Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropaya inteqrasiya və Azərbaycanın təhlükəsizliyi

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya, Mərkəzi Asiyaya və Avropaya səfərlərinin ardınca Bakı bir sıra yüksək səviyyəli qərbli qonaqları da qarşılayıb.

AZƏRTAC xəbər verib ki, dövlətin başçısı NATO nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin başçısı isə nə az-nə çox NATO Parlament Assambleyasının Baş katibi Paolo Allidir.

Məlumatda bildirilir ki, Prezident İlham Əliyev Azərbaycan ilə NATO arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək NATO Parlament Assambleyasının iqtisadiyyat və təhlükəsizlik komitəsinin Bakıda keçirilən iclasının bu əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev özünün ötən il NATO-nun mənzil-qərargahına səfərini məmnunluqla xatırlayaraq NATO baş katibi ilə və eləcə də Şimali Atlantika Şurasında keçirilən görüşlərdə Azərbaycanın NATO-Azərbaycan əməkdaşlığı və regiondakı rolu barədə çox müsbət fikirlərin söylənildiyini qeyd edib. Azərbaycan–NATO əməkdaşlığının bir çox illərdir həyata keçirildiyini və müxtəlif sahələri əhatə etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Qətiyyətli Dəstək Missiyasında iştirakının və orada hərbçilərimizin sayının artırılmasının NATO tərəfindən yüksək qiymətləndirildiyini vurğuladı. Dövlətimizin başçısı NATO Parlament Assambleyasının sədri Paolo Allinin rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-NATO və eləcə də Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib. NATO Parlament Assambleyasının sədri Paolo Alli Prezident İlham Əliyev ilə görüşündən məmnunluq hissi keçirdiyini qeyd edərək Azərbaycan Prezidenti ilə regional təhlükəsizlik və əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılmasında maraqlı olduqlarını bildirib. Paolo Alli, eyni zamanda, Azərbaycan-NATO əlaqələrinin inkişafında Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyasının rolunu vurğulayıb.

Buna sadəcə daha bir yüksək səviyyəli nümayəndə heyətinin ağırçəkili Qərb siyasətçisinin rəhbərliyi altında Azərbaycana növbəti səfəri kimi də baxmaq olardı. Ancaq bu, hadisələrin əsl mahiyyətini ifadı etməzdi. NATO təlimlərində və başqa tədbirlərində iştirak edən Azərbaycan hərbçilərin sayı çox olmaya bilər. Ancaq bu, rəsmi Bakının mövqeyinin ifadəsidir. Baxmayaraq ki, İlham Əlyev yenicə Rusiya səfərindən qayıdıb və bu ölkə ilə məhsuldar danışıqlar aparıb. O cümlədən, hərbi-siyasi, təhlükəsizlik mövzularında. Bu, NATO ilə, Avropa Birliyi ilə, Qərbin başqa strukturları ilə əməkdaşlığa mane olmur. Qonşuluqda ABŞ-la yaxınlaşaraq Rusiyadan qəti şəkildə üz döndərmiş, hətta MDB-dən və onun strukturlarından imtina etmiş, buna görə Rusiya ilə açıq müharibə yaşamış Gürcüstan və Qərbə yarınmaq üçün ənənəvi müttəfiqi, daha doğrusu, sahibi Rusiyadan qopmağa çalışan, amma buna da cəsarəti tam olaraq çatmayan Ermənistan var. Azərbaycan hər iki vektor üzrə xarici siyasətini özü müəyyən edir və öz milli maraqları və iradəsi ilə həyata keçirir. Ermənistan isə məşhur Azərbaycan məsəlində deyildiyi kimi, itə bənzəyir: “həm hürür, həm quyruğunu bulayır”.

Azərbaycan NATO ilə ilk əməkdaşlıq haqqında sənədini (memorandumu) düz 24 il bundan əvvəl – 1994-cü ilin aprelində - öz müstəqilliyini elan etdikdən cəmi 2 il yarım sonra imzalayıb. O zaman Azərbaycan nə iqtisadi, nə siyasi, nə hərbi cəhətdən indiki qədər güclü dövlət deyildi; müstəqilliyini yenicə bəppa etmişdi, hələ Ermənistanla açıq müharibə - gərgin döyüşlər gedirdi. Ermənistan isə NATO ilə əməkdaşlığa yeni başlamaq istəyir və bu zaman tez-tez Rusiyaya tərəf boylanır. Həm guya qorxudur,həm də əslində çox qorxur. Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı üçün hər hansı bir tərəfdən icazə almaq kimi bir durumu yoxdur. NATO Parlament Assambleyasının Baş katibi Paolo Allinin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətinin səfəri də bu əlaqələrin daha da dərinləşdirilməsinə və genişləndirilməsinə xidmət edəcəkdir.

Bu arada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edib. AZƏRTAC xəbər verir ki, Tomas Qremingerin səfəri zamanı müzakirə ediləsi məsələlərin gündəliyinin geniş olduğunu deyən dövlətimizin başçısı bildirib ki, əsas məsələlərdən biri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlıdır. Bu baxımdan, Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək. Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib. Söhbət zamanı regional təhlükəsizlik, demokratik inkişaf, nəqliyyat, iqtisadi əməkdaşlıq ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Cənab Qremingerlə görüşdə Prezident İlham Əliyevin Ermənistan rəhbərliyinin mövqeyini təhlil və tənqid etməsi səbəbsiz deyil. Çünki Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaiqşəsinin həlli ilə bağlı bəyanatları ziddiyyətlidir, populist xarakterlidir və bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tam ziddir. Məlumdir ki, danışıqlar prosesi son və yekun sülh sazişini qəbul edəcək Minsk Konfransına hazırlıq üçün yaradılmı. Minsk Qrupu vasitəsilə aparılır. Bu, ATƏT egidası altında davam edən prosesdir və beynəlxalq hüquq müstəvisində aparılmalıdır. Azərbaycanın mövqeyi ilk gündən bu günə - başından sonuna qədər beynəlxalq hüuqu norma və prinsiplərinə əsaslanır. Azərbaycanın istər ayrı-ayrı dövlətlərlə münasibətlərdə, istər dünya birliyinə inteqrasiyada beynəlxalq hüquq norma və prinsiplərə əsaslanır. Ermənistanın mövqeyi isə yüz səksən dərəcədə əksinədir. Ermənistan özünün bu davranış tərzi ilə əvvəldən ATƏT-in məsuliyyət coğrafiyasında düşünülən təhlükısizlik konstruksiyasını pozmağa yönəlmişdi. Hazırda isə yeni baş nazir Paşinyanın siyasi, diplomatik qaydalara sığmayan, heç bir hüquq normasına söykənməyən açılamaları danışıqlar prosesini bütövlükdə zərbə altına alır. Prezident İlham Əliyevin də Qremingerlə görüşdə dediyi kimi, Nikol Paşinyanın “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Məlumdur ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında Ermənistan durur. Buna görə də Paşinyanın bu kimi iddiaları sadəcöə danışıqlar prosesini pozmaq məqsədi daşıyır.

Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, beynəlxalq ictimaiyyətə, xüsusilə də ATƏT MQ həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Azərbaycan hesab edir ki, ATƏT Ermənistan rəhbərlərinin bu təhlükəli bəyanat və iddialarına münasibət bildirməlidir. Ermənistan rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək. Görünür, Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu bu kimi məsuliyyətsiz bəyanatlar verməklə kompensasiya etməyə və ölkə əhalisi arasında nüfuzunu qorumağa çalışır. Bu görüşün uğursuzluğu indiyədək yalnız bir dəfə rus hərbçilərinin Suriya diktatoru Bəşər Əsədə qarşı etdiyi kobudluğa bərabər bir hərəkətlə başladı. Rusiya Prezidenti Vladimir Putinin protokol xidmətinin adi əməkdaşı qapıdan zala keç mək istəyən Ermənistan baş nazirini əli ilə iki dəfə faktik itələyərək saxlamışdı. Bu, diplomatiya tarixində və təcrübəsində bir ölkəyə və onun rəhbərinə qarşı edilə biləcək ən kobud, təhqiramiz hərəkətdir. Bu uğursuzluğu pərdələmək üçün Paşinyan guya münasibətlərin əla olduğuna özünü inandırmağa və Qarabağ problematikası ilə bağlı daha sərt bəyanatlar səsləndirməyə başladı. Ancaq Ermənistan hökuməti vəziyyəti əslində dərindən dərk edir. Bir tərəfdən Rusiyaya bağlı siyasıtçiləri həbs etməyə çalışır (keçmiş prezident Köçəryanla bağlı olduğu kimi), ancaq həbsdə tuta bilmir. O biri yandan, Ermənistan Xüsusi İnstintaq Xidmətinin və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinin də danışıqlarından məlum olduğu kimi, Moskvaya bağlı şəxsləri təqib etməkdən açıq şəkildə qorxu hissi də keçirir. Populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu neücə həll edəcəyini bilmir. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır. İnsan azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunması, Ermənistanın iqtisadi inkişafına şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın azmüdətli rəhbərliyi dövründə ölkədə vəziyyət daha da gərginləşib, dipolmatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının durmadan artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi ytənəzzülün dərinləşməsi, ölkədə vəziyyətin daha da pisləşməsi – Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə göstərən edən faktorlardır. ATƏT bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır. Çünki hər iki ölkə ATƏT-in üzvüdür və bu qurum özünün bir üzvünün – Ermənsistanın o biri üzv dövlətə Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etməməsi üçün bütün əlində olan imkan və vasitələrdən istifadə etməlidir. Əks halda Avropa dövlətlərinin, eləc də, Azərbaycanın Avropanın bu mötəbər qurumuna inteqrasiyasının fəlsəfəsi sual altına düşür.

Samir Məmmədov

Son xəbərlər
Bütün xəbərlər »