Bürclər - 6 İYUN
İyirmi səkkiz il sonra Naxçıvanda
İTV-də yeni təyinat
Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı

İyirmi səkkiz il sonra Naxçıvanda

İyirmi səkkiz il sonra  Naxçıvanda
Bölmə :
Reportaj
Yayım tarixi :
5/6/2017 [22:06]
Baxılıb :
3474 dəfə
"Kiçik torpaq"dan böyük təəssüratlarla: gördüklərim, eşitdiklərim, yaşadıqlarım, düşündüklərim

Esse-reportaj 
Bahəddin Həziyev 


Gəlib çatan kimi təzə, maraqlı, ancaq çox düşündürücü olan əhvalatla rastlaşırıq. Şəhərin mərkəzində - Təbriz hotelinin qarşısında Bakıdan gəlmiş media rəhbərləri  əyin-başından kasıb olduğu bilinən, yaşlı bir qadına kömək məqsədilə pul verirlər. Qadın dönüb onlara deyir:    "Xoş gəlibsiniz. Gəlin, gedək, qonağım olun. Vallah, doğru sözümdür. Bir toyuğum var, kəsib bişirərəm". Yoxsul, özünün yardıma ehtiyacı olan insanın bu qonaqpərvər davranışı bir az qəribə, hətta bəzilərinə gülməli gəlsə də,  gerçəkdən dərin anlamlıdır.  Bura Naxçıvandır..

Sonuncu gəlişimdən keçən vaxt bir igidin ömrüdür; axırıncı dəfə Naxçıvana 28 il əvvəl gəlmişdim. O zaman Moldovadan olan qaqauz türkü Tudora Arnaut və Rusiyadan Altay türkü Ejer bizə Azərbaycanı tanımaq istədiklərini demişdilər. İlk səfər üçün  paytaxtdan ən uzaq, qədim diyarı - Naxçıvanı seçdik. O zaman hələ Naxçıvana qatar işləyirdi. Dəmiryolu Bəhrəmtəpədən başlayaraq Araz boyu Şərura, ordan da İrəvana  doğru "sürünüb" gedirdi. Sonralar Ermənistanın Mehri rayonunda ermənilər əvvəl qatarları daşa basmağa başladılar. Getdikcə təhlükə silahlı basqın dərəcəsinə yaxınlaşdı. Qatarların hərəkəti dayandı; Mincivandan o tərəfə keçmədi. 

Bunlar sonra olacaqdı. Hələ ki biz - əslən naxçıvanlı olan tələbə yoldaşımız Tila, eləcə də, Əlisəfa, Tudora, Ejer qatarla gedirdik. Ejerlə Tudora Azərbaycanı ikiyə bölən bu sərhəd çayına - bizi bizdən ayıran tikanlı məftillərə  qəzəb, kədər və maraqla baxırdılar. Arazın mavi və qırmızı olmaqla iki rəngdə axmağa başladığı yerdə qonaqlarımız heyrətini gizlədə bilmədilər. "Araz bizim yaramızdır, o qırmızı rəngdə axan su deyil, qanımızdır". Bunu əvvəlki səfərimizdə - Yarımca kəndinə gedəndə rəhmətlik Əlisəfa demişdi. Yox, şairliyi tutmamışdı, ruhumuzu iki yerə bölən Arazı görən hər kəsdən belə sözlər eşidərdin o zamanlarda. Milli kimlik şüurunun dirçəldiyi, etnik identikliyi idrak etmənin tavan yapdığı zamanlardı. Gerçək tarixin dərinliklərinə baş vurduğumuz, bu günümüzün savaşına qoşulduğumuz və bütün bunların arasında da gələcəyə dair xəyallar, planlar qurduğumuz təkrarsız illərimizi yaşayırdıq. İndi  o zamanları bəzən  siyasi romantizm, bəzən hüquqi nihilizm, bəzən tarixi skeptisizm... dövrü adlandırırlar. Hər kəs öz pəncərəsindən baxır. Və: "Sovet İttifaqi onsuz da dağılırdı, hamı müstəqil oldu" deyənlər də olur.  Ancaq tarix gec-tez hər kəsin halal haqqını özünə qaytarır. Böyük Sabir deyirdi: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, Yağı yağ üstə çıxır, ayranı ayranlq olur".  

 ...Günortaya doğru Naxçıvana yetişib ordan Şərurun Çərçiboğan kəndinə - Tilagilə, Abbasqulu kişinin sadə, xudmani, hədsiz mehribanlıqla qarşılanacağımız evinə qonaq getmişdik.  Ertəsi gün şəhərdə və bir neçə kənddə görüşlər vardı. Ardınca da Şahbuza - Batabat yaylağına yola çıxsaq da, zamanımız az olduğu üçün Qaraqayanın ətəyində dayanmışdıq. Orda gəzib dolaşdıq. Dağın zirvəsinə çıxdıq, aşağılardakı çay dərələrinə, ovuc içindəki kimi görünən kəndlərə baxdıq. Ruhumuz sözün gerçək anlamında təzələnmişdi. O səfərdən sonra da elə indi yazdığım kimi, yol qeydləri yazmışdım, mətbuatda dərc etdirmişdim.  Naxçıvanda iki gözəl alim, vətənpərvər ziyalılarımız Əli Şamil və Arif Rəhimoğlu həmin vaxt bizi Azərbaycanlılara xas olan qonaqpərvərliklə  ağırladılar, bizə bələdçi, yardımçı oldular. Naxçıvanı bizə tanıtdırdılar, daha da sevdirdilər.  Bu insanları hər zaman sayğı ilə yada salıram. Allah hər ikisindən hər iki dünyada razı olsun! 

...Elə bil dünən idi. Ancaq 28 il keçib. Və mənim yolum yenidən Naxçıvana düşdü. Bu dəfə uçaqla gedəsiyik. Daha o qatar yoxdu. Əslində var, ancaq hamıya bəlli səbəblərdən daha heç Mincivana qədər də getmir; Horadiz stansiyasında dayanır. Bakıdan havalanan uçaq da əvvəl daha tez çatırdı; Ermənistanın üzərindən uçurdu. İndi İranın - Güney Azərbaycanın üzərindən keçdiyinə görə uçuş məsafəsi uzanır.  Çünki terror dövləti olan Ermənistan sərnişin uçaqları üçün də təhlükə mənbəyinə çevrilib.  Hər gün bəlli sayda reys var, ancaq ilin bəzi zamanlarında bu reyslərin sayı artırılır. Əvvəl qiymətlər də bahaydı, İndi 50 manata düşüb. Əslən naxçıvanlı olan yol yoldaşım deyir ki, əlli manat da az pul deyil. Kimsə ailəsi ilə doğma yurduna gələndə maddi sıxıntıya düşür. Bunun xeyri-şəri var. Hələ dövlət rəhbərliyinin müdaxiləsindən sonra qiymət endirimi oldu. Yoxsa "Azərbaycan Hava Yolları" Nuh deyirdi, Peyğəmbər demirdi. Camaat bahalıqdan cana yığılsa da, AZAL iki ayağını bir başmağa dirəmişdi. Doğrusu, AZAL-ın köhnə bazara təzə nırx qoymaq xəstəliyi hər kəsə bəllidir. Hətta müşavirələrin birində ölkə prezidenti AZAL-ı bu qiymətlərə görə tənqid etmişdi:  "Təyyarələri dövlət alır, yanacağı dövlət verir, o zaman qiymətlər niyə bu qədər baha olmalıdır?!" deyə ritorik sual vermişdi. O müşavirədən sonra AZAL bütövlükdə qiymətlərdə endirim etsə də, bu dəfə sərnişinlərə yük qısıtlaması qoydu, uçaqda qida və sərinləşdirici içkilər verilməsini biletin qiyməti ilə şərtləndirdi.  Necə deyərlər, yenə də dəyirman bildiyini edir... Bu, qiymət siyasəti deyil, "qiyamət siyasəti"dir; elə bil dünyanın axırıdır və sanki AZAL  mümkün qədər tez və çox qazanmaq istəyir.  Bütün bunlarla yanaşı onu da demək lazımdır ki,  AZAL-la uçuş rahatdır, təhlükəsizdir.  Məncə, ən azı bircə dəfə elə qardaş ölkənin uçaqlarında səfər edənlər razılaşar ki, Azərbaycan pilotları hava gəmisini çox rahat idarə edirlər. Yadımdadır, bir dəfə İstanbuldan Bakıya qayıdanda pilot qardaşımız hava gəmisini yerə elə sərt "oturtdu" ki, sonrakı üç gün belimin ağrısı keçmədi. Di gəl, Naxçıvana gedib gəldik - necə qalxdıq, necə endik, demək olar,  hiss etmədik. Doğrudur, əvvəl Naxçıvana da kiçiktutumlu və köhnə hava gəmiləri uçurdu; o zaman çox silkələnirmiş. Hətta biri də o zaman hava limanından qalxanda düşmüşdü, yaralananlar olmuşdu. İndi isə aviapark tamam dəyişib - təzə, ən çağdaş avadanlıqlarla təchiz olunmuş  böyük hava gəmiləri uçur. 

Gəlib endiyimiz hava limanı da yetərincə böyükdür,  rahatdır. Hər tərəfi yaşıllıqlar, abadlıqdır. Naxçıvanlılar tariximizin bəlli bir dövrünü az qala qorxulu yuxu kimi xatırlayır. Təsəvvür edin, Sovet istehsalı olan köhnə, kiçik hava gəmisi Naxçıvana uçur, otura bilən oturub, ayaqüstə gedənlər də var. Hava gəmisi uçuş-enmə zolağına enən kimi bir dəstə Naxçıvan sakini əlində bidon, vedrə, nə tapıbsa artıq - cumur zolağa. İnəkdən süd sağan kimi uçaqdan kerosin çəkirmişlər. Evdə kerosin sobalarını yandırıb qızınmaq  üçün. Pilotlar yalvar-yaxarla: "Axı yanacaq az olacaq, Bakıya çata bilməyəcəyik" deyə fəryad etsə də, camaatın qarşısını almaq mümkünsüz olurmuş. Qaz yox, işıq tez-tez kəsilir, günlərlə yanmırdı. Həyətlərdə, bağlarda, parklarda, meşə zolaqlarında, yol kənarlarında, qoruqlarda belə  ağaclar ucdantutma qırılırdı. İnsanları qınamaq da olmazdı; evlərində özləri, ailələri soyuqdan donurdu. Bu bölgənin iqlimini bilən bilir -   Köppen iqlim təsnifatına görə, Naxçıvan şəhərinin iqlimi kontinental, yarımsəhradır. Burada qış qısa, soyuq və qarlı, yay uzun, quru və çox isti keçir. 70-ci illərdə bizim bölgəmizdə - Qarabağda olduğu kimi Naxçıvanda da üzümçülük çox inkişaf etmişdi. Bilirsiniz ki, Mixail Qorbaçov Sovet İttifaqının rəhbəri olandan sonra bütün üzümlüklərin ləğvinə qərar verildi. Tarix boyu bir dövlət başçısının verə biləcəyi ən yanlış qərarlardan biri idi. Bu da başqa bir söhbətin mövzusudur. Sözüm ondadır ki, Qarabağda, Şirvanda, Mildə, Muğanda, Şəkidə, Qazaxda, Gəncəbasarda da üzümlüklər vardı. Ancaq təkcə Naxçıvanda üzüm tənəkləri yayın sonunda torpağa basdırılırdı ki, qışda donmasın. Belə bir sərt iqlimdə heç bir enerji  qaynağı olmayan bölgədə  enerjidən məhrum qalan, evinə gələn qonaq, ya körpə uşağı donmasın deyə ayaqqabılarını ocağa atıb yandıran, ailəlikcə evin bir otağına sığınaraq yeganə yanan sobanın (əgər yanırsa) ətrafına qısılaraq yaşamını sürdürən  insanların hava limanında uçaqdan kerosin çəkmək üçün az qala bir-birini basıb əzməsi anormal olsa da, o dövrə görə başadüşülən idi. Naxçıvan həm coğrafi, həm nəqliyyat-kommunikasiya, həm enerji baxımından blokadaya düşmüşdü. Əlbəttə ki, baş verənlərin obyektiv tərəfi də vardı;  siyasi publisistikanın "Şər imperiyası" adlandırdığı SSRİ - iki superdövlətdən biri çökürdü və müttəfiq respublikalarda böyük milli hərəkatlar vardı. Ölkənin iqtisadiyyatı dağılırdı, etnik konfliktlər isti müharibə fazasına keçirdi. Yeni müstəqil olmuş dövlətlərdə siyasi və maliyyə böhranı yaşanırdı. Xəzinə boşalmışdı. Qərbi Azərbaycanda, Qarabağda insanlar öz daimi yaşayış yerini tərk edirdi. Üstəlik 80-ci illərin sonunda Özbəkistandan da xeyli Ahısxa türkü qaçqın düşüb Azərbaycana pənah gətirmişdi. Nəhəng humanitar fəlakət yaşanırdı. Kriminal meydan sulayırdı. Bütün bunlar Azərbaycanın bu parçasından - Naxçıvandan da yan keçməmişdi. Subyektiv amillər də vardı. Ancaq bu cür sıxıntılar daha çox obyektiv nədənlərə bağlı idi. 

