Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əcnəbilər Marsda su tapır, bizi isə məmurlar susuzluqdan qırır” - FOTOLAR

Bir qəsəbə düşünün, bu qızmar yay günlərində nə içməyə suyu var, nə də getməyə yolu... Üstəlik, tullantıları atmağa yer olmadığından, ətraf da zir-zibil içində... Söhbət Bakının mərkəzindən cəmi 30 kilometr məsafədə yerləşən Şağan qəsəbəsindən gedir.

Şağanda təxminən 8 min nəfər adam yaşayır. Bu qəsəbənin küçələrində tez-tez su maşınlarına rast gəlmək olur. Çünki Şağan sakinləri suyu pulla alırlar - bir maşını 20 manata. İçməyə yaramayan, yalnız məişətdə istifadə olunan bu su dörd nəfərlik ailəyə cəmi bir həftə kifayət edir. İçməli suyu isə mağazalardan alırlar. Bu barədə Bizimyol.info-ya qəsəbə sakini Cəmilə Hüseynova bildirib...

C.Hüseynova deyir ki, nə qədər qənaətlə işlətsələr də, ayda təxminən 150 manat suya xərcləri çıxır.

Yaddan çıxan qəsəbə...

“İnkişaf eləmiş ölkədə əhalini su ilə imtahana çəkmək nə deməkdir? 2017-ci ildir, bütün dünyada kranı açanda həm isti, həm soyuq su gəlir. Bizim qəsəbədə isə ümumiyyətlə, su yoxdur. Əcnəbilər Marsda su tapır, öz məmurlarımız bizi susuzluqla qırır. İllərdir əzab-əziyyətlə qulluq edib böyütdüyümüz ağacların hamısı bu il susuzluqdan yandı. Çünki içməli, bir də məişətdə istifadə üçün zəruri olan suyu ancaq ala bilirik. Ağacları suvarmaq üçün su almağa imkanımız yoxdur. Ailəmizin aylıq 550 manat gəliri var, onun da 150 manatını suya veririk”, - 42 yaşlı Cəmilə Hüseynovanın sözləridir.

Su almağa imkanı çatmayan ailələr isə evlərindən kilometrlərlə uzaqda yerləşən bulaqdan vedrə-vedrə su daşımalı olurlar.

Qəsəbə sakini Tahir İbrahimov deyir ki, su ilə yanaşı, gedib-gəlməyə düz-əməlli yol, tillantıları atmağa zibil qabı da tapmırlar. Həqiqətən qəsəbədəki küçələrdə əlində zibil torbaları ilə hərəkət edən adamlar gözə dəyir.

“Bakının qulağının dibində yerləşən bu qəsəbə elə bil, ümumiyyətlə, məmurların yadından çıxıb. Adamları susuz qoyanların Yeziddən fərqi nədir? 8-10 min əhali yaşayan qəsəbədə zibilqabı olmazmı? Bircə qəsəbənin girişindəki əsas küçəyə yol çəkilib. Bir də bəzi məmurların villalarının qarşısı asvaltlanıb, vəssalam. Bəs biz adam deyilik?!”, - deyə Tahir İbrahimov gileylənir.

Pul lazımdır...

Şağan sakinlərini hiddətləndirən isə məmurların onların problemlərinə biganə yanaşmasıdır. Deyirlər ki, “Azərsu” ASC-yə, bu qurumun Xəzər rayon şöbəsinə dəfələrlə müraciət ediblər. Sakinlərin sözlərinə görə, su çəkilişi üçün onlardan pul istəyiblər. Hərəyə də bir qiymət deyiblər. Hətta bəzi sakinlərlə danışıqlarda 20 min manatdan söhbət gedib. Bunu da belə əsaslandırıblar ki, su çəkilişi bahalı işdir, böyük ölçülü boruların alınması, qəsəbədə xətlərin quraşdırılmasına böyük pullar lazımdır. Bununla belə, o da məlum olub ki, sənəd üzərində qəsəbədə su var, amma reallıqda yoxdur.

Şağanın zibilqabı, yol probleminin həlli üçün Xəzər Rayon İcra Hakimiyyətinə edilən müraciətlərin də nəticəsi yoxdur.

Məmurlardan ümidi üzülən Şağan sakinləri bugünlərdə imza toplayaraq, birinci vitse-prezident, millət vəkili Mehriban Əliyevaya məktub göndəriblər.

“Sizdən də xahiş edirik, səsimizi Mehriban xanıma çatdırın...”, - deyir 70 yaşlı Lətifə Ağayeva.

Son xəbərlər
Bütün xəbərlər »