Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycanda 1 həftə dincəlmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar"
"Azərbaycanda 1 həftə dincəlmək və gəzmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar"

"Ölkəmizə gələn turist səhər, günorta və axşam yeməyində kabab yeyəcəksə, bu yolla turizm inkişaf etməyəcək"

"Görəsən, Bakıya 1 dəfə gələn turist 2-ci dəfə də gələcəkmi?"

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafında turizm prioritet sahə kimi önə çəkilir. Məhz bu məqsədlə Azərbaycanın turizm potensialının genişlənməsi üçün müxtəlif layihələr həyata keçirilir.

Buna rəğmən ölkəmizdə sözügedən sahədə ciddi boşluqların olması eynəksiz görünən problemlərdəndir.

Biz də Sherg.az olaraq Azərbaycanda turizm sektorundakı mövcud çətinliklərin yaranma səbələri və bu boşluqların aradan qaldırılması yollarını öyrənmək üçün Azərbaycanın İstanbuldakı sabiq Baş konsulu, Azərbaycan Dövlət Televiziyasının sabiq Türkiyə təmsilçisi İbrahim Nəbioğlu ilə əlaqə saxladıq.

Xarici turistlərin çoxu Azərbaycanın heç xəritədə yerini belə bilmir

O, Azərbaycanda turizmin istənilən səviyyədə inkişafı və təbliğatı üçün ölkəmizin müxtəlif mərhələlərdən keçməli olduğunu diqqətə çatdırdı:

"İki turizm ölkəsini götürək: Türkiyə və Yunanıstan. Əgər reklam önəmlidirsə, belə bir fakta baxaq - Türkiyədə Yunanıstan, yunan televiziya və mətbuatında isə Türkiyə daimi reklam olunur. Amma çox az sayda yunan Türkiyəyə səyahət edir, bunlar əsasən köhnə istanbullulardır, yəni 60-70-ci illərdə tarixi Elladaya köçən İstanbul rumlarıdırlar.

Türklər isə yunan adalarına o adalardakı imkanları, şəraiti yaxşı bildikləri, mətbəxini sevdikləri üçün gedirlər. Yəni xüsusi tanıtıma ehtiyac yoxdur, tanıtım yerinə konkret olaraq konkret otelin reklamı önəmlidir. Turist ilk öncə cibindən çıxacaq pulu hesablayır və o məbləğə görə səyahət planlayır (Bizdə isə planlamaq müşkül məsələdir, məsələn, taksidə taksometr olmasına baxmayaraq, London taksi hava limanından mərkəzə 60 manat pul qopartmağa təşəbbüs edir (gülür).

Bizdə isə məsələ bir xeyli çətindir. Xarici turistlərin çoxu Azərbaycanın xəritədə yerini belə bilmir. Ona görə, əvvəl Azərbaycanın özü tanınmalıdır. Bu ölkə harada yerləşir, hansı iqlim qurşaqlarına malikdir, mətbəxi, tarixi nədir ? Türkiyədə isə vəziyyət fərqlidir. Çünki biz iki dövlət bir millətik. Türk insanı turizmdən yaxşı anlayır, xaricə gedəndə müqayisə edə bilirlər hər şeyi. Azərbaycana gələn türk turisti xidmət qarşılığında qiymətlərin astronomik olduğunu görür və 2-ci dəfə gəlməyəcəyini anlayır.

Xidmət səviyyəsi zəifdir

Ölkəmizdə turizm sahəsində qiymətlərin baha olduğunu deyən İ. Nəbioğlunun sözlərinə görə, türklər və ya digər ölkələrdən gələn turistlər qiymətlərə baxdıqda görürlər ki, Azərbaycanda 1 həftə dincəlmək və gəzmək üçün xərclənən pula Türkiyədə 1 ay istirahət etmək olar:

"Üstəlik buradakından qat-qat yuxarı səviyyədə və keyfiyyətli servislə. Buna dayanaraq deyə bilərik ki, ölkədəki turizmin böyük çatışmazlığından biri də xidmət səviyyəsinin zəif olmasıdır. Bu sahə Türkiyə ilə müqayisədə çox aşağıdır. Avropa ölkələri içərisində də Türkiyə xidmət sahəsinə görə barmaqla göstərilən ölkələrdən biridir. Bu səbəbdən türklər ölkəmizdə istirahət etdikdə xidmətdən narazı qalırlar. Azərbaycan turizminin inkişafı üçün bu sahəni sürətlə inkişaf etdirmək lazımdır.

Bakıdan kənara çıxandan sonra kababdan başqa heç nə yemək olmur. Təbii ki, 5 ulduzlu 5-6 otellər istisnadır. Turist səhər, günorta və axşam kabab yeyəcəksə, bu, artıq turizm deyil. Ona görə, hesab edirəm ki, biz Avropaya, Türkiyəyə uyğunlaşmalı, onların mütərəqqi tərəflərini mənimsəmək üçün öz kadrlarımızı yetişdirməliyik. O zaman da maliyyə problemi ortaya çıxır. Çoxlu sayda azərbaycanlı tələbə var ki, xarici ölkələrdə bu sahə üzrə ixtisaslaşır. Lakin onlar Azərbaycan turizmində 500-700 manat maaşla işləmək istəmirlər. Oxuduqları ölkələrdəki imkanları gördükdə orada qalıb çalışmağa cəhd edirlər. Bu mənada da işimiz çətindir.

Heç avropalı turist gözümə dəymir

Hazırda Bakıda olduğunu söyləyən müsahibimiz qeyd edir ki, ölkəmizə daha çox ərəblər, iranlılar və s. səyahət edir:

"Lakin heç avropalı turist gözümə dəymir. İşin ən mənfi tərəfi isə gələn turistlərin çoxunun Azərbaycana ilk və son dəfə gəlməsidir. Turistlərə o qədər qeyri-adi təkliflər edilməlidir ki, onlar ikinci dəfə gəlmək istəsinlər. Paytaxt Bakının son illər inanılmaz dərəcədə gözəlləşdiyini etiraf etməliyik. Buna baxmayaraq, tək bir bölgəni gözəlləşdirib, turizm məkanına çevirməklə kifayətlənməməliyik. Bir gün Bakıda dolaşmaqla paytaxtın tamamını gəzib, bitirmək olar. Ona görə, bölgə turizminin üzərində də çox işləməliyik”.

Azərbaycanda hekayəsi olan çox az sayda yer və tarixi əsər var

Azərbaycanda turizm üçün böyük potensial olduğunu vurğulayan müsahibimiz deyib ki, bu potensialı tamamilə açmaq üçün Azərbaycan çoxlu mərhələlərdən keçməlidir:

"Bu proses sadəcə inşaata bağlı deyil. Tək üç, dörd və ya beş ulduzlu otel tikməklə turizm olmur. Turizm kulinariyadır, tarixdir, abidələrdir və s.

Bütün dünyada turizm ölkələrində gəzməli yerlərin, tarixi abidələrin, bölgələrin bir əfsanəsi var. Hər şəhərdə, görməli yerlərdə müxtəlif əfsanələr olmalıdır. Məsələn, turist Qız Qalasına gəldikdə onu qalanın əfsanəsi ilə tanış etməliyik. Azərbaycanda bu cür hekayəsi olan çox az sayda yer və tarixi əsər var".

Zavodu tikirik, amma onu işlətməyi bacarmırıq

Təbliğata gəlincə, İ. Nəbioğlu vurğulayıb ki, turizmin təbliği tək reklamla həll ediləcək məsələ deyil:

"Turizmdə davamlılıq çox önəmlidir. Məsələn, mənim qəzetim olsaydı həftədə iki gün, şənbə və bazar turizm bölməsi açar və bu fikirlərimi yazardım. Təəssüf edirəm ki, bizdə informasiya və qalan hər şey onlayndır. 30 ildir Türkiyədə yaşayıram, açığını deyim, əlimə imkan düşəndə Antalyaya gedirəm. Lakin görəsən, Bakıya 30 dəfə gələn turist varmı? Turistləri nə iləsə bağlamaq lazımdır. Çünki Bakıya turistin bir dəfə gəlməyi, razı getməyi demək deyil. Onlar bura gəlir, gördüklərini görür və doyur. Başa düşür ki, ikinci dəfə gəldikdə yenə eyni şeyləri görəcək. Lakin Antalyada turizm daha çox dincəlməyə və yay istirahətinə yönəlib. Bu, tamamilə fərqli bir situasiyadır.

Türkiyədəki son olaylardan əvvəl İstanbula və digər şəhərlərə gecə-gündüz turist axın edirdi, lakin Antalyaya turistlər cəmi 3 ay gedir. Həmin 3 ay ərzində Antalya əhalisi turizmdən o qədər çox pul qazanır ki, qalan 9 ayı özləri istirahət edir. Sirr deyil ki, qardaş ölkə turizmin inkişafına görə, ilk onluqdakı ölkələrdən biridir. Bu dövlət Yunanıstan kimi əzəli turist ölkəsini geridə qoyub. Bu böyük nailiyyətləri qazanmaq üçün milyardlarla pul xərclənib. Turizmin inkişafı və təbliği bir günlük məsələ deyil. Turizm sahəsinin inkişafına da elmi yanaşmaq lazımdır. Ən klassik problemlərimizdən biri odur ki, məsələn, zavodu tikirik, amma onu işlətməyi bacarmırıq. Ona görə, inkişaf etdirməyə çalışdığımız sahədəki boşluqları bilməli və aradan qaldırmalıyıq”

Son xəbərlər
Bütün xəbərlər »