... O zaman biz Naxçıvanda səfərdə olanda Muxtar Respublika ərazisində avtomobillə hərəkət edərkən özümüz çətinliklər yaşamışdıq. İndiyə baxsaq, bunun tamam əksini görürük - indi hətta ucqar dağ kəndlərinə də rahat, geniş asfalt yollar çəkilib, kəsintisiz elektrik və qaz verilir. Bunlar mənim gözlərimlə gördüklərimdir. Tək Ordubada gedən yol bir qədər köhnədir, amma Naxçıvan-Ordubad yolunu Bakı-Şamaxı yolu ilə tutuşdursaq, ikincisini yox sayın. Yeni salınmış yollar bir yana, nisbətən köhnə yollarda da heç bir yer  çökməyib, partlamayıb, heç yerə yamaq vurulmayıb. Deməli, istəsək, bunu Bakıda da, başqa bölgələrimizdə də edə bilərik. Bir qədər əvvəl insanların donmamaq üçün bütün yaşıllıqları məhv etdiyini yazmışdıq. İndi baxırsan, kəndlər sanki meşənin içində yerləşir - çoxlu yaşıllıqlar salınıb. Yolboyu sağ-sol ağaclar sıralanıb gedir. Həm də baxırsan, cavan ağaclardır; zolaq yeni salınıb demək. Naxçıvanın torpağında şoranlıq çoxdur. Ağac əkəndən sonra ona qulluq olmasa, vaxtlı-vaxtında, ağacın istədiyi qədər su verilməsə, başqa aqrotexniki xidmətlər olmasa, ağacı ya külək aşıracaq (Qıvraqda o dəlisov küləyə hansı kimsəsiz ağac dözər?!), ya da kökünü duz yandıracaq. O üzdən bu ağacları damcı üsulu ilə suvarırlar. Hər ağacın öz su payını özünə verirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Əli Həsənovdan eşitdik ki, meşə ilə örtülü ərazilər 0,3 faizdən 13 faizə qalxıb. Azərbaycan üzrə bu göstərici 11 faizdir. Məşhur Amerika yazıçısı yarızarafat-yarıciddi: "Yalanın üç növü var: yalan, ağ yalan, statistika" demişdi. Ancaq gözümüzlə gördüklərimiz bizə verilən statistika ilə tam üst-üstə düşür deyə bilərəm.  Yaşıllıqların çoxalması və qorunub saxlanması, təbii ki, ciddi intizamın və nəzarətin nəticəsidir. Ancaq əsas səbəb 25-30 il bundan qabaqkından fərqli olaraq bütün şəhərlərə, kəndlərə  enerjinin verilməsidir (Yoxsa "ac qılınca çapar" məsəlində olduğu kimi, soyuqdan donan ağacı kəsər də, o tərəfə də keçər).  

Səfərimizin sonuncu günü Batabat yaylağına qalxmışdıq (bir qədər ətraflı sonra yazacam bu haqda). Yolboyu bəzi yerlərdə təzyiq azalsın deyə qıvrılıb yenidən düzələn, əyilib həyət darvazalarının üzərindən keçən, sonra enib "yoluna davam edən"  sarı boyalı qaz boruları Şahbuzun kəndlərinə istilik paylaya-paylaya uzanıb gedirdi. Bu borular dəniz səviyyəsindən 2200 metr hündürlüyə - Biçənək aşırımına qədər qalxıb - Ermənistanla sərhəddə postda dayanan əsgərlərimiz üçün. Təkcə Şahbuzda belə deyil, Naxçıvanın hər yerində qaz var indi.  Bu dəfəki səfərimizdə Şərura - Arpaçaya getmişdik. Orda iki su-elektrik stansiyası işləyir. Muxtar Respublikada bir neçə belə stansiya var. Biri də istilik elektrik stansiyasıdır. Bayaq haqqında danışdığım o enerji blokadası illərində Naxçıvan Türkiyədən böyük həcmdə elektrik enerjisini borc almışdı. İndi özünün istehsal etdiyi elektrik enerjisi ilə həm özünü təmin edir, həm də Türkiyə Respublikasından aldığı borcunu qaytarır. Naxçıvan Muxtar Respublikası hər il daha çox turist cəlb etmək üçün çalışır. Bölgənin turizm üçün maraqlı olacaq məkanları və xidmətləri haqqında sonrakı yazıda daha geniş danışacağıq.  Məncə, Naxçıvanın turizm imkanlarının reklamı, tanıtımı o qədər də yüksək səviyyədə deyil.  Qonşu Türkiyədən, İrandan, eləcə də, yaxın coğrafiyadakı başqa ölkələrdən, o cümlədən, ərəb dünyasından yetərincə turist cəlb etmək olar. Hər il Azərbaycandan ilin bütün fəsillərində qonşu Gürcüstana turist axını var. Əgər öz ölkəmizdə, eləcə də, Naxçıvanda turizm xidmətlərini  gəlişdirsək, qiymətləri insanlarımızın imkanlarına uyğunlaşdırsaq, o zaman nədən belə gözəl məkanlarımıza turist gəlməsin ki?! Elə götürək Appaçay dəryaçasının sahilindəki mənzərəli, təmiz və geniş restoranı;  balıq şorbasının, çölməyin, balıq kababının... dadına doyum olmaz. Yanında da təzə yerli meyvələr, orqanik tərəvəzlər, təzə-tər göyərti, cürbəcür turşular, yerli istehsal olan kəklikotu, baldırqan, zirinc araqları, çoxillik çaxırlar, diqqətlə və sevgi ilə hazırlanmış tərəvəz salatları, Naxçıvan pendiri, Naxçıvan lavaşı ola. O gölün sakit, sərin havasında lavaşın arasında çaşırın üstünə pendiri qoyub yeyən, sonrasında da çiyələk, yemişan, gilas, ceviz, hətta badımcan mürəbbəsi ilə çay içən turist bu yerlərə  bir gəlibsə, bir də gələr. Bu, hələ Naxçıvanın onlarla turistik məkanlarından hələ yalnız bir dənəsidir...

Müəllifdən: Azərbaycanın media orqanlarının rəhbərlərinin Naxçıvan Muxtar  Respublikasına səfərindən qeydlərimiz, yazılarımız növbəti günlərdə də dərc olunacaq. Bu səfərin təşkilinə görə Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna və Naxçıvan Muxtar Respublikasının rəhbərliyinə təşəkkür edirəm. Ayrıca olaraq təşəkkürümü  düşmənlə vur-tut 34 metrlik məsafədə postda dayanan qəhrəman əsgərlərimiz və zabitlərimizlə bizim görüşməyimizə razılıq verən və təşkil edən N saylı hərbi hissənin komandanlığına bildirmək istəyirəm. Ömrüm boyu unutmayacağım bir görüş oldu. 

Paylaş:
6/6/2017 [00:50]: Bürclər - 6 İYUN
5/6/2017 [22:06]: İyirmi səkkiz il sonra Naxçıvanda
5/6/2017 [10:36]: İTV-də yeni təyinat
5/6/2017 [10:33]: Ağır vəziyyətdə olan azərbaycanlı nazir Türkiyəyə aparıldı
5/6/2017 [10:29]: Bakıda dəhşətli hadisə: Bardan evə gətirdiyi qadını...
5/6/2017 [10:20]: 26 yaşlı milyarderdən qeyri-adi Ramazan hədiyyəsi - VİDEO
5/6/2017 [10:17]: “Maşın”da növbəti insident
5/6/2017 [10:04]: Azərbaycan elminə ağır itki üz verib - FOTO
5/6/2017 [08:49]: İlanlar həyət və evlərə daraşıb - FOTO
5/6/2017 [08:37]: Saatlı və Qubada ev yanıb
5/6/2017 [08:33]: Putin: “ABŞ bütün dünyada siyasi proseslərə müdaxilə edir”
5/6/2017 [08:28]: Qonşu qadınlar arasında dava
5/6/2017 [08:21]: İki xalaoğlu bıçaqlandı
5/6/2017 [08:18]: Dörd ölkə Qətərlə diplomatik münasibətləri kəsdi
5/6/2017 [01:19]: Dərmandan daha təsirli olan gilas haqqında BİLMƏDİKLƏRİNİZ
5/6/2017 [00:07]: Bürclər - 5 İYUN
4/6/2017 [23:33]: Azərbaycanda qeyri-adi toy karvanı - VİDEO
4/6/2017 [23:10]: Məşhurların siması olduğu şirkət fırıldaqçı çıxarsa...
4/6/2017 [22:54]: Belə uşaqların 86%-ini valideynlər özü “yetim” edir
4/6/2017 [22:42]: Toyda dava düşdü - yaralananlar var
4/6/2017 [22:18]: Azərbaycanda ağır yol qəzası - 6 nəfər yaralandı
4/6/2017 [21:51]: Ağız, tər və sidik qoxuları bu xəstəliklərin XƏBƏRÇİSİDİR
4/6/2017 [21:47]: Qardaş bacısını internetdə satışa çıxardı -Londonda
4/6/2017 [21:41]: Ramazanın 10-cu gününün duası, imsak və iftar vaxtı
4/6/2017 [21:38]: 16 yaşlı qız intihara cəhd etdi
4/6/2017 [20:49]: Sürücülərin nəzərinə: bu yerlərdə parklanma ödənişli olacaq
4/6/2017 [20:14]: Araz Ağalarov: “Biz qənaət etməyi yaxşı bacarırıq”
4/6/2017 [19:53]: Səbəbsiz gülüş bu 4 XƏSTƏLİYİN simptomu ola bilər
4/6/2017 [19:37]: Məhəmməd peyğəmbərdən bəhs edən qalmaqallı film 2 gün sonra televiziyada göstəriləcək
4/6/2017 [19:32]: Bakıda qəribə olay: Xalası ilə xəstəxanaya gedən uşaq yoxa çıxdı
4/6/2017 [19:22]: Hökumət “Tanrıların qızılları”na göz dikdi: Trilyon dollarlıq xəzinə uğrunda MÜHARİBƏ
4/6/2017 [19:03]: Vahid Mustafayevin adı hallanan hadisəylə bağlı Rəsmi açıqlama
4/6/2017 [18:44]: Bakı aeroportunda kuryoz hadisə - Başqasının pasportuyla DSX-dən keçdi
4/6/2017 [18:32]: Göygöldə əcnəbi turistin başına iş gəldi
4/6/2017 [18:28]: Azərbaycanda DƏHŞƏT: Mühərrikin pəri sürücünün qarnını parçaladı
4/6/2017 [16:43]: Polis Vahid Mustafayevin motosiklet karvanını saxladı - FOTOLAR
4/6/2017 [16:11]: Londonun şərqində xüsusi əməliyyat keçirilir
4/6/2017 [15:18]: Natiq Əliyevin vəziyyəti ilə bağlı xəstəxanadan AÇIQLAMA
