Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Mamedin günahı odur ki, hadisə yerindən qaçdı”
Narkoloji Mərkəzdəki yanğınla bağlı məhkəmədə zərərçəkənlər ifadə verib

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən və 25 nəfər xəstənin ölməsi, 29 nəfərin xəsarət alması ilə nəticələnən yanğınla bağlı cinayət işi üzrə prosesi davam edib.

Cinayət işi üzrə Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədova ittiham edilir.

Bizimyol.info xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişlər ifadə verib.

“Oyrəndik ki, oğlum artıq morqdadı"

Zərərçəkmiş Əlövsət Sərkərov O bildirib ki, oğlu Kərim Sərkərov Narkoloji Mərkəzdə yanğın nəticəsində dünyasını dəyişib: "Hadisə günü yanğın baş verdiyini öyrəndik. Ora gedəndə öyrəndik ki, oğlum artıq morqdadı".

Ə.Sərkərov qeyd edib ki, oğlunu mərkəzə müalicəyə götürəndə onlardan heç nə tələb etməyiblər.

Digər zərərçəkmiş Araz Məmmədovun isə özü yanğın olan mərkəzdə müalicə alıb. A.Məmmədovun sözlərinə görə, hadisədən 3 ay əvvəl narkotikə görə mərkəzə müalicə üçün yazılıb. Hadisə ilə bağlı danışan zərərçəkən deyib ki, səhər saat 5-ə qalmış oyanıb, Gürcüstan vətəndaşı olan bir nəfərlə söhbət edib. “Bir az keçəndən sonra xəstələrdən biri otağa girib yanğının baş verdiyini dedi. Çölə çıxıb gördük 15-ci otaqdan tüstü çıxır, qapısı da bir az açıq idi. Mühafizəçi Amid qapını açdı, Fərid Dadaşovla çölə çıxdıq. Arxamızca da Mamed (yanğın törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədovu nəzərdə tutur) çıxdı. O, bizə sağa keçməymiz dedi. Biz dönəndə daha Mamed yoxa çıxdı, hara getdiyini də bilmədik. Mamedlə eyni otaqda sabirabadlı oğlan qalırdı. Həmin şəxs də "lomka"dan çıxmışdı. Mamed oranı yandırmaq istəsəydi, səsə həmin şəxs yuxudan oyanardı".

“Mən də qaçsaydım, indi Mamedin yerində oturmuşdum”

A.Məmmədovun sözlərinə görə, şöbənin iki qapısı olub, biri həmişə bağlı olub: "Həmin qapı isə heç vaxt açılmırdı. Mamedin günahı odur ki, hadisə yerindən qaçdı. Mən də qaçsaydım, indi Mamedin yerində oturmuşdum. Yanğın vaxtı tibb bacısı Şəlalə xanım da orda idi. Həmin vaxt 8-ci otaqdakı xəstə ağrıyırdı deyə ona iynə vurmağa gəlmişdi. Şəlalə xanım da bizimlə birgə qaçıb, çölə çıxdı".

Məhkəmənin növbəti iclası sentyabrın 21-nə təyin edilib.

Martın 2-də Narkoloji Mərkəzdə baş vermiş yanğında 25 nəfər ölüb, daha 29-u xəsarət alıb. Hadisə nəticəsində Mərkəzə 37 min manatdan çox ziyan dəydiyi bildirilir.

Daha öncə isə Mərkəzdə müalicə olunan və həmin gecə xəstəxanada yanğın törədən Məhəmməd Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilir.

Pasiyent Məhəmməd Məmmədovun həkimi Afət Məmmədovaya da Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham edilib. O həbs edilməyib, polisin nəzarətinə verilməklə azadlıqda qalıb.

A.Məmmədova pasiyent M.Məmmədovun ailə üzvlərindən rüşvət alaraq onu qanunsuz olaraq müalicəyə qəbul etməkdə təqsirləndirilir.

Azad Ələkbərov isə ürəyində ən əməliyyat olunduğu üçün onunla bağlı cinayət işi ayrıca icraata verilib və istintaq hərəkətsiz saxlanılıb. O, hazırda Müəllicə Müəssisəsində stasioner müalicə alır. Onunla bağlı istintaq yekunlaşmadığı üçün məhkəməyə göndərilməyib.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »