Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ASALA-nın son dövrlərdə post-sovet məkanında fəaliyyəti və Azərbaycanın keçmiş sovet respublikaları ilə anti-terror sahəsində əməkdaşlığı

Terrorçuluğun metodları əsrlərlə formalaşmışdır.

Qədim dövrlərdə qadınlar, uşaqlar da daxil olmaqla bütün əhalinin qırılması və nəticədə düşmən tərəfdə vahimə yaratmaq yolu ilə total müharibələr aparılması halları tez-tez baş vermişdir. Bəzən terror yolu ilə müharibələrin qızışdırılması baş vermişdir. Məsələn, b.e. 66-73-cü illərində Fələstində sikarilər sektası fəaliyyət göstərmişdir. Onun tərəfdarları Roma ağalığına qarşı çıxaraq buğda anbarlarını yandırmış, su təchizatı sistemini sıradan çıxarmışlar. Düşmənin maliyyə sistemini iflasa uğratmaq məqsədilə romalılara borcu olanların siyahısının saxlanıldığı ictimai arxiv də yandırılmışdır. Qüdsün bayramlar zamanı xüsusilə qələbəlik olmasından istifadə edən sikarilər kütləyə qarışaraq paltarlarının altında gizlətdikləri xəncərlərlə adamları doğrayırdılar.

Terror sözünün özü isə müasir dövrümüzdə meydana gəlmişdir. Fransız dilində dəhşət, qorxu mənası verən bu sözü ilk dəfə Böyük Fransa burjua inqilabı zamanı Yakobinlər özləri barədə işlətmişlər. “Köhnə qayda tərəfdarları”nın (aristokratlar və ruhanilərin) kütləvi edamları onların müqavimət ruhunu aradan qaldırmalı idi.

Restavrasiya dövründə və sonralar bu termin mənfi məna daşımağa başladı. XIX əsrin sonlarında terrorçuluq dalğası bütün Avropanı bürümüşdü. Türkiyə, Böyük Britaniya, Avstriya-Macarıstan imperiyalarında millətçilər muxtariyyət uğrunda mübarizə aparırdılar. Fransa, İtaliya, İspaniya, ABŞ, Rusiyada anarxistlər və xalqçılar qanlı təbliğat – terror metodlarından geniş istifadə edirdilər.

Lakin terrorçuluğa münasibət heç də həmişə birmənalı surətdə mənfi olmamışdır. Məsələn, Şiller zorakılıq və güc tətbiqinə “alçaldılmış və təhqir olunmuşların son çarəsi” kimi bəraət qazandırmağa çalışmışdır. Bu müddəa silahlı etirazçıları ruhlandırmış, terror – güclülərin zəiflər üzərində zorakılığı və terrorçuluq – güc tətbiqi və zəiflərin güclülərə münasibətdə qorxu yaratması anlayışları fərqləndirilməyə başlamışdır.

Çar Rusiyasında terrorçuluq nəinki geniç vüsət almış, hətta onu nəzəri cəhətdən əsaslandırmağa çalışmışlar. 1866-cı ildə D. Karakozov tərəfindən çar II Aleksandra qarşı sui-qəsd uğursuzluqla nəticələnsə də, hakimiyyəti bir sıra islahatlar həyata keçirməyə məcbur etmişdir.

1870-ci ildə xalqçılar yenidən terror metodundan geniş istifadə etməyə başlamışlar. 1878-1882-ci illər Rusiya tarixinə terrorun vüsət aldığı dövr kimi daxil olmuşdur. 1881-ci ildə çar II Aleksandr terrorçular tərəfindən törədilmiş sui-qəsd nəticəsində həlak olmuşdur.

Rusiyada daha geniş terror dalğası 1901-1911-ci illərdə müşahidə olunmuşdur. Nəticədə on il ərzində on yeddi min nəfər insan həlak olmuşdur. 1911-ci ildə çar Rusiyasının baş naziri Pyotr Stolıpin terrorçular tərəfindən öldürülmüşdür. Rusiya növbəti terror dalğasına Vətəndaş müharibəsinin başlanması ilə qədəm qoymuşdur. “Ağlar” və “Qırmızılar” arasındakı savaşda on milyonadək insan, o cümlədən günahsız mülki əhali həlak olmuşdur.

İkinci Dünya müharibəsi də Birinci Dünya müharibəsi kimi bütün beynəlxalq konvensiyaların və müharibənin aparılması qaydalarının kobud surətdə pozulması ilə tarixə düşmüşdür. Dinc yerli əhaliyə qarşı törədilən qəddarlıq mahiyyətcə terrorçuluqla eynidir. Məlumdur ki, dinc əhali istənilən hətta ən güclü dövlətlərin belə zəif yeri, “Axill dabanı” hesab olunur. Ddinc əhaliyə qarşı zorakılıq döyüşən tərəflərin bir-birinə qarşı ən amansız hərəkətidir. İkinci Dünya müharibəsinin başa çatması ərəfəsində Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə amerikalılar tərəfindən atom bombasının atılması, Almaniyanın Drezden şəhərinin ingilislər və amerikalılar tərəfindən bombardman edilməsi və s. heç bir hərbi əhəmiyyəti olmayan, dinc əhalinin qorxudulmasına hesablanmış aksiyalar idi.

XX əsrin ortalarından etibarən terrorçuluğun yeni növü – texnika və informasiya cəmiyyətinin nailiyyətlərindən, kütləvi informasiya vasitələrindən istifadə edən terrorçuluq inkişaf etməyə başlamışdır. Xarici dövlət xadimlərinin, diplomatik nümayəndəlik əməkdaşlarının qaçırılması və öldürülməsi, səfirlik, konsulluq, beynəlxalq təşkilatların binalarının partladılması, aeroportlarda və vağzallarda partlayışlar, təyyarələrin qaçırılması və s. terroru beynəlxalq prosesə çevirmişdir.

1970-80-ci illərdə beynəlxalq miqyasda çoxsaylı terror aktları törədilmişdir. Məsələn, 1972-ci ildə Fələstinin “Qara sentyabr” terrorçu qruplaşması tərəfindən Münhen Olimpiada oyunlarında iştirak edən İsrail idmançıları oğurlanaraq qətlə yetirilmişlər. 1975-ci ildə Stokholmda almanların Qırmızı Ordu Fraksiyası (RAF) tərəfindən Almaniya səfirliyi ələ keçirilmişdir. Elə həmin ildə Vyanada OPEK ölkələrinin on bir naziri “Çaqqal” Karlosun (İliç Ramireç Sançes) başçılıq etdiyi Fələstin və Qərbi Almaniya yaraqlıları tərəfindən girov götürülmüşlər. 1977-ci ildə “S. Zatikyanın qrupu” adlı Daşnaksütyun üzvləri olan terrorçular tərəfindən Moskvanın “İzmaylovsk park” və “Pervomaysk” stansiyaları arasında bomba partladılmışdır. “Hüquq müdafiəçisi” A. Saxarov həmin partlayışlarda DTK-nı təqsirləndirsə də, lakin aparılmış geniş və əhatəli istintaq terror aktının millətçi ermənilər tərəfindən törədilməsini sübuta yetirmişdir. 1982-ci ildə Fransada erməni terrorçuları tərəfindən silsilə terror aktları törədilmişdir. 1985-ci ildə İtaliyanın “Akille Lauro” gəmisində beş yüz on dörd nəfər Fələstin Azadlıq Xalq Cəbhəsi tərəfindən girov götürülmüşlər.

Azərbaycan müasir dünyanın əsas təhdidi olan terrora qarşı mübarizədə ön sırada yer alan dövlətlərdən biridir. Ölkəmiz bu sahədə ABŞ, NATO, Avropa Şurası, Avropa Birliyi kimi təşkilatlarla yanaşı MDB məkanında mövcud olan təşkilatlarla və ayrı-ayrı ölkələrlə əməkdaşlıq edir. Bunlar sırasında MDB, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) xüsusi önəm daşıyır.

Rusiya, Qazaxıstan, Çin, Qırğızıstan, Özbəkistan və Tacikistanın xüsusi xidmət orqanlarının fəal iştirakçısı olduğu anti-terror sahəsindəki mübarizədə bu sahədə əlaqələrin dərinləşdirilməsi, MDB, ŞƏT-ın üzvü olan ölkələrdə terrorçu, ekstremist və separatçı təşkilatların siyahılarının tutulması, məlumat mübadiləsi və bir sıra digər məsələlər mütəmadi şəkildə müzakirə olunur.

Təkcə Azərbaycan və Türkiyəyə qarşı deyil, bir sıra dünya ölkələrinə təhdid yaradan təşkilatlardan biri də ASALA-dır. Ərəb inqilabları və Suriya böhranından sonra Yaxın Şərqdəki mövqelərindən sıxışdırılıb çıxarılan ASALA-nın yerdəyişməsi, Ermənistanda, eləcə də bəzi Qərb ölkələrində terrorçu təşkilatın nümayəndələrinin sığınacaq tapması və bir sıra ölkələrdə fəal döyüş əməliyyatlarında iştirak etdiyi müşahidə edilir. Təşkilat guya formal olaraq 1991-ci ildə buraxıldığını elan etsə də, lakin son zamanlar Türkiyədə, Yaxın Şərqdəki hadisələrdə və MDB məkanında onun fəal iştirakı və dəst-xətti nəzərə çarpmaqdadır.

İlk olaraq ASALA-nın Əsəd tərəfdarları sırasında Suriyada silahlı müxalifətə qarşı döyüşlərdə iştirakı məlumdur. Bununla yanaşı, PKK-nın tərkibində çoxlu sayda ermənilərin Türkiyəyə qarşı Şərqi Anadoludakı döyüşlərdə fəal iştirak etməsi faktları Türkiyə tərəfindən də ən yüksək səviyyələrdə təsdiq edilir. Məsələn, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO-nun İstanbulda keçirilən toplantısında bildirmişdir ki, “həbs etdiyimiz və öldürdüyümüz PKK terrorçularının içərisində ermənilər də var”.

Son dövrlərdə Gürcüstan və Ukraynada terrorçu təşkilat üzvləri azərbaycanlılara və türklərə qarşı bir sıra təxribatlar törətmişlər. Ukraynanın Pokrovsk, Lvov, Xerson şəhərlərində son illərdə, yəni Ukrayna böhranı başladığı dövrdən bəri 30-a yaxın azərbaycanlı iş adamına qarşı silahlı erməni dəstələri tərəfindən hücumların baş verməsi, çoxsaylı azərbaycanlıların öldürülməsi və yaralanması, istintaqa cəlb edilmiş ermənilərin diaspora fəalları olması burada adi cinayətdən çox siyasi məqsədlərin olmasının göstəricisidir. Xüsusilə, ölkənin daxili işlər nazirinin milliyyətcə erməni olması mütəşəkkil cinayətkar qrupların və hətta terrorçu dəstələrin sərbəst fəaliyyətinə şərait yaradır. Məsələn, Azərbaycanlılara qarşı Luqanskda törədilmiş cinayətin istefada olan erməni əsilli general azərbaycanlılara və türklərə qatı nifrət hissi ilə seçilən Luqasyanın sifarişi əsasında törədilməsindən sonra Ukrayna hüquq-mühafizə orqanları Luqasyan və daxili işlər naziri Avakovun əlaqələrinə əsaslanaraq cinayət işi açmışlar.

Son zamanlarda Gürcüstanın Cavaxeti bölgəsində ölkənin hüquq-mühafizə orqanları tərəfindən ermənilərə məxsus çoxlu sayda silah-sursatın müsadirə edilmişdir. Onların güclü şəkildə təşkilatlandığı, imkan yaranan kimi separatçı qiyam qaldırmağa hazırlaşdığı barədə ölkə xüsusi xidmət orqanlarında faktlar mövcuddur. Aqasi Arabyan adlı şəxsin rəhbərlik etdiyi “Rusiyanın Cavaxk Təşkilatı” da burada xüsusi fəallıq göstərir. Qeyd edək ki, həmin təşkilat Gürcüstan prezidentinə təxribatçı məktublar yazaraq Bakı-Tbilisi-Qars layihəsinin guya bu ölkəyə sərfəli olmaması barədə sərsəm iddialar ortaya atmış, beynəlxalq əhəmiyyətli bu böyük layihənin həyata keçirilməsinə mane olmaq üçün hər cür canfəşanlq göstərmişlər.

Lakin Gürcüstan xüsusi xidmət orqanlarında gürcü familiyası daşıyan ermənilərin separatçı şəxslərlə əlbir olması və onları vaxtında hazırlanan əməliyyat tədbirlərindən xəbərdar etdiklərinə dair məlumatlar vardır. Eyni zamanda Gürcüstanın korrupsiyalaşmış dövlət strukturunda erməni diasporasının xeyrinə casusluq edən bir sıra məmurların olması ermənilərin qabaqcadan məlumatlanmasına kömək etmişdir. Hüquq-mühafizə orqanlarının planlaşdırdıqları tədbirlərdən ermənilərin vaxtında məlumatlı olması nəticəsində terrorçu separatçılar dəlillərin izini itirir və özləri də gizlənə bilirlər.

Rusiyalı və gürcü analitiklərin əksəriyyəti hesab edirlər ki, Gürcüstanın Cavaxeti bölgəsində ASALA terror təşkilatının yerli özək təşkilatı fəaliyyət göstərir. ASALA-nın “Böyük Ermənistan” planlarında Cavaxeti bölgəsi xüsusi strateji ərazi hesab edilir. Onun çoxsaylı erməni icmasının yaşadığı Acarıstanla ümumi sərhədə malik olması əsas amillərdən biridir. Belə ki, Cavaxeti-Acarıstan xətti üzrə erməni terrorçularının Qara dənizin Gürcüstan sahillərinə çıxış əldə edərək orada dayaq bazaları yaratmaq planları mövcuddur. ASALA-nın ləzgi və talış separatçılarının müttəfiqi olması onu Azərbaycan üçün də təhlükəli edir.

“Qızılgül inqilabı”ndan sonra Saakaşvili hökumətinin Rusiyanı Cavaxetidəki erməni separatçılarına kömək etməkdə ittiham etməsinə bəzi ermənilər də qoşulmuş, antirusiya mitinqləri təşkil etmişlər. 2005-ci ildə Gürcüstan Rusiyanın Batum və Axalkələkdə hərbi bazasının yerləşdirilməsinə etiraz edərkən gürcü parlamentinin erməni əsilli deputatları həmin bazaları erməni terrorçularının Gürcüstandakı dayaq məntəqələri adlandırmışlar. Gürcüstan və hətta ABŞ mətbuatı Batum və Axalkələkdəki hərbi bazalardakı silahların ASALA-ya ötürüldüyü barədə məlumatlar yayınlamışlar.

Xüsusilə Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşması zamanı bu məsələlər gündəmdə olmuşdur. Rusiya 2007-ci ildə Gürcüstandan hərbi bazasını çıxarsa da, 2008-ci il müharibəsində Gürcüstanın məğlub olunmasında Cavaxetidəki erməni terrorçularının, habelə Gürcüstanın hərbi və siyasi elitasında yer tutan ermənilər və onlara havadarlıq edən məmurların rolu məlumdur. Abxaziya ilə müharibə zamanı ermənilərin abxazların tərəfində vuruşması gürcülərdə bu ehtimalın güclənməsinə əsas vermişdir. Bütün bu qeyd edilənlər ASALA terror təşkilatının hazırda Yaxın Şərqdə və MDB ərazisində yaranmış gərginlikdən istifadə edərək ilk növbədə birbaşa Azərbaycan və Türkiyəyə, habelə bu ölkələrlə həmsərhəd və ya güclü mövqelərinin olduğu üçüncü dövlətlərdəki siyasi-iqtisadi, hərbi maraqlarına zərbə vurmaq planlarının olmasını ehtimal etməyə əsas verir.

Nəzakət Məmmədova, politoloq (Bizim Yol üçün)

Son xəbərlər
Bütün xəbərlər »