4/6/2017 [15:00]: Polisin otellərdə nikahsız vətəndaşlara qarşı reydləri barədə yazılara DİN-dən AÇIQLAMA
4/6/2017 [14:41]: “İntihar etməyə gedirəm” yazan uşağın meyiti tapıldı
4/6/2017 [14:35]: Azərbaycan prezidenti Böyük Britaniya baş nazirinə başsağlığı verib
4/6/2017 [14:02]: ABŞ PKK-nın Suriya qolu ilə Rakka əməliyyatına başlayıb
4/6/2017 [13:26]: Çempionlar Liqasının final oyunu zamanı İtaliyada 1000-dən çox insan xəsarət aldı - VİDEO
4/6/2017 [13:07]: Londonda terror aktları nəticəsində ölənlərin sayı artır - VİDEO
4/6/2017 [12:34]: Rusiyanın güllələnərək öldürülənlərin sayı 9 nəfərə çatıb
4/6/2017 [12:09]: İyunun 5-ə HAVA PROQNOZU
4/6/2017 [11:58]: Nazir xəstəxanaya yerləşdirildi
4/6/2017 [11:24]: Dolların iyunun 5-nə olan məzənnəsi
4/6/2017 [11:20]: Sərxoş sürücü ağır qəza törətdi: ÖLƏN VAR
4/6/2017 [10:11]: "Zidan ömrü boyu "Real"da qala bilər"
4/6/2017 [10:00]: London polisi terrorçu olduğu ehtimal edilən üç nəfəri məhv etdi
4/6/2017 [09:53]: Rusiyada 8 nəfər güllələnərək öldürüldü
4/6/2017 [09:48]: Cəbhə xəbərləri
4/6/2017 [09:40]: Tramp Londona yardım təklif etdi
4/6/2017 [09:29]: Manilada kazinoya silahlı basqın: 36 nəfər öldü - VİDEO
4/6/2017 [09:10]: Gürcüstan, Azərbaycan və Türkiyə birgə hərbi təlim
4/6/2017 [09:05]: Göygöl sakini körpüdən yıxıldı
4/6/2017 [09:02]: Magistraturaya qəbul imtahanının ikinci mərhələsi keçirilir
4/6/2017 [08:57]: Londonda terror aktları: 6 nəfər öldü, 30 nəfər yaralandı
4/6/2017 [00:43]: Qeyri-adi hadisə: Göyərçin Putinə "hərbi salam" verdi -VİDEO
4/6/2017 [00:23]: Putin: "NATO-da müttəfiq yoxdur, yalnız vassallar var"
4/6/2017 [00:08]: Bürclər - 4 İYUN
3/6/2017 [23:37]: Pulun yoldan çıxardığı milyarderlər
3/6/2017 [23:15]: İnanılmaz - Körpə qocalıq sindromu ilə doğuldu
3/6/2017 [22:24]: Bakıda onlarla sakin tülkülərin hücumuna məruz qalıb
3/6/2017 [22:15]: 19 yaşlı qızını bıçaqlayıb Azərbaycandan qaçmaq istədi
3/6/2017 [22:09]: Əfqanıstanda qəbiristanlıqda partlayış: 20 ölü
3/6/2017 [21:51]: Sankt-Peterburq sakini iyun ayında donub öldü
3/6/2017 [21:43]: ABŞ-da homoseksual ata "ana" olmağa hazırlaşır
3/6/2017 [21:25]: "Nəqliyyat və logistika sektorlarında ticarət və biznes imkanları" mövzusunda seminarı keçirilib
BÜTÜN ARXIV BIR SIRADA

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi


www.bizimyol.info
saytı "Bizim Yol" qəzetinin
internet ünvanıdır
Təsisçi və baş redaktor:
Bahəddin Həziyev
Veb-redaktor:
Müşfiq Hüseynov
Ünvan: AZ1100, Bakı şəh.,
Mirəli Seyidov küçəsi, 51,
"Arqus" binası
Tel: (+99455) 911 85 15
e-mail: bizimyol07@gmail.com