Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Musiqi məktəblərində müəllimlərin maaşı yarıbayarı kəsilib
Müəllimlər sosial şəbəkədə qrup yaradıb hüquqlarının müdafiəsinə başladılar

Mədəniyyət və Turizim Nazirliyi isə problemin gələn ayın əvvəli həll ediləcəyini vəd edib

“Dekabr ayında Bakı şəhər Mədəniyyət və Turizim İdarəsinə tabe olan məktəblərdə maaşımızı iki dəfə qanunsuz olaraq kəsdilər. İdarədən məktəb direktorlarına xəbər gəldi ki, müəllimlərin maaşı tutulsun, çünki nazirilyin büdcəsində pul yoxdur. Hər müəllimdən 4-5 saatın pulunu tutdular. Bu proses idarəyə aid olan məktəblərin hamısında baş verib. Sonradan Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun tapşırığına əsasən musiqi təhsili və incəsənət sektorunun müdiri Bətulə Məmmədəliyeva whatsapp vasitəsilə direktorlara səs göndərdi ki, müəllimlərdən tutulan məbləğlər yanvar ayının maaşında qaytarılacaq. Bir həftə əvvəl yenidən direktorlara tapşırıq gəlib ki, büdcədə pul yoxdur, bütün müəllimlərin maaşından kəsin. Hər müəllimədən 4-5 saatın ödənişini kəsmək istəyirlər. Belə olanda bizə maaşımızın yarıdan da az hissəsi qalır. Özü də hamıya xəbərdarlıq ediblər ki, bu barədə heç kimə məlumat verməyin, kimsə harasa şikayət etsə, ərizəsini yazıb işdən çıxsın. Əks-halda özləri başqa adla işdən azad edəcəklər”.

Bu sözləri Bizimyol.info saytına musiqi məktəblərindən birinin müəllimi deyib. O, işdən çıxarılmaqdan qorxduğu üçün adının çəkilməməsini istəyib. Ancaq qeyd edir ki, “Facebook-da “Musiqi məktəbləri” adlı açıq qrupda müəllimlər bu problemlə bağlı ətraflı məlumat veriblər.

“Burada qorxmalı və çəkinməli heç nə yoxdur”

Sözügedən qrupa nəzər saldıqda məlum oldu ki, müəllimlər maaş kəsilməsi ilə bağlı problemin həlli üçün müzakirələr aparırlar, təkliflər verirlər. Qrup üzvlərindən biri qeyd edib ki, Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvarın 30-da Abşeron rayonunda qəbul keçirəcək. Qəbulda iştirak edərək, problemi nazirə çatdırmaq lazımdır.

Digər qrup üzvü müəllimlərin bu məsələ ilə bağlı imzatoplama kampaniyasına başladığını qeyd edib: “Sabahdan imza toplama kompanyasına başlayırıq. Hər məktəbdən bir müəllim adları yazıb imzalatdırsın. Ad, soyad məktəbin nömrəsi, ixtisası və imzası. Hansi məktəbdə imzaları kim toplayacaqsa, mənə şəxsidə və aşagada rəydə yazın zəhmət olmasa. Burda qorxmalı və çəkinməli heç nə yoxdur”.

Qrup üzvü narazı müəllimlərin görüşünün keçirildiyini də qeyd edib: “Hörmətli kolleqalar, bugünkü görüşümüz çox məhsuldar və effektiv oldu. Gələn hər bir şəxsə minnətdarlığımızı bildiririk. Qarşıda gələn günlər ərzində paylaşımda atacağımız addımlar haqqında məlumat verəcəyik. İlkin mərhələdə maaşlarınız köçənə kimi maliyyə regional bölmələrindən (buxqalteriyadan) və Kapital Bankın filiallarından son 5 ayın çıxarışını əldə edərək özünüzdə saxlayın. Bu bizə növbəti addımları atarkən lazım olacaq”.

Sosial şəbəkədə yazılan məlumatlarda o da qeyd edilir ki, büdcədə pul olmadığı səbəbilə maaşların kəsilməsi birbaşa nazirin tapşırığıdır.

Nazirlik gələn ay kəsilən vəsaitlərin maaşlarla birgə ödənəcəyini vəd edir

Mədəniyyət və Turizm Nazirliyindən isə bildiriblər ki, məsələnin nazirin tapşırığı ilə əlaqəsi yoxdur: “Azərbaycan mədəniyyətinin inkişafında, incəsənətin müxtəlif sahələri üzrə mütəxəssislərin yetişdirilməsində baza təhsili proqramlarının həyata keçirildiyi uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. İstedadlı uşaqların üzə çıxarılması və onlarla aparılan səmərəli peşə yönümlü işin nəticəsində həmin məktəblərin məzunlarının çox hissəsi müvafiq orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirir, peşəkar musiqiçi, rəssam, rəqqas kimi formalaşırlar.

Nazirlik maaşla yaranan problemi isə bu cür izah edib: “Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində təhsilin keyfiyyətinin yüksəldilməsi, tədris prosesinin optimallaşdırılması, dövlət büdcəsinin səmərəli istifadəsi məqsədilə bir sıra tədbirlər həyata keçirilib. Lakin bu tədbirlərə baxmayaraq dekabr ayında vəsait çatışmazlığından Bakı şəhərində yerləşən musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin əmək haqqının bir hissəsi ödənilməsində problem yaranıb”. Nazirlikdən o da qeyd edilib ki, müəllimlər fevral ayının ilk günlərində yanvar ayının maaşı ilə birlikdə dekabr ayından yaranan fərqi tam şəkildə alacaqlar.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »