmi ideologiyasına və xarici siyasət konsepsiyasına çevrilmişdir. Lakin təsir əks-təsirsiz ötüşmədiyi üçün ABŞ-ın intervensionist siyasəti də dünyadakı əks mövqeli tərəfləri daha fəal mübarizə aparmağa vadar edir. Qlobal siyasətdə əvvəllər SSRİ-nin himayəsinə sığınan bəzi dövlətlər və ayrı-ayrı qruplar bu dəfə müstəqil şəkildə öz etirazlarını bildirməyə başlamışlar. Bu, xüsusilə də bir zamanlar iki fövqəldövlətin mübarizə meydanına çevrilmiş Yaxın Şərq bölgəsində özünü büruzə verməyə başlamışdır. ABŞ-ın müttəfiqi olan ölkələrdən (Misir, Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, Oman və s.) fərqli olaraq ona müxalif mövqedən çıxış edən ölkələr və onların hakim rejimləri ya işğal olunaraq hakimiyyətdən uzaqlaşdırılır (İraq, Əfqanıstan, Liviya), ya da bu cür təhdidə məruz qalacağı ilə hədələnir (İran, Suriya). Bu zaman hətta ən yaxın müttəfiqlərin maraqları nəinki nəzərə alınmır, əksinə, bəzən onların milli maraqlarına zərbə vura biləcək addımlar atılır. Buna ən uğurlu misal İraqın tutulmasından sonra yaranmış status-quo-nun Türkiyənin dövlətçilik maraqları ilə ziddiyyət təşkil etməsidir.

Məlum olduğu kimi, türk silahlı qüvvələri dəfələrlə İraqın şimalında terrorçu qruplaşmalara qarşı hərbi əməliyyatlar həyata keçirmişdir. 1992-ci ilin oktyabr-noyabr aylarında “Şimali İraq əmıliyyatı”, 1995-ci ilin mart-may aylarında “Polad”, 1997-ci ilin may-iyul aylarında “Varyoz”, həmin ilin sentyabr-oktyabr aylarında digər bir əməliyyat həyata keçirilərək, İraq ərazisindən keçən 36-cı paraleldən şimalda antiterror kampaniyasına start verilmişdir.

Türk silahlı qüvvələri Afrində də uğurlu döyüş əməliyyatları aparıb. Onun əsas hədəfi olan PKK, PYD terror təşkilatı Avropa Birliyi və bəzi dövlətlər tərəfindən rəsmi şəkildə terror təşkilatı kimi tanınmışdır. PKK-nın həyata keçirdiyi aksiyalar “Amnesty International” və “Human Rights Watch” kimi beynəlxalq qeyri-hökumət təşkilatları tərəfindən kəskin tənqid edilmişdir.

ABŞ-ın həyata keçirdiyi bir neçə antiterror əməliyyatını xatırlatmaq olar. 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra ABŞ bu hücumların təşkilatçısının Üsamə ben Laden olduğunu əsas gətirərək, Əfqanıstanda hakimiyyətdə olan Taliban rejimindən onu ABŞ-a ekstradisiya etməyi tələb etsə də, lakin Taliban hakimiyyəti bunun üçün yetərli dəlillərin olmadığını və şəriət qanunlarına zidd olmasını əsas göstərərək bu tələbləri yerinə yetirməkdən imtina etdi. Hətta belə bir sübutun olacağı təqdirdə onu ABŞ-a deyil, şəriət qanunlarına əsasən mühakimə olunması üçün Pakistan hökumətinə verəcəyini bəyan etdi. Buna cavab olaraq, ABŞ və digər Qərb ölkələri Taliban rejiminə əsas müxalif qüvvə hesab olunan Şimal Alyansına dəstək verərək Taliban hakimiyyətinin süqutu prosesini sürətləndirdi, sonra isə bu ölkəyə birbaşa hərbi müdaxiləyə başladı.

ABŞ-ın İraqa hücumunun bir sıra səbəbləri olsa da (geosiyasi, iqtisadi və s.), bəzi ekspertlər bunu həm də bu dövlətin beynəlxalq miqyasda həyata keçirdiyi antiterror əməliyyatının tərkib hissəsi kimi görürlər. Çünki Vaşinqtonun İraqa qarşı rəsmi ittihamı bu ölkədə kütləvi qırğın silahlarının hazırlanması ilə bağlı olsa da, hələ 1998-ci ilin dekabr ayında Prezident Klintonun İraq kampaniyası dövründə bu ölkənin “Newsweek” və digər nüfuzlu mətbuat orqanları Səddam Hüseyn hakimiyyətinin “Əl-Qaidə” ilə bağlılığı haqda yazırdılar. İraq hakimiyyətini həmçinin Fələstin terrorçu qruplaşmalarına dəstək verməkdə ittiham edirdilər. Bütün bunlardan savayı, İraq hələ 1990-cı illərin əvvəllərindən ABŞ-ın tərtib etdiyi terroru dəstəkləyən ölkələr siyahısına daxil edilmişdi.

ABŞ-ın Yaxın Şərqdə ən sadiq müttəfiqi hesab edilən İsrail də öz rəqiblərinə qarşı həyata keçirdiyi əksər hərbi əməliyyatları terrora qarşı mübarizə kimi təqdim etməkdə maraqlıdır. Məsələn, 2006-cı ilin iyul ayında üç əsgərinin öldürülməsi və ikisinin əsir götürülməsindən sonra İsrail “Hizbullah”ı darmadağın etmək məqsədilə Livanın cənubuna hücum etmişdir. Bir ay davam edən münaqişə avqust ayının 14-də BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamə qəbul etməsilə başa çatmışdır.

Yuxarıda göstərilən misallarda ABŞ və İsrail suveren dövlətlərin (İraq, Əfqanıstan, Livan) ərazisinə etdikləri hərbi müdaxiləni terrora qarşı müharibə kimi təqdim etməyə çalışırlar. Bu ölkələrin həyata keçirdikləri antiterror əməliyyatları beynəlxalq münasibətlərdə yeni presedent yaratmaqdadır. Məsələn, 11 sentyabr hadisələrindən sonra Rusiya Gürcüstanın hava məkanını tez-tez pozmağa və bunu Pankisi dərəsində çeçen yaraqlılarının toplaşaraq buradan Rusiya ərazisinə terror hücumları təşkil etməsilə, Gürcüstanın isə buna nəzarət edə bilməməsi (və ya nəzarət etmək istəməməsi) ilə əsaslandırmağa çalışırdı. Hətta prezident V. Putin öz “Preventiv müharibə” doktrinasında Rusiyaya qarşı yönələ biləcək istənilən potensial təhlükənin qarşısını almaq üçün ölkəsinin qabaqlayıcı addım ata bilməsinin zəruriliyini vurğulamışdır.

Bütün bunlara nəzərən 1954-cü ildən bəri NATO çərçivəsində Qərbin hərbi-siyasi müttəfiqi olan Türkiyənin öz müttəfiqlərindən, xüsusilə ABŞ-dan real dəstək görməməsi təəssüf doğurur. Halbuki təşkilatın kollektiv təhlükəsizlik prinsipinə əsaslanan nizamnaməsinin beşinci maddəsinə əsasən, üzvlərdən birinə qarşı yönəlmiş istənilən təhdid bütün üzvlərə qarşı təhlükə kimi dəyərləndirilir, avtomatik olaraq müttəfiqlik öhdəliyindən irəli gələn tədbirlərin görülməsini tələb edir. Doğrudur, bəziləri bu zaman ABŞ-ın İraqa sonuncu hərbi müdaxiləsi zamanı Türkiyənin öz müttəfiqini qane edə biləcək yetərincə addımlar atmadığını və ABŞ-ın narazılığını əsas gətirə bilərlər. Lakin Türkiyə İkinci Dünya müharibəsi başa çatdıqdan sonra istər Koreya müharibəsi, istərsə də SSRİ ilə Soyuq müharibə zamanı daim ABŞ-a müttəfiqlik sədaqəti nümayiş etdirmişdir. İraqa müdaxilə zamanı Türkiyənin mövqeyini başa düşmək olardı, çünki ərazi bütövlüyü məsələsi müttəfiqlik öhdəliyindən daha yüksəkdə duran məsələdir.

Türkiyə Parlamentinin orduya ölkə hüdudlarından kənarda hərbi əməliyyatlar həyata keçirmək səlahiyyətləri vermək barədə qərarı bu dövlətin İraq ərazisində PKK-ya və PYD-yə qarşı total əməliyyatlar aparması üçün əlverişli qanunvericilik bazası yaratmışdır. Lakin belə proseslərə imkan yaradacaq müvafiq beynəlxalq hüquqi sənədin–hansısa müqavilənin, konvensiyanın mövcudluğundan danışmaq çətindir.

Nəzakət Məmmədova, politoloq, xüsusi olaraq “Bizim Yol” üçün

Son xəbərlər
Bütün xəbərlər »