Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakıda yeni tikintilər sürüşmə sahələrinin yaranmasına səbəb olacaq”
Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Bakı Televiziya Qülləsinin yaxınlığında davam etməkdə olan torpaq sürüşməsi onlarla evi qəzalı vəziyyətə salıb. Sürüşmə nəticəsində ərazidə eni 1, dərinliyi 5-7 metrə çatan çatlar əmələ gəlib. Ən təhlükəli vəziyyət isə qəsəbənin Cənub dərə küçəsindədir. Sakinlərin bildirdiklərinə görə, dağın yamacında yerləşən evlərdə bir il əvvəldən yaranan kiçik çatlar iri yarğanlara çevrilib. Xüsusən son 2-3 ayda sürüşmə intensivləşdiyindən hər an evlərinin dağılma təhlükəsi ilə üz-üzə qalıblar.

Məsələ ilə əlaqədar bizimyol.info-ya açıqlama verən Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov çıxış yolunu həmin ərazilərin yaşıllığa çevrilməsində gördüyünü bildirib: “Bayıl ərazisi sürüşmə zonasına aiddir. Orda yaşayış binalarının tikilməsinə dövlət qurumlarınım icazə verməsi tamami ilə səhv addım idi. İndi sürüşmə təhlükəsinin qarşısı almağa çalışırlar. Əgər həqiqətən sürüşmənin aktivləşməsini istəmirlərsə, yaxşı olardı ki mərhum akademik Həsən Əliyevin tətbiq etdiyi terraslar həmin ərazilərdə yaradılmalı, ağaclar əkilməlidir ki, yağış suları torpağı axıra qədər nəm etməsin. Ancaq bu siyasət bu gün həyata keçirilmir”.

Telman Zeynalov bildirib ki, Bakı Televiziya Qülləsi üçün təhlükə yoxdur: “Teleqüllənin uçması gözlənilmir. Onu sovetin dövründə tikiblər. Onun bünövrəsi ana suxura qədər girib. Ana suxur Teleqüllənin dağılmasına imkan verməyəcək. O ərazidə tikilən yaşayış binalarının bünövrəsi isə təxmini 1 metr dərinlikdə olsun. Amma ola bilsin ki sürüşmə ərazisində ana süxur 20-50 metr dərinliyində olsun”.

Ekoloq bildirib ki, Bayıldakı sürüşmənin aktivləşməsinə səbəb yeraltı çaylardır: “Azərbaycanda yeraltı çaylar həddən artıq çoxdur. Dünya Bankının verdiyi məlumata görə Azərbaycan 2030-cu ildə su qıtlığı ilə üzləşəcək. Sürüşmə sahəsində yeraltı çayların olması onu sübut edir ki Azərbaycan su qıtlığı ilə üzləşməyəcək. Amma Bayılda tikintilərin davam etməsi yeraltı çayların istiqamətini dəyişə bilər ki bu da yeni sürüşmə sahələri yaranmasına səbəb olacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »